Təhsil nazirliyinin adı…

Az qabaq qəzetlər oddayanmaz-sudabatmaz Təhsil naziri Misir Mərdanovun başqasıyla dəyişdiriləcəyindən yazırdı. Indi qəzetlər təhsil nazirliyinin adının dəyişdiriləcəyindən yazır. Birinci inandırıcı deyildi, ikinci inandırıcıdır. Niyə? Niyəsi belədir: M.Mərdanovu tələbəlik illərindən tanıyanların dediyinə görə, bu adamın elm-təhsil deyilən nəsnədən başqa, bacarmadığı nəsə yoxdur. I.Əliyevə də beləsi gərək deyilmi? Bir belə bacarıq yiyəsini niyə başqasıyla dəyişsin? Bu bacarığın arxasında ölkəmizdəki bütün məktəblərin bütünlüklə rüşvətə bürünməsi faktı durur.

Ölkəmizdəki bütün məktəblərin bütünlüklə rüşvətə bürünməsi faktı hamıdan çox, hamıdan detallı Ilham Əliyevə bəllidir. Görün o, məktəbləri bütünlüklə bürümüş rüşvət faktından bircə yol söz açıbmı? Yeyinti-mənimsəmə faktları ilə dolu məktəb tikintisindən, məktəb təmirindən elə hey danışır. Ancaq məktəblərin bütünlüklə rüşvətə bürünməsi faktına göz yumur. Niyəsi aydındır: məktəblər ölkə boyu çaylardır, Prezident Administrasiyası Xəzər dənizi. Ölkəmizdəki irili-xırdalı bütün çaylar coğrafi Xəzər dənizinə axdığı kimi, məktəblərdə yığılan milyonlarla pullar da administrativ “Xəzər dənizinə” axır. Bu, kod adı “Məktəb” olan böyük bir qurğudur. Bu qurğunun bir başı xalqı yenmək, o biri başı hakimiyyət başında duranları varlandırmaq funksiyasını yerinə yetirir. Buna görə də indiki rejimdə Təhsil nazirliyindən xaraktercə dəyişiklik gözləməyə dəyməz!

Ikinci, inandırıcıdır. Ata-oğul Əliyevlər o başdan bu başa xalqı aldada-aldada gəliblər. Baxın: xalqın ağlını azdırıb büdcə pullarını asanlıqla mənimsəmək üçün hər yerə “yaraşıqlı” divarlar, divarlara parıltılı üzlüklər çəkilir. Eləcə də hər yerdə binaların dünən yapışdırılan üzlükləri sökülür, parıltılı üzlüklər çəkilir. Bugünlərdə bağımsızlıq adına konsetlər verilir. Əlaltı TV-lərdən biri o konsetlərin birini də Tərtərdən sərgilədi. Aparıcı rayonun son illərdəki “görünməmiş sosial-iqtisadi inkişafı” ilə bağlı faktlar göstərdi: “Heydər Əliyev prospektində üç yüz metrlik divar, divara aqlay daşından üzlük çəkilib; Heydər Əliyevin postamenti sökülüb, yenidən tikilib, ona bahalı mərmərdən üzlük çəkilib; Heydər Əliyev adına Icra Hakimiyyətinin binasına mərmər üzlük çəkilib”. Inanmazsız, aparıcı rayonun “sosial-iqtisadi inkişafı” adına yalnız bunları dedi. Bunlarsa sosial-iqtisadi görsənişlər deyil, Əliyevlər Azərbaycanını bütünlüklə bürümüş, bütünlüklə başına götürmüş korrupsiya, yeyinti-mənimsəmə görsənişləridir. Başqa bir yandan bunlar yoxsul xalqı alçaltma, bu xalqa açıq söyüş görsənişləridir.

Bütün antixalq siyasətləri içində Tərtər rayonunun adını dəyiş, gerçəyə uyğun, Tatar rayonu qoy. Nə olsun? Nə dəyişəcək? Naxçıvanda Babək rayonu var. Bu rayonda hüquqları uğrunda başını qaldıran kimsələrə min il qabaq ərəblərin babəkçilərə divan tutduğu kimi divan tuturlar! 2 Aprel dustaqlarından tutmuş, Ruslan Bəşirliyədək bugünlərin bəlli məhkəmə prosesləri, eləcə də Zülfüqarlı qardaşları başda olmaqla iş adamları ilə bağlı yürüdülən SIYASƏT, bu sayaq çoxlu sayda faktlar açıq-aydın göstərir: əliyevçi rejim bu ölkədə xalqa yalnız KÖLƏLIK – DINMƏVER hüququ verir. Bu rejimin təhsil siyasəti də belədir: uşağının adı məktəbə düşdüyünə görə mənə pul ver – məndən elm-bilik istəmə!

Bir həftə qabaq “Elm-Təhsil nazirliyi” adını düzgün saymayan BDU rektoru A.M. indi bunu düzgün sayır (başa salıblar): “Elm sahəsinin inkişafı üçün ölkədə Elm və Təhsil nazirliyi olmalıdır. Bununla da, ali təhsil müəssisələrindəki müəllimlər ilk növbədə fikirləşməlidirlər ki, onlar yalnız təhsillə yox, həm də elmlə məşğuldurlar”. Çoban da belə düşünməz! bunlar düşünürlər: ad dəyişincə, xarakter də dəyişəcək – bunlar dəyişib elm-təhsil müəllimi, rektoru, naziri, prezidenti olacaqlar! Əski divar, parıltılı mərmər…