Berluskoni 106 dəfə məhkəmə qarşısına çıxarılıb

Italiyanın baş naziri cəmi 15 səs fərqlə parlamentin etimadını qazana bildi

Italiya parlamentinin Aşağı Palatasında keçirilən etimad səsverməsində deputatlar baş nazir Silvio Berluskoni hökumətinə dəstək nümayiş etdiriblər. Baş nazir 15 səs fərqlə etimad qazanmağa nail olub. Parlamentarilərin 316-sı Berluskoni hökumətinin lehinə, 301-i isə əleyhinə səs verib.
Qeyd edək ki, oktyabrın 11-də parlamentin Aşağı Palatasında büdcə məsələsilə bağlı keçirilən səsvermədə hakim koalisiya səs çoxluğu qazana bilməmişdi. Baş nazirin dərhal istefasını tələb edən müxalifət isə etiraz əlaməti olaraq, zalı tərk etmişdi. Baş nazir isə deputatlara hökumətə etimad səsverməsi keçirməyi təklif etmişdi.
Silvio Berluskoni hökumətinin səlahiyyət müddəti 2013-cü ildə başa çatsa da, son 1 ildə tez-tez növbədənkənar seçkilərdən söhbət gedir. Silvio Berluskoni isə etimad səsverməsindən əvvəl bildirmişdi ki, səsvermə uğursuzluqla nəticələnsə, hakimiyyətdən gedəcək.
Xatırladaq ki, 2008-ci il seçkilərində qalib gələrək təkbaşına hökumət quran Silvio Berluskoninin rəhbərlik etdiyi hökumətin etimadı son 2 ildə 51 dəfə parlamentdə müzakirəyə çıxarılıb. Berluskoni siyasi karyerası ərzində üç seçkidə – 1994, 2001 və 2008-ci il seçkilərində qalib gəlib. Iki dəfə – 1996 və 2006-cı il seçkilərində məğlub olub. “Forbes” jurnalının məlumatına görə, Berluskoni ailəsinin ümumi varidatı 9 milyard dollar dəyərindədir. Daha çox məhkəmə olayları ilə gündəmə gələn baş nazir 20 il ərzində 106 dəfə hakim qarşısında dayanıb və 2500 məhkəmə çıxışı edib. Onun adı hallanan 4 məhkəmə prosesi isə hazırda davam edir.