Dünən Redaktorlar Birliyi ölkədə mətbuat yayımı problemlərinə həsr edilən dəyirmi masa təşkil etdi. Bu sahədə bir çox araşdırmalar apardığımdan, dəyərli Mehman Əliyev tədbirdə mənə də söz verdi. Azərbaycanda qəzetlərin yayımına görünən və görünməyən əngəllər o qədər çoxdur ki, nəşrlər buna görə böyük ziyanla üzləşir. Üstəlik, əhali qəzet ala bilmir. Yazılanlar yayılmırsa, tapılmırsa, söz azadlığı necə bərqərar olur bizim ölkədə?
Bölgələrdə əsl qəzet aclığıdır. Istəsən də qəzet ala bilmirsən. Gərək rayon mərkəzinə, əksər hallarda paytaxta gedəsən. Çünki rayon mərkəzlərindəki bir neçə köşkə çox az sayda qəzet gedib çıxır. Odur ki, mən öz çıxışıma “Azərbaycanda qrip və digər yoluxucu xəstəliklər qəzetdən daha əngəlsiz yayılır”“ devizi seçdim. Iki il öncə Almaniyanın federal səhiyyə qurumu federal hökumətdən tələb etmişdi ki, Azərbaycandan gələn Hepatit xəstələrinin sayının kritik olması ilə bağlı bizim hökumət və Ümumdünya Səhiyyə Təşkilatı qarşısında məsələ qaldırsın. Alman səhiyyəsi şoka düşmüşdü ki, indiki dövrdə həmin xəstəlik bu qədər geniş yayıla bilərmi. Amma əngəlsiz yayılır. Qəzet isə əngəlsiz yayılmır bu ölkədə. Azərbaycanın nadir kəndlərində köşk var. Mətbuatın yayılması elə Bakıda da dərdə çevrilib. Hakimiyyətimiz qəzetdən qorxur və onun yayılmasının qarşısına min əngəl çıxarır.
Normal yayım odur ki, qəzet insanların yolunun üstündə, evinin, işinin yaxınlığında olsun. Insan nəşri çətinliksiz alsın. Deməli, satış nöqtələri çox olmalıdır. Onu gedib uzaqdan tapıb ala bilmək hələ normal yayımın olduğunu göstərmir. Aşağıdakı diaqrama baxın, görün bizdə köşklərin sıxlığı necə aşağı vəziyyətdədir. Orada müxtəlif ölkələrdə 1 milyon əhaliyə düşən KIV məhsulları satış məntəqələrinin sayı göstərilib.
Yəni 1 milyon əhaliyə düşən KIV məhsulları satış məntəqələrinin sayı belədir: Azərbaycan- 90
Rusiya- 333
ABŞ – 588
Çexiya – 770
Britaniya – 800
Macarıstan – 1110
Almaniya -1175
Azərbaycan prezidenti isə KIV-ə Dəstək Fondu yaradıb onlara hərdən pul paylayır, jurnalistlərə ev tikir. Halbuki yayım əngəlləri olmasa, qəzetlərin tirajı azı 3-4 dəfə artar. Görün, bizim nə qədər pulları batırırlar və sonra bizə pul paylayırlar. Odur ki, redaktorlar və naşirlər bu sahədəki problemlərin həlli uğrunda mübarizəni artırmalıdırlar.
Bizim Elnurun 30 yaşı
Mənim və çevrəmin ad günü, yubiley, təbrik bəlağəti yoxdur. Düşdü, qeyd edirik. Düşmədi, gələn il qeyd edəcəyimizi fikirləşirik. Bu uzun illərdə hiss etmişəm ki, bizim dostlar üçün vacib bir şərt var: insanların gözünə dik baxa bilmək. Səni istəyənlər də olacaq, istəməyənlər də. Həm də sən bir şeyin uğrunda külüng çalırsansa, deməli, “sağ ol”“ deyənlərlə yanaşı, sənə nifrət edənlər, hətta paxıllıq edənlər də olacaq. Əlindəki külüngün də öz qiyməti var axı…
Əsas odur ki, kimin nə deməsindən asılı olmayaraq, özünü daxilən doğru hiss edə biləsən. Vicdanın rahatdırsa, hər şeyin var kimi bir şeydir. Doğrusu, belə adamlarla işləməyin öz ləzzəti var.
Bizim ad günləri qeyd etmək gələnəyi olmasa da, mən yazar dostumuz Elnur Astanbəylinin 30 yaşını qəzetdən təbrik etmək istədim. Yoxsa heç kim inanmır onun 30 yaşının olduğuna. Çox olduğunu düşünürlər. Bu da onun yazılarının yeganə yanlışlığıdır: müəllifi yaşlı göstərirlər.
Elnur bəy bizim sıralara yeni nəfəs gətirən bir adamdır. Və hər gün yeni nəfəslə yazır. Yorulmasın, yüz yaşasın, min yazsın… Qəzet yayımına aid diaqramlı yazıda təbrik almaq isə bir qismətdir.