Mehman Əliyev… pardon, Ramil Usubov Ermənistana gedir

Azərbaycanda ikrah doğuran bir zümrə var. Bu zümrənin də qeyri-adi bir xüsusiyyəti. Məsələn, heç bir inzibati gücü, “Şöhrət” ordeni, fəxri adı olmayan istənilən insanı hər hansı addımına görə didib-parçalaya bilərlər, ən əxlaqsız formada aşağılamağa çalışarlar, ona dişinin dibindən çıxanı deyərlər, yaş yuyub quru sərərlər. Amma eyni addımı hansısa vəzifəli, imtiyazlı, səlahiyyətli şəxs atanda dillərini qatlayıb qoyarlar yumşaq yerlərinə, öldürsən də, “çırt” səsləri çıxmaz.

Biz belə nümunələri dəfələrlə görmüşük. Məsələn, bir ara xeyli vətənşivən peyda olmuşdu, onlar Ermənistana səfər etdiyinə görə istedadlı yazarımız Seymur Baycanı şaqqalamağa hazır idilər. O telekanal sənin, bu telekanal mənim, o qəzet sənin, bu qəzet mənim, qapı-qapı düşüb Seymurun qabırğasına döşəyirdilər, onu “vətən xaini”, “millət düşməni” çıxarırdılar, əlacları olsa, dostumuzu tikə-tikə doğrayıb hər tikəsini Bakının bir yerindən asardılar.Aradan bir az keçdi. Bu dəfə bir dəstə hakimiyyət muzdlusu, ziyalı donu geyinmiş bir dəstə rejim qulbeçəsi elə Əliyevçi hakimiyyətin öz icazəsi ilə Ermənistana səfərə getdi. Reaksiya? Sıfır. Vətənşivənlərin gölünə sanki daş atdın. Heç birindən səs çıxmadı. Hələ bu da azmış kimi, qalxıb onların əl-üzlərini yuyanlar tapıldı.

Biz belə riyakarları, saxtakarları, ikiüzlüləri yaxşı tanıyırıq. Onlar həm ölkədə siyasi monarxiyanın bərqərar olmasına etiraz edərlər, həm də 20 ildir eyni vəzifədən yapışıb qalan Anar Rzayevin cangüdəninə çevrilərlər.

Onlar həm bu siyasi sistemə qarşı müxalifətdə olduqlarını bas-bas bağırarlar, həm də bu siyasi sistemin ənənəvi təbliğat anlayışlarının – mili-mənəvi dəyərlərin, muğamın, sazın, yumurta döyüşdürməyin, səməni cücərtməyin əsirinə dönüşərlər.

Onlar həm hakimiyyətin atadan oğula ötürülməsinə etiraz edərlər, həm də atasından fərqli düşünən, davranan oğulu əxlaqsız, tərbiyəsiz, nankor çıxararlar.Bax, biz belə bir ikiüzlülüyün, riyakarlığın hökm sürdüyü bir ölkədə yaşayırıq. Həm ölkədə yeniləşmənin, dəyişikliyin tərəfdarı olduğunu deyən, həm də Azərbaycanda qoşmadan başqa şeir, muğamdan başqa musiqi olmasını istəməyən bir zümrənin əlində əsir-yesir qalmışıq.

Bu zümrə ilə Azərbaycan arzuladığımız bir ölkəyə çevrilə bilməz. Bu zümrə ilə Azərbaycanda müdafiə etdiyimiz modern, çağdaş dəyərlərin qələbəsi mümkünsüzdür. Bu zümrə ilə Azərbaycanda yeniləşmə, dəyişiklik xam-xəyaldır.

Məsələn, dünən xəbər gəldi ki, ölkənin daxili işlər naziri, daha dəqiq desək, dubinka şefi Ramil Usubov Ermənistana gedib. Niyə gedib, necə gedib, vecimə də deyil. Sadəcə, Seymur Baycan kimilərini titulsuz, imtiyazsız, səlahiyyətsiz görüb onları didib-parçalamağa hazır olanlara üz tuturam. Qoy indi onlar – ənənəvi vətənpərvərlər, urapatriotlar Seymurun üzərinə şığıdıqları kimi Ramil Usubovun da üstünə cumsunlar. Azacıq hünərləri, cəsarətləri varsa, Seymurdan tələb etdiklərini Ramil Usubovdan tələb etsinlər.

Eyni zamanda, fürsətdən istifadə edib, günlərdir “ermənipərəst” deyə Azərbaycanın ən ləyaqətli insanlarından biri Mehman Əliyevin boğazına çökən hansısa rəsmi divar qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova səslənirəm: haydı, göstər cəsarətini! Göstər gerçək vətənsevərliyini! Azacıq səmimiyyətin, azacıq hünərin çatırsa, Mehman Əliyevə dediklərinin mində birini də indi Ramil Usubova de!

Deyə bildinsə, taa sənə sözüm yoxdu. Bu günədək haqqında nə yazdımsa, geri götürməyə hazıram. Tüpürdüyümü yalamağa hazıram. Üzr istəməyə, əfv diləməyə hazıram.

Deyə bilmədinsə, bunun bütün ayıbı, bütün arsızlığı, bütün rəzilliyi, bütün çirkinliyi sənin və sənin kimi situasiyaya uyğunlaşan, vətənpərvərliyi bir qazanc mənbəyi kimi görən, millət və dövlət məsələlərində rəngdən rəngə düşən, cilddən cildə girən saxta vətənpərvərlərin, qondarma millətsevərlərin üzərindədir, biləsən!