Qətnamələri «kağız parçası» adlandırıb, qətnamə yazanlara elçi düşmək siyasəti
Xeyli müddətdi Azərbaycan hakimiyyəti bütün resurslar ilə antiAvropa kampaniyası aparır və daxili auditoriyaya “biz heç kimdən qorxmuruq” mesajını verir. Xüsusilə də Avropa Parlamentinin məlum qətnaməsi, ATƏT-in seçki müşahidəçiliyindən imtinasından sonra hakimiyyət Avropaya qarşı bütün ağlagəlməz ittihamları səsləndirməyə başladı.
Ölkə başçısı Ilham Əliyev əvvəlcə Almaniya Bundestaqının, ardınca isə Avropa Parlamentinin qətnaməsini “kağız parçası” adlandırdı. Yəni qətnaməni “kağız parçası” adlandırmaqla, heç bir ciddi təzyiqin olmadığını, baş verənlərin ölkə siyasətini dəyişməyəcəyini və hakimiyyətin bundan qətiyyən narahat olmadığını göstərmək istədi. Amma atılan addımlar, aparılan təbliğatla ziddiyyət təşkil edir. Əgər bu qətnamə sizin üçün həqiqətən də “kağız parçası”dırsa, o zaman bu şüvənlik nəyə lazımdı? Yaxud niyə Avropanı qarış-qarış gəzib qətnamə əleyhdarları axtarırsız?
Digər tərəfdən, ötən gün ölkə başçısı Avropa Ittifaqının nümayəndələrini qəbul edib, ikitərəfli münasibətlərin vacibliyindən danışır, Səməd Seyidovun AŞ PA Monitorinq Komitəsinin sədr müavini seçilməsi uğur kimi təqdim edilir, heç kimin tanımadığı avropalı deputatın hakimiyyət haqqındakı xoş sözləri gecə-gündüz efirdə yayımlanır və s.
Əgər Avropada faşizm hökm sürürsə, bizim Avropadan asılılığımz yoxdursa, qətnamələr kağız parçasıdırsa, bu canfəşanlıq nəyə lazımdır?
Bir tərəfdən Avropanı söyüb, o biri tərəfdən AŞ PA-da vəzifə almağa görə sevinmək siyasi riyakarlığın zirvəsi deyilmi?
Göründüyü kimi, Azərbaycan hakimiyyəti hər gün dxili auditoriyanı çaşdırmaqla məşğuldu. Reallıqda isə Avropa strukturlarında təmsil olunmağa, münasibətləri düzəltməyə can atırlar. Ona görə ki, Azərbaycanın ixracatının 70-80 faizi Avropa Ittifaqı ölkələrinin payına düşür. Avtomobildən tutmuş, məişət texnikasına qədər bütün ehtiyaclar Avropa istehsalının hesabına təmin olunur. Milyardlarla vəsaiti borc şəklində Avropa banklarından götürürlər və şəxsi istirahətləri, müalicələri, övladlarının təhsili, iri biznesləri də Avropadadı. Yəni Avropanın Azərbaycandan yox, Azərbaycanın Avropadan asılılığı var.
Beynəlxalq qətnamələri doğrudan da kağız parçası hesab etsəydilər, bu qədər əl-ayağa düşməzdilər.
Yaxşı olar ki, hakimiyyət məsələnin əslini etiraf etsin. Etiraf etsinlər ki, Avropadan qorxurlar, antiAvropa kampaniyası Azərbaycanın maraqlarına ziddir və aparılan siyasət şəxsi maraqların təmin olunması üçündür. Onsuz da müşahidə edilənlər, etirafın səssiz formasıdır.
Bir sözlə, hakimiyyət beynəlxalq qətnamələri daxilə “kağız parçası” kimi təqdim etsə də, əslində bu “kağız parçası”nın gəldiyi məkanlara hər gün elçi düşməklə məşğuldu.
Samir


