Xamneyi ABŞ-ı hədəfə aldı

«ABŞ hökuməti azlığın tərəfindədir»

Iranın ali dini lideri ayətulla Əli Xamneyi ABŞ-ın onun ölkəsi ilə bağlı son ittihamlarını tənqid edib. Xamneyi bildirib ki, Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə qarşı sui-qəsd cəhdində Iranın da iştirakıyla bağlı son ittihamın özü Irana qarşı hazırlanmış plandır. Iranın qərbindəki Kermanşah vilayətinin Gilan-i-Gərb şəhərində böyük izdiham qarşısında çıxış edən Xamneyi ABŞ administrasiyasını “dünyanın ən hiddətli və nifrətli hökuməti” adlandırıb.“Amerikalılar bizə qarşı bu cür faydasız və nəticəsiz təxribatları tez-tez həyata keçirir. Onlar Iranı təcrid etmək istədiklərini deyir, ancaq özləri təcrid olunur. ABŞ hökuməti azlığın tərəfindədir. Siz ABŞ cəmiyyətinin cəmi bir faizini təşkil edən qruplarla birlikdəsiniz. 90 faizi təşkil edən böyük qruplar isə sizə qarşıdır. Düşmənin cəhdləri, fəaliyyəti və Iran xalqına qarşı mübarizəsi uzağa getməyəcək. Iran xalqının milli birliyini və Islam şəxsiyyətini qorumaqla bağlı müqaviməti bütün bu cəhdlərə qalib gələcək”, – deyə Iranın ali dini lideri söyləyib.