Erməniyə sığınacaq vermək anti-insani siyasəti sığortalaya bilməz
YAP hakimiyyəti 22 il ərzində imitasiya ilə məşğul olub, süni görüntülər yaratmaqla özünə imic düzəltməyə çalışıb. Amma həmişə hakimiyətin əsl məqsədi, saxtakarlığı, ziddiyyətli addımları ifşa olunub. Indi də erməni müxalifətçinin Azərbaycana qaçmasını, onun ölkəmizdə yüksək səviyyədə qarşılanmasını təbliğ edirlər və bununla dünyada müsbət imic qazanacaqlarını düşünürlər. Bundan öncə isə erməni əsgəri Azərbaycan tərəfə keçmişdi və məlum olmuşdu ki, Qriqoryan təbii meyvə şirəsindən tutmuş, rəsm çəkmək üçün sulu boyaya qədər bütün ehtiyaclarını təmin edib.
Təbii ki, müharibə şəraitində düşmən ölkənin əsiri ilə insan kimi davranmaq, Azərbaycana üz tutmuş erməni siyasətçisinə qucaq açmaq ölkəmizin imicinə müsbət təsir edə bilərdi. Dünyaya nümayiş etdirərdik ki, Azərbaycan sivil, tolerant, hətta düşmənə də rəhm etməyi, qucaq açmağı bacaran bir ölkədir. Amma indiki şəraitdə “hamam suyu ilə dost tutmaq” mümkün deyil. Yəni hökumətin siyasəti bir insanı qətlə yetirib, sonra başını sığallamağa bənzəyir.
Bütün dünya agahdır ki, hakimiyyət Qarabağ qazilərini intihar həddinə çatdırıb, 13500 şəhid ailəsinin sığorta pulunu vermir, vətən uğrunda sağlamlığını itirənlərə dilənçi təqaüdü verilir və s. Eyni zamanda bu ölkənin tanınmış ictimai-siyasi xadimləri, vicdanlı ziyalılarına “ermənipərəst” damğası vurulur, ləyaqətli insanlar şərlənərək həbs olunur.
100 milyardlarla vəsaiti mənimsəyib, ölkə vətəndaşını dilənçi vəziyyətinə salan, yüksək faizli kreditlər verməklə vətəndaşı müflisləşdirən hakimiyyət necə insanpərvər ola bilər? Azərbaycan müsəlman ölkəsi olsa da, inanclı insanların şərlənərək həbs olunduğu ölkədir. Korrupsiyanın, monopoliyanın, hüquqsuzluğun meydan suladığı ölkədə, hansısa erməniyə qucaq açmaq imic düzəltməyə yetərli deyil.
Əksinə, bütün dünya hakimiyyətin bu addımlarına boğulanın saman çöpündən yapışması kimi baxır. Demokratiya və insan haqlarından imtina edib, özünü tolerant, sivil, insanpərvər göstərə bilməzsən.
Bir sözlə, ölkə vətəndaşı Avropa ölkələrinə mühacirət edirsə, milyonlarla vətəndaş dolanışıq üçün qonşu ölkələrə pənah aparırsa, 2.5 milyon vətəndaş borc içindədirsə, erməni əsirə şirə yedizdirmək, sığınacaq verməklə maskalanmaq mümkün deyil.
Öncə öz vətəndaşına sığınacaq verməli, hörmət qoymalısan ki, dünya üzünə çıxa bilərsən. Vətəndaşla düşmən kimi rəftar edib, düşmənə dost əli uzatmaq riyakarlıqdan başqa bir şey deyil.
S.Novruz