Dəyanət Babayev aksiyaya qoşulub
2 aprel aksiyası zamanı həbs olunan AXCP üzvü Elnur Məcidlinin atası Arzuman Məcidli və Müsavat Partiyasının üzvü Rüfət Hacıbəylinin atası Ibrahim Hacıbəyli oktyabrın 14-dən Müsavat Partiyasının qərargahında aclıq aksiyasına başlayıblar.
Məlumat üçün deyək ki, Məhbus Ailələri Komitəsinin 18 üzvü var. Komitəyə 2 aprel mitinqində tutulanlarla yanaşı Ruslan Bəşirlinin, Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin, Vidadi Isgəndərlinin ailələri daxildir.
Artıq iki gündür ki, aclıq aksiyası davam edir. AXCP gənclər komitəsinin üzvü Dəyanət Babayev də aksiyaya qoşulub. Aksiya iştirakçılarına isə ictimaiyyətdən güclü dəstək gəlir. Bu barədə “Azadlıq”a məlumat verən Arzuman Məcidli deyir ki, AXCP və Müsavat partiyalarının gənclər təşkilatı ötən gün onlara baş çəkib: “Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Səidə Qocamanlı, Pənah Hüseyn, Aqil Səmədbəyli, vəkillər bizə baş çəkiblər. AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Asəf Quliyev bütün günü bizim yanımızdadırlar. Bir sözlə, cəmiyyətin bütün təbəqələrindən bizə mənəvi dəstək var”.
Arzuman Məcidlinin sözlərinə görə, aclıq aksiyasına qoşulmaq istəyən xeyli sayda insan var: “Sadəcə biz aksiyanı davamli etmək istəyirik. Vəziyyət ağırlaşdıqda növbə ilə aksiyaya qoşulacağıq. Tələblərimiz dəyişilməzdir. 2 aprel məhbuslarına azadlıq tələb edirik”.
Qeyd edək ki, aprelin 2-də müxalifətin Bakıda keçirdiyi aksiyaya görə biri şərti həbs cəzası almaqla 14 aksiyaçı azadlıqdan məhrumetməyə məhkum olunub. Ruslan Bəşirli 2005-ci ildən həbsdədir, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev 2011-ci ilin mayında, Vidadi Isgəndərli aprel ayında azadlıqdan məhrumetməyə məhkum edilib.
Ramin