Gömrükdəki korrupsiyanı bütün dünya bilir

Mirvari Qəhrəmanlı «WikiLeaks»in yazdıqlarını haqlı sayır

 

“WikiLeaks” saytının ölkəmizlə bağlı yaydığı informasiyalara görə, Azərbaycanda korrupsiyalaşmış qurumların siyahısında Dövlət Gömrük Komitəsi “liderdir”. ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu Vaşinqtona ünvanladığı 25 fevral 2010-cu il tarixli məktubunda bildirib ki, ölkəmizdə korrupsiya halları geniş yayılıb: “Korrupsiya və məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə halları bütün Azərbaycanı bürümüş ciddi problemlərdən biridir. Dəqiq söyləmək olar ki, ölkədə korrupsiyanın yüksək səviyyədə olması, siyasi iradə ortaya qoyulmaması, insan alveri qurbanlarının aşkarlanması və həmin şəxslərin hüquqlarının bərpası üçün müraciətlərə məhkəmələrdə ədalətli baxılmaması halları insan alverinə qarşı mübarizəyə ciddi maneələr törədir”.
“WikiLeaks”in ölkəmizlə bağlı açıqladığı növbəti maraqlı informasiya isə nəqliyyat layihələri zamanı külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə aiddir. Diplomat onu da əlavə edib ki, 2009-cu ildə paytaxtdan hava limanına gedən avtomobil yolunun yenidən qurulmasının hər kilometrinə 23 milyon dollar xərclənib. Ancaq Dünya Bankının vəsaitilə, paytaxtdan cənuba doğru çəkilən avtomobil yolunun dəyəri hər kilometrə 1.5 milyon dollara başa gəlib”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının fikrincə, Azərbacanda korrupsiyanın bütün dövlət strukturlarına sirayət etməsi artıq sirr deyil. Azərbaycanda korrupsiyanın artıq milli təhlükəsizliyə təhdid həddinə çatdığını bütün dünyanın bildiyini deyən M.Qəhrəmanlı vurğuladı ki, hakimiyyət yetkililəri elə düşünməsinlər ki, dünya birliyi bütün bu faktları bilmir: “Korrupsiyaya qarşı elan olunan mübarizənin strateji xarakterli olmaması və reallığa uyğun gəlməməsi bütün dünyaya bəllidir. Bəllidir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə yalnız bir görüntü xatirinə edildi. Eyni zamanda bütün dünya üçün o da sirr deyil ki, dövlət strukturlarından Gömrük Komitəsi ölkədəki korrupsiyanın səviyyəsinə görə liderdir. Gömrükdə həm ölkəyə daxil olan mallara, həm də ölkədən çıxarılan mallara görə küli miqdarda rüşvət alınır”.
Azərbaycanda nəqliyyat layihələri zamanı külli miqdarda dövlət vəsaitinin mənimsəməsinə gəlincə, M.Qəhrəmanlı bildirdi ki, rəhbərlik etdiyi təşkilat bu sahədə geniş monitorinq aparıb. Məhz onların üzə çıxardığı çatışmazlıqlara görə Dünya Bankının Bakı-Ələt-Astara yolunun çəkilişini bir müddət dayandırdığını deyən M.Qəhrəmanlı vurğuladı ki, Dünya Bankının ciddi nəzarətinə baxmayaraq, Azərbaycan tərəfi burada da mənimsəməyə yol verir: “Dünya Bankının maliyyəsilə tikilən yoldan fərqli olaraq, Bakıdan hava limanına gedən yolun qat-qat baha olması vəsaitin xərclənməsinə nəzarətin olmaması ilə bağlıdır. Bütün dünya üzrə bir kilometr yolun çəkilişinin neçəyə başa gəldiyi ilə bağlı vahid rəqəm var.

 

Xəyal