Mərkəzi Bank yenə milyonlar itirdi

samir-eliyev-iqtisadciSamir Əliyev: «Neftin qiymətinin sabit olduğu halda kapital axının davam etməsi valyuta ehtiyatlarını azaldır»

Bu ilin sentyabr ayının yekununa görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 44,2 milyon dollar təşkil edib. AMB-ninÿyaydığı məlumata görə, bu, avqust ayının yekunu ilə müqayisədə 3,7% və yaxud 271,2 milyon dollar azdır. Son 1 ildə AMB-nin valyuta ehtiyatları 53,2%, ilin əvvəlindən bəri isə 48,8% azalıb.

Maraqlıdır ki, MB rəhbərliyinin bəyanatlarına baxmayaraq valyuta resurslarımız əriməkdə davam edir. Bir neçə gün əvvəl MB-nin sədr müavini Xəqani Abdullayev vurğulamışdı ki, manatın məzənnəsinin dəyişməsi üçün heç bir əsas yoxdur. Bundan başqa, MB sədri Elman Rüstəmov valyuta bazarında hazırda stabiliyin hökm sürdüyünü vurğulamışdı.

Amma bütün bəyanatlara rəğmən manatın məzənnəsinin saxlanılması ilə bağlı MB-nin itkiləri davam edir.

Iqtisadçı Samir Əliyev bildirdi ki, MB-nin ehtiyatlarında azalma davam etməkdədir. S.Əliyevin sözlərinə görə, əgər bazarda heç bir panika yoxdursa və hazırda proseslər səngiyibsə, MB-nin valyuta ehtiyatlarını itirməsi kapital axını ilə izah edilməlidir: “Bu gün milli valyutanın təhlükəsizliyi ilə bağlı faktorları sadalayarkən ilk növbədə neftin qiymətini vurğulayırdıqsa, ikinci məqam kimi hökmən kapital axını göstərilməlidir. Neftin qiymətinin sabit olduğu halda kapital axınının davam etməsi valyuta ehtiyatlarını azaldır. Mərkəzi Bank valyuta bazarını tənzimləyir. Bazarın təlabatlarına uyğun olaraq bazara dollar çıxarır. Deməli, valyutaya tələbat var ki Mərkəzi Bankın valyuta rezervləri əriyib. Azərbaycanda kapital axını problem olaraq qalır. Məncə, hökumət bu problemə ciddi diqqət ayırmalıdır. Əgər bunun qarşısı alınmazsa, valyuta ehtiyatlarının azalması bundan sonra da davam edəcək”.

Xəyal