«Bahar Enerji»nin işsiz qoyduğu fəhlələr həmkarlar ittifaqına üz tutdu
Neft sektorunda Əmək Məcəlləsi tamamilə qüvvəsiz bir sənədə çevrilib, onu adi kağız parçası da adlandırmaq olar. Ayrı-ayrı şirkətlər Azərbaycan vətəndaşlarının əməyini, qanuni haqlarını istismar edirlər. Bu cür şirkətlərdən biri də “Bahar Enerji” Əməliyyat Şirkətidir. Qeyd edək ki, “Bahar Enerji” Əməliyyat Şirkətinin sahiblərindən biri ölkənin nəqliyyat naziri Ziya Məmmədovun oğlu, eyni zamanda nazirə məxsus “ZQAN Holdinq”in başında dayanan Anar Məmmədovdur. Üstəlik, həmin şirkətlə Anar Məmmədova məxsus olan “ZQAN Holdinq” arasında yükdaşımaları ilə bağlı anlaşma əldə edilib.
“Bahar Enerji” Əməliyyat Şirkəti qanunvericiliyin tələblərini kobud şəkildə pozur. Əgər bir il öncə işçilərə əvvəlki işlərindən çıxıb şirkət ilə yeni müqavilə bağlamaqla bağlı zorla ərizə yazdırırdılarsa, indi yeni metoda keçiblər. Yeni üsula əsasən müqavilə müddəti bitmiş işçilərlə yenidən müqavilə bağlanmır. Onlar kütləvi surətdə işdən çıxarılır.
Ötən gün bir qrup işçi Neft və Qaz Sənayesi Işçilərinin Həmkarlar Ittifaqının binası qarşısına toplaşıb haqlarını tələb edirdilər. Onların sözlərinə görə, bu il oktyabrın 1-də şirkət onlarla yenidən müqavilə bağlamaqdan imtina edib.
Haqqı tapdanan Faiq Abbasov deyir ki, ötən il şirkət 1400 nəfərlə müqavilə bağlayıb: “Müqavilənin bu ilin oktyabrın 1-də müddəti bitib. Yenidən müqavilə bağlamaq istədikdə bunun mümkünsüz olduğu üzə çıxdı. Nəticədə 250 nəfərə yaxın işçi şirkətdən uzaqlaşdırıldı. Yerimizə gəncləri gətiriblər. Şirkət Əmək Məcəlləsinin 63-cü maddəsini pozur. Məcəllənin 45.4-cü maddəsi pozularaq, işçilərlə məcburi surətdə 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanılır”.
Başqa bir zərərçəkən Nizami Cəbiyev deyir ki, rəhbərlik şirkətə öz adamlarını gətirir: “Burada elə adam var ki, onun təcürbəsi 30 ildən çoxdur. Ancaq onun gördüyü işə qiymət verən yoxdur. Öz qohumlarını gətirir. Soruşanda ki, bizi niyə işdən çıxarırsınız, cavabı belə olur – siz artıq qocalmısınız, gənclərlə işləyirik. Biz də deyirik ki, yerimizə qoy övladlarımız gəlsin. Razı olmurlar”.
Şikayətçilər deyirlər ki, əgər şirkət say çoxluğundan narahat olub bizi işdən çıxarırsa, onda nədən yerimizə yenilərini dəvət edirlər?.
“Bahar Enerji” Əməliyyat Şirkəti yeni müqavilə bağlamaqla işçilərin əmək hüquqlarını pozub. Çünki şirkət işçilərlə yeni müqaviləni Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq bağlayıb. Həmin maddənin açılışı isə belədir: Əvvəlki şirkətdə fəaliyyətlərini dayandırdıqları üçün işçilərlə yeni müqavilə bağlana bilər. Ancaq burada vacib məqam odur ki, adıçəkilən neft şirkəti Əmək Məcəlləsinin 63-cü maddəsini (Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi) kobud surətdə pozur. 63-cü maddədə göstərilir ki, müəssisənin mülkiyyətçisi dəyişdikdə işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu isə o deməkdir ki, yeni mülkiyyətçinin hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını bəhanə gətirib əmək müqavilələrini kütləvi şəkildə ləğv etməsi yolverilməzdir. 63-cü maddədə həmçinin göstərilir ki, mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürənin hüququndan sui-istifadə edərək işçi ilə əmək müqaviləsinə xitam verməsi qadağandır. Mülkiyyətçinin dəyişməsi o deməkdir ki, köhnə mülkiyyətçinin fəaliyyətinə xitam verilir, yeni mülkiyyətçi fəaliyyətə başlayır. Bu əsas vermir ki, işçilərlə əmək müqaviləsinin şərtləri dəyişdirilməklə yeni əmək müqaviləsi bağlanılsın.
“Hazırda 200-dən artıq insan qanunsuz olaraq işsizdir. Xəstələnəndə belə bizə yardım edilmir. Kömək istəyirik, heç olmur. Yenə birtəhər dözüb işləyirik. Onu da bizə çox görürlər” – deyir, şikayətçilər.
Həmkarlar ittifaqında şikayətçilərdən üç nəfərini qəbul etdilür. Şikayətçilər jurnalistlərin də onlarla getməsini xahiş etdi. Əvvəlcə razılıq verildi. Sonradan jurnalistlərin “Azadlıq” və “Yeni Müsavat” qəzetlərindən olduğunu biləndə içəri buraxmadılar.
Şikayətçiləri neft və qaz sənayesi işçilərinin respublika komitəsinin sədrinin müavini Fətulla Mustafayev qəbul edib. Faiq Abbasov müavinə öz dərdlərini söylədiklərini deyir: “Başımıza gətirilən oyunlardan danışdıq. O da qeydlər götürdü. Bildirdilər ki, araşdırıb bizə məlumat verəcəklər”.
Şikayətçilər hüquqları bərpa olunmayacağı təqdirdə məhkəməyə müraciət edəcəklərini deyirlər: “Biz burada az sayda toplaşmışıq. Ancaq 200-dən çox insanın hüquqları tapdanıb. Məhkəməyə müraciət edib haqqımızı sona qədər qoruyacağıq”.
Ramin DEKO