İdxaldan asılı olan ölkələrdə ərzaq məhsullarında yaxın illərdə ciddi bahalaşma gözlənilir. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatının Inkişafı Beynəlxalq Fondu (IFAD) və Ümumdünya Ərzaq Proqramı tərəfindən hazırlanmış 2011-ci ildə dünyada ərzaq təhlükəsizliyinə dair yeni hesabatda deyilir ki, qida məhsullarının qiymətləri kənd təsərrüfatı və enerji bazarlarının sıx qarşılıqlı əlaqəsi, baş verən təbii fəlakətlər səbəbindən yüksək olaraq qalacaq. Azərbaycanın da əsasən idxaldan asılı olması aparılan iqtisadi siyasətlə bağlı həyəcan təbili çalınmasını zəruri edir.
«Hökumət özünün iqtisadi, sosial siyasətinə yenidən baxmalı, təxirəsalınmaz addımlar atmalıdır»

AXCP Iqtisadiyyat Komisiyasının rəhbəri Nemət Əliyev bildirdi ki, əslində nüfuzlu beynəlxalq təşkilatlar artıq bu həyəcanlı proqnozu verməmişdən öncə Azərbaycanda ərzaq məhsullarının bahalaşması müşahidə olunurdu: “Heç bir əsas olmadığı halda mal və qoyun ətinin qiymətinin bahalaşdığını deyən N.Əliyev vurğuladı ki, daha sonra digər ərzaq məhsullarının da dəyəri artmağa başladı: ”Bu o deməkdir ki, Azərbaycanda bahalaşan ərzağın qiymətinə xarici faktor da təsir edəcək. Düşünürəm ki, hakimiyyət nüfuzlu beynəlxalq təşkilatların apardıqları araşdırmaları ciddiyə almalı və gözləmədən bir sıra addımlar atmalıdır. Zəruri qərarların qəbul olunmaması isə ona işarədir ki, ya baş verənlər hakimiyyəti narahat etmir, ya da onların etdikləri artıq təhlükəli həddə çatan iqtisadi münasibətlərə təsir etmək iqtidarında deyil”.
N.Əliyevin sözlərinə görə, hazırda müşahidə olunan tendensiyaya əsasən yaxın zamanlar kənd təsərrüfatı məhsullarının istehsal tempi aşağı düşə bilər. Bu da təsadüfi deyil. Indiyə qədər kənd təsərrüfatına lazımi qayğının göstərilməməsi buna səbəb olub: “Ölkəyə gələn neft pulları hesabına hakimiyyət kənd təsərrüfatı sektorunu dirçəltməli, onu rəqabətə dözümlü, inkişafa meyilli etməli idi. Hökumət özünün iqtisadi, sosial siyasətinə yenidən baxmalı, təxirəsalınmaz addımlar atmalıdır. Kənd təsərrüfatının inkişafı üçün çoxsaylı tədbirlər var ki, onları mütləq yerinə yetirmək lazımdır”.
«Beynəlxalq təşkilatların dilə gətirdiyi qiymət artımının qarşsını almaq üçün bir sıra addımlar atılmalıdır»

Iqtisadçı Vahid Məhərrəmovun sözlərinə görə, hazırda iqtisadiyyatdakı real vəziyyət ilk növbədə kənd təsərrüfatı sektoruna dövlət qayğısının güclənməsini tələb edir. Ekspertin fikrincə, hazırda Azərbaycan fermerlərinin səylərini bir araya gətirərək onların problemlərini də birgə çözməyə çalışmaq lazımdır: “Bu gün üçün Azərbaycan fermerlərinin çoxlu sayda problemləri var. Onlar sırasında toxum, su, texnika problemi xüsusi qabarıq şəkildə özünü göstərir. Bütün bu problemlərin həll edilməməsi kənd təsərrüfatı məhsullarının istehsalına təsir edir ki, bu da ölkənin ərzaq təhlükəsizliyinə təhdiddir”. Ona görə dövlətin kənd təsərrüfatında çalışanlara güzəştli kreditlər verməsinin vacib olduğunu düşünən V.Məhərrəmov hesab edir ki, beynəlxalq təşkilatların dilə gətirdiyi qiymət artımının qarşısını almaq üçün bir sıra addımlar atılmalıdır. Amma hazırda iqtisadiyyatı narahat edən problemləri qısa müddətə çözmək mümkün deyil. “Kənd təsərrüfatı məhsullarının qiyməti artmalı, bu sahənin problemlərinin həlli üçün çoxdandır dilə gətirilən məsələlər reallaşdırılmalıdır. Təəssüf ki, heç bir addım atılmır”.
Xəyal


