Elnur Məcidli Məhəmməd Məcidlidən yazı yazdı

Əmim və oğlu

Cəbrayıllılar arasında bizim nəsli tanımayan demək olar ki yoxdu. İndiyə qədər tanış olduğum bütün cəbrayıllılardan haqq dünyasına köçmüş babamla, əmimlə, o cümlədən nəslimizin ağsaqqallarıyla bağlı xoş sözlər eşitmişəm sadəcə.
1956-cı ildə Mərcanlı kəndi Bərdədən Cəbrayıla köçürülsə də aradan keçən yarım əsrlik dövrdə dostluqlar, qohumluq əlaqələri unudulmayıb.
Mənim atam bu tarixdən əvvəl dünyaya gəldiyi üçün hələ də doğum haqqındakı şəhadətnaməsində Bərdə rayonu, Xanqaraqoyunlu kənd sovetinə bağlı Mərcanlı məhəlləsində (Bu gün həmin ərazidə Gülgəzli kəndi yerləşir.) anadan olduğu yazılır.
Etnik tərkibi türk mənşəli tayfaların yaşadığı Cəbrayıl rayonunun Böyük, Kiçik və Cocuq Mərcanlı kəndləri qohumlarımın yaşadığı, məskunlaşdığı ərazilər olub.
Atamla söhbətdə isə dəfələrlə mərcanlıların tərəkəmə olduğunu deyib.
Babamı isə nəinki Cəbrayılda, Bərdə daxil olmaqla bütün ətraf rayonlarda tanıyıblar.
Asan iş deyil, sovet ideologiyasının güclü təbliğatı getdiyi, məscidlərin bağlandığı, repressiyaların olduğu bir dövrdə babam yarı gizlin, yarı açıq dini dəyərlərin təbliğini aparıb, məscidlərin qapısını qıfıl vurulduğu dövrdə öz evində camaat namazı qıldırıb…
Bəzən düşünürəm ki, bizim nəslin öz mühafizəkarlığını hələ də qorumasında babamın böyük təsiri olub…
Buna qarşılıq əmim isə ali təhsilli, çağdaş təfəkkürlü kənd müəllimi, coşğulu natiq və xalq şairi olub…

Əmim

Babam Molla Muğdətin böyük oğlu, atamın tək qardaşı və mənim yeganə əmim olub Çərkəz Məcid. Mən əmim Çərkəz Məcidi balaca olarkən itirmişəm. Buna baxmayaraq coşğulu və ərkyana danışığı, nəcib siması heç bir zaman yadımdan çıxmayıb…
Keçən ilin parlament seçkiləri ərəfəsində Bərdədə olduğum zaman qohumlarımın bükülü qovluqlardan çıxarıb mənə göstərdikləri ağ-qara fotolara baxarkən ən çox əmimin şəklini görəndə duyğulanmışdım.
Azadlıq hərəkatının ilk itkilərindəndir əmim. Qarşı tərəfdən gələcək təhlükəni bilsə də, sözünü əymədən bir başa üzə deyən kişi olub əmim…
Sovet hakimiyyətinə qarşı 70-ci illərdən etibarən başlayan təşkilatlanma prosesinin fəallarından biri kimi Cəbrayılda xalq hərəkatının özəyini yaradan insan olub əmim. Onun nitqlərində, yazılarında, şeirlərində mübarizə ruhu həmişə hiss olunub.

Meydan əyryiə gen, düzə dardısa,
Qarğa könlü açıq, bülbül xardısa,
Başçılar millətə canavardısa
Axı bu dünyanın nəyi yaxşıdı?

Çərkəz, qoy gəzməsin üzdə nəzərin
Hikmətin mənası dərindir, dərin
Gədalar tutubsa ağsaqqal yerin
Axı bu dünyanın nəyi yaxşıdı?

Əmimin yoxluğunu isə daxili aləmimdə həmişə hiss etmişəm, bu gün də hiss edirəm…

Əmimin oğlu

Yeganə əmimdən 6 əmimoğlu, 2 əmimqızı yadigar qalıb. Hamısının xətri mənə əzizdir, lakin qeyd etməliyəm ki, Məhəmmədin yeri mənim üçün tam başqadır.
Bəli, keçən həftə vicdansızcasına digər siyasi məhbuslara olduğu kimi 2 il yarım iş kəsilən əmimoğlu Məhəmməd Məcidlinin…
Bəzən həddən artıq emosionallığı, dəlisovluğu, həddən artıq inadkarlığı olsa belə ona qarşı münasibətim əsla dəyişməyib. Azərbaycanın rayonları işğal olunduğu bir vaxtda bu günkü prezident İlham Əliyev Bakı-Moskva-İstanbul arası alverlə məşğul olanda, Məhəmməd səngərdə vətənin keşiyində dayanırdı.
Atəşkəs imzalandıqdan sonra isə doğma kəndindən, torpağından didərgin düşən ailəsinə maddi kömək üçün ticarətlə məşğul olub. Mənim 11-12 yaşlarım vardı, ona qoşulub 28 May metrosu həndəvərində qışın soyuq aylarında və yayın qızmar günəşi altında piştaxtamızı qurub alver etdiyimiz günlər hələ də xatirimdədi. Mən həyatımdakı ilk halal pulu onunla qazanmışam…
Qarabağ müharibəsi onun ali təhsil almasını gecikdirsə də bu arzusundan əl çəkməyib. Bir yerdə universitet imtahanına hazırlaşmışıq, onun oxumaq əzmi məni heyran edib.
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinə daxil olub, özündən 10 yaş kiçiklərlə oxumağı dərd etməyib, əksinə çalışqanlığıyla nümunə olub. Fakültəni bitirib, magistiratura təhsilini alıb, doktoranturaya başlayıb, hətta BDU-da dərs vermə imkanı da əldə edib.
Bir çoxu kimi o da başını aşağı salıb, BDU-da dərs deməyə davam edə bilərdi, ancaq o bunu etməyib, bacarmayıb. Əmim kimi o da sözünü dikinə deyib hər zaman. Kimsədən çəkinmədən, qorxmadan…
Keçən il parlament seçkilərində onun Cəbrayıldan namizəd olmaq istədiyini eşidəndə mən namizədlik üçün Bərdəni seçmişdim. Seçkilər ərəfəsində çox sıx-sıx görüşürdük, müzakirələr edirdik, keçmişi xatırlayırdıq, dərdləşirdik. Onun xasiyyətinin çətin olduğunu desələr də, mənim onunla söhbətim həmişə alınıb, xüsusi zarafatlarımız belə olub.
Bu gün əmimoğlu həbsdədi. O bu yola çıxanda yəqinki bu təhlükəni gözə almışdı, ona görə təəssüflənmirəm sadəcə fəxr edirəm onunla.
Bu gün bir əmimoğlu Kanadada, ikisi Moskvada, 2 əmim nəvəsi Türkiyədə, qardaşım da Cənubi Koreyada yaşamaq məcburiyyətindədi və indiki diktatura rejimində hamısının Azərbaycana qayıtması demək olar ki, imkansızdı. Buna baxmayaraq bu repressiyalar nə məni, nə də mənim nəslimin nümayəndələrini qorxutmur. Bizim nəsil ən başdan Rəsulzadə-Elçibəy yolunu dəstəkləyib, elə ona görə də Əliyev rejimiylə həmişə tərs düşmüşük.
Azərbaycanda olduğum dövrdə ölkədən çıxmağıma ciddi cəhdlə maneə törətsələr də, Fransaya qayıtmağa və burdakı fəaliyyətimi bərpa etməyə nail oldum. Əvəzində əmimoğlunu həbs etdilər…
Əgər hazırkı hakimiyyət, əmimoğlunun həbsiylə məni, qohumlarımı sındırmaq məqsədi güdürsə, qətiyyətlə deyirəm ki, yanılırlar! Əksinə bu cür həbslər, qurbanlar bizim mübarizə əzmimizi daha da artırır, bu mənfur və nanəcib rejimə qarşı nifrətimizi alovlandırır.
Məni susdurmaq üçün hər yola əl atsalar, əmimoğlunun həbsiylə mənə mesaj versələr, bunu siyasi şantaj məqsədiylə etsələr, əllərindən gələni min qaba çəksələr belə qulaqlarını açıb bir daha yaxşı-yaxşı eşitsinlər: Məni inandığım dəyərləri müdafiə etməkdən, zalımın yox, məzlumun, əzənin yox, əzilənin yanında olmaqdan döndərə bilməyəcəklər.
Məhəmməd inanclı və dindar bir insandır və onun üçün həbsxana qapalı dörd divar deyil, Mədrəsəi-Yusifdir.
Qürur duyuram ki, belə bir əmimoğlum var…

Elnur Məcidli, Paris