Vaşinqton tərəfdaş ölkələrin iranlı rəsmiləri qəbul etməməsini istəyir
Obama administrasiyası Iran tərəfindən Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə sui-qəsd planlaşdırılması iddiasının ortaya çıxmasından sonra rəsmi Tehrana qarşı diplomatik savaşa start verib. Vaşinqton dünya ölkələrinə müraciət ünvanlayaraq, iranlı liderlərin rəsmi səfər çərçivəsində qəbulunun dayandırılmasına çağırış edib.
ABŞ Dövlət Departamentinin siyasi işlər üzrə müşaviri Uendi Şerman bildirib ki, Vaşintqon Iranı diplomatın həyatına sui-qəsd planında ittiham edərək, olayda adı hallanan şəxs və qurumları beynəlxalq ictimaiyyətdən təcrid etmək və Tehran rejimi üzərindəki təzyiqi artırmaq üçün diplomatik addımlara başlayıb. Onun sözlərinə görə, Iran Inqilabı Mühafizə Korpusuna (SEPAH) bağlı “Qüds Gücü” qruplaşmasının başqa ölkələrdə geniş fəaliyyət göstərməsini əngəlləmək üçün də lazımı tədbirlər görüləcək.
Şerman bildirib ki, prezident Barak Obama, dövlət katibi Hillari Klinton, milli təhlükəsizlik məsələləri üzrə müşavir Tomas Donilon, dövlət katibinin müavini Uilyam Börns və departamentin bütün məsul şəxsləri ABŞ-ın tərəfdaşı olan ölkələrlə əlaqə saxlayaraq, Irana qarşı yeni və daha sərt sanksiyaların qəbulu, eləcə də Tehran rejiminə yönəlik təzyiqlərin artırılması üçün onlardan dəstək istəyib.
Bu arada, sui-qəsd planıyla bağlı məlumatlar ortaya çıxandan sonra ABŞ administrasiyasının Iran hökumətilə birbaşa təmas qurduğu xəbəri yayılıb. Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland xəbəri təsdiqləsə də, danışıqların detalları barədə açıqlama verməyib. Bəzi mənbələr danışıqların Iranın BMT-dəki nümayəndələrilə Nyu-Yorkda baş tutduğunu bildirir.
Xatırladaq ki, ABŞ-ın BMT-dəki səfiri Suzan Rays Təhlükəsizlik Şurasının 14 üzvünün nümayəndəsilə görüşüb. ABŞ ilə Iran arasında diplomatik əlaqə yoxdur və birbaşa təmasa nadir hallarda rast gəlinir. ABŞ Dövlət Departamenti həmçinin Moskvaya bir qrup göndərərək, məsələ barədə məlumat əldə etmək istəyən Rusiyanın xarici işlər naziri Sergey Lavrova lazımi informasiyaları verəcək.
Informasiya şöbəsi