Vergi və gömrükdə dəhşətli fırıldaqlar; təmir-tikintiyə fantastik xərcləmələr…
Qubad Ibadoğlu: «2003-2009-cu illərdə 16 ölkə üzrə 10,6 mlrd dollarlıq idxal dövriyyəsi qeydiyyata alınmayıb»
«Icra funksiyalarına malik nazirliklərin məqsədi büdcədən daha çox pay götürməklə o vəsaitləri mənimsəməkdir»
Parlament 2012-ci ilin dövlət büdcəsinin müzakirəsinə hələ başlamasa da, Maliyyə Nazirliyi bununla bağlı müəyyən açıqlamalar verib. Məlum olub ki, gələn ilin büdcəsinin əhəmiyyətli hissəsini investisiya xərcləri təşkil edəcək. Bəs bu xərclər nə dərəcədə məqsədəuyğundur? Bu və digər suallarla bağlı iqtisadçı-ekspert Qubad Ibadoğlunun mövqeyi ilə tanış olduq.
– 2012-ci il üçün dövlət büdcəsi təxminən 17 mlrd manat nəzərdə tutulub. Bunun 12 mlrd manatı, yəni 73,2% neft pulları təşkil edəcək. 9,9 mlrd manat isə birbaşa Neft Fondundan transfertlər təşkil edəcək. Büdcədə qeyri-neft sektorunun payının bu qədər az olması nə qədər normaldı?
– Təbii ki, bu gün büdcəyə təxminən 4 mlrd-a yaxın qeyri-neft vəsaiti cəlb edilir. Bu, Azərbaycanın indiki maliyyə potensialı ilə müqayisədə aşağı bir rəqəmi ifadə edir. Gerçəkdə Azərbaycan büdcəsində qeyri-neft sektorunun maliyyə potensialı daha yüksək olmalıdır. Bunu şərtləndirən amillərdən biri də elə ölkədə neft sektorunun inkişafı ilə bağlıdır. Çünki neft sektorunun inkişafı həm də özü ilə bərabər investisiya və eyni müəyyən effektlər yaradır. Əlavə olaraq, xidmət və ticarət sektoruna daha geniş fəaliyyət imkanlarına müsbət impulslar verir. Təəssüf ki, bizdə bu böyük problemə çevrildi. Əslində, qeyri-neft sektorundan daxilolmalar elə neft vəsaitlərinin xərclənməsindən daxil olan vergilərdir. Neft Fondundan investisiya büdcəsinə vəsait ayrılır və orda əmək haqları ödənilir. Əslində, qeyri-neft sektorunu ifadə edən o 4 mlrd-ın içində elə neft sektorundan ayrılmış vəsaitlərin xərclənməsi ilə bağlı vergilər də kifayət qədər çoxdur. Hətta neft sektoru olmasaydı, qeyri-neft sektorundan 4 mlrd-a yaxın daxilolmaları da təmin edə bilməzdik.
Qeyd etmək istəyirəm ki, digər ölkələrlə müqayisədə də Azərbaycanın qeyri-neft sektorunun imkanları çox aşağı görsənir. Belə bir tədqiqat aparmışdıq. Bu, əsasən, 2010-cu ilin yekunlarını əhatə edirdi.
Gürcüstan olmayan sərvətilə Azərbaycanı üstələyib
Vergilər Nazirliyinin və Gömrük Komitəsinin ikisinin birlikdə büdcə daxil omlalarında payı 50% təşkil etmir. Halbuki bu iki təşkilat əvvəllər büdcəni doldurmaqla məşğul idilər. Indi Neft Fondu dominant rol oynayır. 2011-ci ildə bu, daha da artıb. Bu da təəssüf doğurur. Ermənistan və Gürcüstanın büdcəsində neft yoxdu. Gürcüstanda bir nəfərə düşən büdcə gəliri 715 dollardı. Azərbaycanda isə qeyri-neft büdcə gəlirlərini adambaşına 555 dollar təşkil edir. Təbii ehtiyatları olmayan Gürcüstanda adambaşına düşən büdcə gəlirləri Azərbaycanda qeyri-neft büdcə gəlirlərindən adambaşına düşən paydan 160 dollar artıqdı. Bu, ürəkaçan rəqəm deyil. Qazaxıstanda adambaşına düşən qeyri-neft büdcə gəlirləri 1349 dollar təşkil edir. Azərbaycanla müqayisədə təxminən 800 dollar, 1,5 dəfə çoxdu. Ancaq bu, o demək deyil ki, Azərbaycanda vergilər aşağıdı ona görə, sadəcə qeyri-neft sektoru vergi ödəmələri etmir. Düzdü, kənd təsərrüfatında vergi güzəştləri var. Qeyri-neft sektoru kimi kənd təsərrüfatının büdcədə payı aşağıdır. Çünki yalnız torpaq vergisi ödəyirlər. Başqa vergidən azaddılar.
Amma digər sektorlarda, sənayedə, tikintidə, xidmət sektorunda belə imtiyazlar yoxdu.
Ölkənin 4 milyard pulu necə oğurlanıb?
– Gömrük və vergi daxilolmalarının payı 40%-di. Ölkəyə bu qədər mal idxal olunduğu halda, gömrükdən büdcəyə bu qədər az vəsaitin daxil olması nə ilə izah edilə bilər?
– Tədqiqatlar göstərir ki, 2003-2009-cu illərdə 16 ölkə üzrə 10,6 mlrd dollarlıq idxal dövriyyəsi qeydiyyata alınmayıb. Əslində, büdcəyə daxilolmalar əsasən idxal əməliyyatlarından nəzərdə tutulur. Çünki idxala həm rüsumlar, həm ƏDV tətbiq olunur. Bu o deməkdir ki, həmin dövr ərzində 4 mlrd manat, təxminən 5 mlrd dollar vəsait dövlət büdcəsindən kənarlaşdırılıb. Çünki 10,6 mlrd-ın təxminən 38%-i dövlət büdcəsinə gedəcək məbləğ idi. Gömrükdə problem odur ki, idxal əməliyyatlarını dövriyyədə tam şəkildə əks etdirmir. Idxal əməliyyatlarının qeydiyyatında problemlər var.
Əsas məqsədlərdən biri korrupsiyadır
– Investisiya xərclərinə büdcədən 5,7 mlrd manat ayırmaq nəzərdə tutulub. Əsasən abadlaşdırma işlərinə bu qədər vəsaitin ayrılmasına necə baxırsınız?
– Gələn il ölkədə “Avroviziya” keçiriləcək. Buna görə müəyyən xərcləmələr nəzərdə tutulub. Bu xərcləmələr həm sürətli, həm də səmərəsiz aparılır. Böyük vəsaitlərin hesabına təmin edilir. 6 mlrd bütövlükdə investisiya büdcəsini xarakterizə etməyəcək. Gələn il investisiya büdcəsinə ehtiyat fondlarından kifayət qədər vəsait cəlb olunacaq. Bütövlükdə götürəndə gələn ilin büdcəsinin yarısından çoxu investisiya xərcləmələrinə gedəcək.
Təbii ki, bunlar səmərəli və şəffaf olardısa, bununla bağlı dövlət maliyyə nəzarəti sistemi işləyərdisə, son nəticədə infrastrukturun yenilənməsi müsbət qiymətləndirilə bilər. Ancaq təəssüflər olsun ki, investisiya xərclərinin strukturu ilə tanışlıq göstərir ki, burda bir məqsəd əgər sosial və kommunal infrastrukturun yenilənməsidirsə, ondan irəli gələn, daha çox görsənən məqsəd isə investisiya büdcəsinə ayrılan vəsaitlərin böyük bir hissəsinin korrupsiya məqsədi ilə mənimsənilməsidir. Bizim üçün narahatedici bir hal var ki, şişirdilmiş layihələrə böyük məbləğlər ayrılır və onlar son nəticədə mənimsənilir. Çünki 2012-ci ilin dövlət büdcəsində elə Bakı şəhərinin abadlaşdırılması ilə bağlı layihələrə əlavə olaraq 100 mln manat vəsait proqnozlaşdırılır.
Texniki iqtisadi əsaslandırma layihəsi smeta sənədlərinin hazırlanması ehtiyatı üçün 91 mln manat ayrılıb. Xüsusi rejimli təşkilatlar var. Bilinmir ki, burda hansı təşkilatlar nəzərdə tutulur. Onlara ayrılmış 478 mln manat vəsaitin 468 mln manatı bütövlükdə əsas vəsait qoyuluşu xərcləri olacaq. Əslində 5,7 mlrd manat dövlət investisiya proqramı büdcədən layihələşdiriləcək.
Bundan əlavə, 1 mlrd 472 mln manat da xarici kreditlər üzrə proqnozlaşdırılıb. Amma ümumi dövlət investisiya xərcləri 7,2 mlrd manat təşkil edəcək. Nəzərə alsaq ki, digər mənbələr və ehtiyat fondları hesabına da investisiya xərcləmələri həyata keçiriləcək, bu o deməkdir ki, neft pullarının 10 mlrd-ı elə bu istiqamətə yönəldiləcək.
– Hökumətin istehsala vəsait ayırmaqda maraqlı olmaması nə ilə bağlıdır?
– Dövlətin istehsala vəsait qoymasında mən də razı deyiləm. Dövlət istehsala şərait yaratmalıdır, bunu biznes etməlidir. Biznesin hesabına müəyyən zavodlar, fabriklər qurulmalı və fəaliyyət göstərməlidir. Bu istiqamətdə biznesin fəaliyyəti stimullaşdırılmalıdır.
Təəssüflər olsun ki, bir tərəfdən dövlət özü bunu etmir, digər tərəfdən biznesin fəaliyyətini məhdudlaşdırır.
Nəqliyyat sektoruna korrupsiya mənbəyi kimi baxırlar
– Büdcədən nəqliyyata 2,4 mlrd manat, su təminatı və irriqasiya xərcləri üçün isə 1,8 mlrd manat ayrılması nəzərdə tutulub. Ümumilikdə nəqliyyata 2,7 mlrd manat xərclənəcəyi planlaşdırılır. Həmin sahələrə bu qədər vəsaitin ayrılması nə dərəcədə normaldır?
– Nəqliyyat sektoru da, irriqasiya sistemi də kifayət qədər böyük vəsait tələb edən sektorlardır. Amma bu vəsaitlər əgər bir il ərzində ayrılacaq və problemlər həmin dövr ərzində həll olunacaqsa, buna normal yanaşmaq olar. Ancaq təəssüflər olsun ki, bu sektorlar hər il böyük miqdarda büdcə vəsaitlərini yeyir. Amma bu sektora qoyulan vəsaitlərin səmərəliliyi hələ də artmayıb. Bakıda düzgün olmayan planlaşdırma sistemi son nəticədə nəqliyyat sektoruna qoyulan vəsaitlərin səmərəsini xeyli aşağı salır. Bu gün tikilən yolu bir neçə aydan sonra kommunal xətlərin yeniləşməsi adı ilə dağıdırlar. Su sisteminin bərpası adı ilə sökürlər. Belə hallar bütövlükdə götürəndə, ciddi narahatçılıq yaradır. Bayılda Dövlət Bayrağı Meydanına iki kilometrlik yola 65 mln manat vəsait ayrılması açıq-aşkar o deməkdir ki, nəqliyyat sektoruna korrupsiyanın miqyaslarını artırmaq üçün vasitə kimi baxırlar. Rəsmi yanaşma bundan ibarətdir. Çünki müqayisəli göstəricilərlə, yerli mütəxəssislərin rəyləri ilə də bunu sübut edə bilərik ki, burda böyük miqdarda vəsaitin mənimsənilməsi imkanları görsənir. Rəqəmlərə diqqət yetirsək, həm 2009, həm 2010-cu ildə, əvvəlki illərdə də məlumat var ki, çox böyük vəsaitlər yalnız dekabr ayında xərclənib. Bütövlükdə götürəndə 2007-ci ildə dövlət büdcə xərclərinin 20%-i, 2008-ci ildə 23%, 2009-cu ildə 25%, 2010-cu ildə 28,5% dekabr ayında icra olunub. Bu onu göstərir ki, getdikcə ilin sonuncu ayında vəsaitlərin xərclənməsi problemi var. Bu, ilin sonunda xərclənməyən vəsaitlərin silindiyini demək üçün kifayət qədər ciddi əsasdır. 2007-2010-cu illər ərzində ümumi vəsaitlərin 20%-dən 28,5%-ə qədəri yalnız dekabr ayında xərclənib. Bu o deməkdir ki, digər 11 ayda vəsaitlərin 70-80%-i xərclənib. Bu onu göstərir ki, ilin sonunda növbəti ilin büdcəsinə vəsaiti saxlamamaq üçün icraçı təşkilatlar sənədləşmə, pulların silinməsi yolu ilə investisiya büdcəsinin mənimsənilməsini həyata keçirirlər.
Büdcə ilə bağlı müsbət məqamları da demək lazımdır. Indiyə qədər Maliyyə Nazirliyi tərəfindən dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı büdcə müzakirəsindən əvvəl olmamışdı. Bu il ilk dəfə olaraq Maliyyə Nazirliyi öz saytında bu məlumatları yerləşdirib. Bu, çox vacib məsələdir.
Müşahidələrimə görə, büdcəyə münasibətdə iki xətt özünü göstərir. Biri daha çox icra funksiyalarına malik olan nazirliklərin apardığı xətdir. Bu xətt ondan ibarətdir ki, dövlət büdcəsindən daha çox pay götürməklə o vəsaitləri mənimsəsinlər. Ikinci xətt isə ondan ibarətdir ki, büdcə tərtibi ilə məşğul olan təşkilatlar bu posesdən o qədər razı deyillər. Məlumatların genişlənməsi və bu istiqamətdə müzakirələrin açılmasına tərəfdardılar. Düşünürəm ki, hökumətdə bu iki xətt arasında müəyyən fikir ayrılığı var. Statistika Komitəsi gerçək rəqəmlər açıqlamır
– Hökumət gələn il üçün 6 faiz inflyasiya proqnozlaşdırıb. Sizin proqnozlarınız nədən ibarətdir?
– 6 faiz əvvəlki dövrlərdəki inflyasiya proqnozları ilə müqayisədə yüksək göstəricidir. Bu onu göstərir ki, növbəti ildə ölkədə gerçək inflyasiya iki rəqəmli olacaq. Sadəcə olaraq, rəsmi proqnozların aşağı olmasını mən başa düşürəm. Çünki bu məsuliyyəti hökumət orqanları daşıyır. Həqiqətən də hökumət orqanları yüksək inflyasiya proqnozlaşdırmaqla vəziyyəti daha da pisləşdirə bilər. Ona görə ən azı aşağı inflyasiya proqnozları verməklə inflyasiya gözləntilərini azaltmağa çalışırlar. Amma təəsüflər olsun ki, Statistika Komitəsi yenə də ölkədə inflyasiyanın faktiki səviyyəsinin aşağı olması iddiasındadır. Bununla bağlı gerçəkliyə uyğun olmayan rəqəmləri açıqlayır. Bizim Iqtisadi Tədqiqatlar Mərkəzinin tədqiqatları göstərir ki, son bir ildə ümumi inflyasiya 15,42%, ərzaq inflyasiyası isə 25%-dən çox olub.
Bu da ciddi siqnaldı. Hökumət antiinflyasiya sahəsində işlər görməldidir. 2012-ci ildə böyük xərcləmələr nəzərdə tutulub. Bu xərcləmələrin özü də inflyasiya yaradan potensiallardan biridir.
Fizzə Heydərli



