Fuad Qəhrəmanlı: «Azərbaycan bu aqressiyanı davam etdirəcəksə, növbəti mərhələdə bunun cavabı ünvanlı sanksiyaların gündəmə gəlməsi ola bilər»
Dövlət başçısı Ilham Əliyev sentyabrın 30-da Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Herbert Salber ölkəmizə səfərinin Avropa Birliyinin Azərbaycan arasındakı əlaqələrin hazırkı mərhələsində bəzi məsələlərin və eləcə də regiondakı münaqişənin müzakirəsi üçün yaxşı imkan yaradacağını deyib. Azərbaycan-Avropa Birliyi əlaqələrinə toxunan I.Əliyev təşkilatın bəzi dairələrini ölkəmizlə bağlı qərəzli mövqe sərgiləməkdə suçlayıb. Görüşdə Azərbaycan ilə təşkilat arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Amma bu görüş AB ilə Azərbaycan arasında münasibətlərin kifayət qədər gərgin dönəminə təsadüf edir. Avropa Parlamentinin Azərbaycanla bağlı sərt qətnaməsi, Əliyevlərin Avropadakı biznesinin araşdırılmalı olduğu ilə bağlı məqam rəsmi Bakının sərt reaksiyasına səbəb olmuşdu. Əliyev məsələyə münasibət bildirərkən AP-nın sənədini “kağız parçası” adlandırmışdı. Amma hakimiyyət təmsilçilərinin bəyanatları cərəyan edən olaylardan iqtidarın ciddi narahatçılıq keçirdiyini ortaya qoyur. Məhz belə bir ərəfədə AB təmsilçisinin I.Əliyevlə görüşü maraq doğurur. AB təmsilçisinin müzakirə etdiyi pərdəarxası məqamlar nə ola bilər? Səfər zamanı I.Əliyevə AB-ın hansı mesajları çatdırıla bilər?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, səfər daha çox münasibətlərin aydınlaşdırılması məqsədi güdür. Münasibətlərin yetərincə gərgin olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, tərəflər bir-birinə münasibətlərini aydın ifadə ediblər: “Avropa Birliyinin Azərbaycanla bağlı münasibətində önəm verdiyi prinsiplər artıq aydındır. Insan hüquqlarının, demokratiyanın təmin olunması, vətəndaş cəmiyyətinə qarşı basqıların aradan qaldırılması ilə bağlı Avropa strukturları öz mövqelərini aydın şəkildə ifadə edib. Bu kriteriyaların təmin edilməsi Azərbaycanla münasibətlərdə prinsipial önəm daşıyır. Azərbaycan da öz tərəfindən Avropa Birliyinin diqqət yetirdiyi demokratik normaları qəbul etmək istəmədiyini göstərib. Hətta buna görə Azərbaycan tərəfi rəsmi səviyyədə antiAvropa ritorikasından istifadə etməklə öz aqressiv münasibətini daha açıq nümayiş etdirir. Hətta bir qədər irəli də gedərək xarici siyasət orientasiyasını dəyişməklə Avropa qurumları açıq şantaj olunur. Belə bir vəziyyət uzun müddətdir davam edir və Avropa Parlamentinin son qətnaməsindən sonra münasibətlərdəki gərkinlik kulminasiya nöqtəsinə çatıb. Belə vəziyyətdə nəinki Avrointeqrasiyadan danışmaq mümkün deyil, hətta ikitərəfli əməkdaşlıq imkanları belə getdikcə tükənir. Azərbaycan Avropa Birliyinin təklif etdiyi Assosiasiya Sazişini imzalamaqdan imtina edir. Avropa Birliyi isə öz növbəsində hakimiyyətin vətəndaş cəmiyyətinə basqılarına görə Azərbaycan tərəfinin təklif etdiyi ”Starteji əməkdaşlıq və modernləşmə” sazişinin müzakirəsini dayandırıb. Ona görə də hazırda bundan sonrakı münasibətlərin necə olacağını qiymətləndirmək lazımdır. Bu baxımdan çox güman ki, Ilham Əliyevlə görüşdə Azərbaycandan Avropa ilə münasibətlərdə hazırkı mövqeyinin davam edib-etməyəcəyi, gələcək addımların nədən ibarət olacağı müzakirə edilib”.
Görüşdə müzakirə olunan məsələlərlə bağlı təfərrüatların tam formada bir qayda olaraq ictimaiyyətə açıqlanmadığını deyən F.Qəhrəmanlı bildirdi ki, ilk növbədə I.Əliyevin nəzərinə yürüdülən siyasətin yaxşı nəticələr verməyəcəyi çatdırıla bilər: “Çünki Avropa Parlamenti son qətnaməsində Azərbaycana qarşı sanksiyalar məsələsinə toxunub. Bu isə o deməkdir ki, Avropa Birliyinin əlində konkret sanksiyalar, təsir mexanizmi var. Əgər Azərbaycan bu aqressiyanı davam etdirəcəksə, növbəti mərhələdə bunun cavabı ünvanlı sanksiyaların gündəmə gəlməsi ola bilər. Eyni zamanda sanksiyalar daha geniş miqyası əhatə edə bilər. Çox güman ki, bütün bu məqamlar təzyiq məqsədi ilə Ilham Əliyevin nəzərinə çatdırılıb. Azərbaycanın mövqeyində dəyişiklik olmazsa, siyasi təzyiqlərin iqtisadi təzyiqlərə keçə biləcəyinə eyham vurulub. Azərbaycan tərəfinin atdığı addımlara uyğun olaraq Avropa Birliyi Azərbaycanla bağlı siyasətinə yenidən baxmalı olacaq. Ancaq görünən odur ki, Avropa Birliyi heç də iqtidarın kaprizlərinə görə Azərbaycanla münasibətləri arxa plana keçirmək niyyətində deyil və bu məqsədlə lazım gəldikdə təzyiq üsullarına da əl atılacaq. Çünki bu, Avropa Birliyinin genişlənmə siyasəti üçün starteji əhəmiyyəti olan bir məsələdir”.
F.Qəhrəmanlının sözlərinə görə, AB təmsilçisinin ölkəmizə səfəri ona yönəlib ki, Azərbaycanın bundan sonra təşkilatla münasibətlərini necə görüdüyünü aydınlaşdırsın. “Azərbaycan mövqeyini dəyişməyəcəksə, bu ”qırmızı cizginin” aşılması olacaq. Daha sərt addımların işə salınmasına səbəb olacaq. Ona görə də Azərbaycanın xəbərdar olunmasına ehtiyac var”, deyə F.Qəhrəmanlı vurğuladı.
Xəyal





