Ölümün orta yaş həddi

orxan-valehliOrxan Valehli

Montaigne deyirdi ki, “bir çiçəyə az su versən də ölər, çox su versən də”. Adam demək istəyib ki, “bu sözləri yazıram, gələcəkdə Azərbaycanda bir hakimiyyət yaranacaq və bu, onların əlaltılarına lazım olacaq “. İndi söhbətimi “pensiya” məsələsinin üstünə gətirirəm. Nə qədər humanist hökumətimiz var! İnsanın lap gözü dolur və istəyir ki, gedib ordakıları qucaqlasın. Fikir verin, görün bunlar necə jest ediblər. Ondan sonra, siz də onları qucaqlamaq istəyəcəksiniz.

Deməli, bunlar qərara gəliblər ki, pensiya yaşını artırsınlar. Bir çoxları 65 deyirlər, bəziləri də 70. Montaigne dediyi kimi, yaşlıları çox və ya azdan öldürmək istəmirlər. Ortaq məxrəcə gəlmək istəyirlər, amma nədənsə, gələ bilmirlər . Məncə, bu qədər təşvişə gərək yoxdur. Bugünkü reallıq onu göstərir ki, insanlar nəinki yetmiş yaşlarına, heç altmış üç yaşlarına da gəlib çata bilmirlər. Mən biləni, elə indiki yaş həddi də altmış üçdür. Əgər ölkə əhalisinin 70 faizinin bu həyatı sürünə-sürünə yaşadığını nəzərə alsaq, onlar üçün 63 elə ölümün orta yaş həddi sayılır. Qısacası, siz bu pensiya məsələsi ilə çox da başınızı ağrıtmayın. Ən yaxşısı, birdəfəlik ləğv edin getsin. Yox, “biz ölülərə də pensiya ayıracağıq” deyirsinizsə, o başqa…

Bu absurd düşüncələri ilə rekord qıranları məsxərəyə qoysaq, gərək gündüzlər dincəlməyək, gecələri də yatmayaq. Ona görə də, əsas məsələyə gəlsək yaxşıdır. Mən düşünmürəm ki, bu təkliflər sadə deputatlar tərəfindən irəli sürülür. Bu narahatlıq  birbaşa və şəxsən, prezidentin narahatlığıdır. Dövlət büdcəsində vəziyyət o qədər dəhşətlidir ki, indi də bu yola əl atıblar. Hər kəsə məlumdur ki, dövlət büdcəsi qədər  (bəlkə də ondan çox) xarici borcumuz var. Amma düşünürlərsə ki, bu borcları o absurd addımlarla təmizləyə biləcəklər, çox yanılırlar.

Əslində isə bu,  vətəndaşı korrupsiyaya sürükləyən bir addımdır. Necə? İş qüvvəsini itirən biri nə etməlidir? Təbii ki, nə yolla olur-olsun, xəstəliklə  pensiyaya  çıxmalıdır. Söhbət saxtakarlıqdan getmir, söhbət, doğurdan da, xəstə olan vətəndaşlardan gedir. Bu yaxınlarda şahidi oldum, əli-ayağı tutmayan birinə “Sənə pensiya düşmür” dedilər. Yəni ki, əl əli yuyar, əl də üzü. O yazıq kişinin əli olmadığı üçün, üzü kirli qalası oldu… İndi, sizə səslənirəm, ay ayda 3000-4000 manat maaş alanlar, çəkin o çirkli əlinizi bu xalqın üzərindən. Allahdan qorxun.