Ramil Usubov MDB Daxili Işlər nazirləri Şurasının toplantısında iştirak etmək üçün Irəvana getdi. Iki gün davam edən toplantıda müzakirə olunan məsələlərə baxanda, adamı dəhşət bürüyür: “Nazirliklərin əməkdaşlığının prioritet istiqamətləri, cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti və MDB dövlətlərinin əməkdaşlıq Konsepsiyası, maddi sübut olan narkotik vasitələr, odlu silah-sursatlar barədə informasiya mübadiləsi haqqında Protokol layihələri…”.
Ermənistanla Azərbaycan arasında DIN səviyyəsində əməkdaşlığın prioritetləri nə deməkdir? Cinayətkarlığa qarşı mübarizədə Ermənistan və Azərbaycan dövlətlərinin DIN rəhbərləri hansı müştərək proqramlar icra edirlər ki, hələ bunun vəziyyətini də müzakirəyə çıxarırlar? Azərbaycanın DIN rəhbəri Ermənistanla Əməkdaşlıq Protokoluna necə imza ata bilər? Ramil Usubov “Dağlıq Qarabağ münaqişəsi Ermənistanın və Azərbaycanın polis orqanlarının əməkdaşlığı kontekstində” tipində qoyulmuş məsələni Irəvanda necə cavablandırmalıdır? Deməlidir ki, bizim torpaqlarımızı işğal eləmisiniz, lap əcəb eləmisiniz, indi də gəlin əməkdaşlıq edək?
Ermənistanın Daxili Işlər naziri Alik Sarkisyan Ramil Usubovla görüşü barədə deyir ki, “biz dünən görüşdük, ancaq siyasi məsələlər müzakirə edilmədi. Bizim struktur qeyri-siyasidir”. Yəni, Dağlıq Qarabağ məsələsi siyasi məsələdir, güc strukturlarının bu problemə qarışması doğru deyil. Ramil Usubov da buna anlayış göstərir, normal qarşılayır və belə olmalıymış kimi heç bir reaksiya vermir. Belədirmi? Dağlıq Qarabağın güc strukturlarına heçmi aidiyyəti yoxdur? Bu problemi yalnız Araz Əzimovla Elmar Məmmədyarovmu həll etməlidir?Əgər doğrudan da “siyasi” məsələdirsə, deməli, Ilham Əliyevin “Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etmək səlahiyyəti var” ritorikası şoudan başqa bir şey deyil! Ilham Əliyev neçə illərdir kimi və niyə aldadır?Siyasi riyakarlığın səviyyəsinə bax ki, ölkə daxilində Dağlıq Qarabağın işğaldan hərblə azad ediləcəyi mümkünlüyü barədə nağıl danışa-danışa ermənilərlə iqtisadi sahədə əməkdaşlıq cəhənnəmə, hüquq-mühafizə orqanları səviyyəsində Protokol imzalamağa, dövlətlərarası informasiya mübadiləsi aparmağa başlayıblar. Müharibə vəziyyətində olduğun bir ölkəylə nə deyib əməkdaşlıq edir və bunu görüntüləməkdən çəkinmirsiniz?Cinayətkarlığa qarşı müştərək mübarizədən söhbət gedirsə, onda Serj Sərkisyan barədə ölçü götürülməsi məsələsi gündəmə gəlməlidir – çünki erməni prezidenti dəfələrlə Dağlıq Qarabağdakı qətliamlarda rol aldığını fəxarətlə söyləyib; cinayətkarlar, narkotik qaçaqmalçıları haqda informasiya mübadiləsi aparılacaqsa, Azərbaycan ərazisi olan Dağlıq Qarabağda polisimizin heç bir əməliyyat keçirə bilməməsi, bu bölgənin narkoticarətə imkan yaratması müzakirə olunmalıdır. Deməli, Dağlıq Qarabağ heç bir halda siyasi mövzu deyil. Bu adi məntiqi anlamaq üçün Ramil Usubov və ya Ilham Əliyev olmamaq kifayətdir!Ramil Usubovun Irəvana səfəri və erməni həmkarı ilə cinayətkarlığa qarşı əməkdaşlıq məsələlərini müzakirəyə çıxarması bir daha təsdiqlədi ki, bu hakimiyyətin hədəfləri yoxdur, məramı-məqsədi də ayrı zaddır!Amma məni ən çox heyrətləndirən Ramil Usubovun bir insan, fərd olaraq düşüncəsi və öz general ləyaqətinə münasibətidir. Torpaqları işğal altında olan ölkənin generalı işğalçı ölkənin DIN rəhbəri ilə hansı dildə danışmalıdır?Əlbəttə, söhbət Generaldan gedirsə, anında bu suala “Silah” cavabı verilməlidir. Ancaq Usubovun Sərkisyanla rus dilində danışdığına qəti şübhə eləmirəm.
Ramil Usubov Xocalıda ən yaxın qohumlarını itirən bir Azərbaycan vətəndaşıdır. Onun qoca-uşaq, yaşlı-cavan demədən, böyük bir nəsli Xocalıda soyqırıma məruz qalıb. Usubov bir insan kimi bu faciədən sonra dövlət yox, şəxsi zəmində qan düşmənlərinin əlini hansı dəyərlə sıxıb, – bu maraqlıdır mənə. Az qala Ermənistan əhalisinin sayına bərabər böyük polis ordusuna rəhbərlik edən General Usubovun heçmi ağlına gəlmədi ki, Irəvanda Sərkisyanın əlini sıxmasını özü həzm etsə də, bunu yer-göy götürməz?
Yeri gəlmişkən, dünən Irəvanda zəlzələ oldu, torpaq silkələndi… Usubovun əməlini Yerin götürmədiyi bəlli. Görək, Göy nə deyir…


