Bəlkə bu yazının da ardı həbsdə olacaq?!

zumrud-yagmur-yeniZümrüd Yağmur

yagmurzumrud@gmail.com

Meydan Tv-nin əməkdaşı Şirin Abbasova kim hökm oxuyub, nəhayət ki, bəlli oldu. Yasamal rayon məhkəməsinin hakimi Anar Rzayev görünür gözünün kölgəli, vicdanının ləkəli olmasından bixəbər olmadığından bu qərarın altındakı imzaya satdığı hakimlik qürurunun acısını nəhayət çəkib bitirdi. Və beləcə bəlli oldu ki, Şirin Abbasovu məhkum edən Yasamal rayon məhkəməsidir.

Açığını deyim, Şirin Abbasovu tanımırdım. Onun söz azadlığı ilə bağlı hazırladığı video-reportajı da həbsindən sonra izlədim. O üzdən iqtidara bir təşəkkür borcum var, bu istedadlı gənci bir çoxlarına tanıtdığına görə…

Vampirlər haqqında əfsanəyə görə, onlar gün işığına çıxmaz, zülmətdə rahatlarlar. Azərbaycan iqtidarının da zülmətə aşıqliyi təkçə əməlində qalmır, içləri, qəlbləri zülmətə tabe edilib… Bu üzdən də bu ölkədə harda ən kiçik, sızıntı bir işıq gördülərsə, onu məhv etməyə çalışırlar ki, zülmət tam olsun və bu ölkədə rahat və istədikləri kimi hərəkət edə bilsinlər.

Siz, ləyaqət, qürur və heysiyyat vampirləri, daha qatı zülmət yaratmaq üçün “işıqlı olan hər kəs həbsə məhkum edilməldir” devizi ilə aldığınız yolda hələ ki, arzu etdiyiniz kimi irəliləyirsiniz. Sizin vamripliyinizi bəsləyən biganə və laqeyd bir xalq var arxanızda çünki, 9 milyonu öz iştahınıza qurban kəsmisiniz, qurbanlıqlar da buna razı olmuş kimi görünür.

Amma Şirin kimilər iştahınızı küsdürür deyə onlara qarşı qəzəblisiniz.

Azərbaycan elə bir dönəmini yaşayır ki, indi ləyaqətli və qürurlu insanların sanki azad, firavan yaşamağa haqqı yoxdur. Onların yeri həbsxana və səfalət, sizlərin – ləyaqət vampirlərinin yerisə yüksək vəzifə və saraylardı. Olsun, qoy həbs etdikləriniz məhkumluq yaşasın. Amma onlar 3-5 il yaratdığınız bu böyük həbsxanadan daha kiçiyinə keçid edəcək, bu qədər…

Sizsə özünüzü çox güclü sanırsınız. Amma bu nə gücdür ki, həbs etdirdiyiniz insanların məhkəmələrdə belə dediyi sözlər o zəif iradənizi yerlə yeksan etməyə yetir. Nə gücdür ki, onların sizə meydan oxumasının, ironiya ilə aşağılamasının qarşısını ala bilmirsiniz. Demək ki, onların iradəsini, ləyaqət və mübarizə əzmini, hətta ən çətin vaxtda kinayə etmək qabiliyyətini həbs edə bilmirsiniz.

Etiraf edin cənablar, zəifsiniz və əsl məhkum sizsiniz.

Bu gün övladlarınız bahalı maşınlarda gəzir, ofisant bıçaqlayır, amma o harın övladlarınız yaşında olan gənclərlə savaşırsınız. Övladlarınız yaşında olanlara qarşı savaş açıb onların cibinə narkotik atmaqdırmı sizin gücünüz? Onların hazırladığı video, dediyi söz, yazdığı məqalə, status sizi qorxudur.

Sizin gücünüzün qaynağı başqadır cənablar! Bir insanın özünə daxilən hörməti olsa, bütün bunları edə bilməz. Sizin, cənablar, özünüzə sayğınız yoxdur. Gücünüz budur…

Vicdanlı insanın kiməsə pislik etməsi mümkün deyil. Sizsə pislikdə boğulursunuz. Demək ki, gücünüz vicdansızlığınızdadır.

Yalançı olmayan biri ən yüksək kürsüdə nədir, heç üç-beş adamın yanında belə yalan danışmağı özünə sığışdıra bilməz, şərləyə, böhtan deyə bilməz. Siz bunu edirsiniz, demək ki, şəxsiyyətiniz yalan və böhtanın dustağıdır. Gücünüz heç pulunuzda, iqtidarda, vəzifədə olmanızda da deyil. Gücünüz ləyaqətdən, həqiqətdən, şəxsiyyətdən və ən başlıcası insanlıqdan yoxsul olmağınızdadır. Bu qədər sadə və bəsit…

Şirinin video reportajında sonda “bu videonun ardı həbsdədir” sözləri əslində, bu ölkədəki despotizmin manifestidir. Və bu gün təkçə o videonun deyil, Seymurun, Xədicənin, İlkinin, Rəşadətin və onlarca insanın sözünün, yazısının, məqaləsinin ardı həbsdədir. Bəlkə bu yazının da ardı həbsdə olacaq?! Amma həbs etdirdiklərinizin birinin düşüncəsi, iradəsi həbsdə deyil.

Mahiyyətdə məhkum olanlar sizlərsiniz, özü də tək özünüz deyil, bundan sonra var olacaq nəsliniz, sülaləniz də məhkumdur. Tarixin lənət zindanına… Əbədi və dünya var olduqca da o zindandan, bu millətin ahından azad ola bilməyəcək. Bu gün harınlıq edən övladlarınız, onların övladları babalarının, nənələrinin bu günkü kimliyi ilə o lənət zindanının ədəbi dustaqları olacaq. O üzdən rahat olmayın bu qədər…

Zənn edirsiniz ki, övladlarınıza bank hesabları, pul, bahalı maşınlar qoyacaqsınız. Yox, həm də övladlarınıza bir utanc, xəcalət, kirli ad qoyub gedəcəksiniz…