Yaşar Həkkəkpur: «Son aylarda etirazlarda həbs olunanların sayı 4 min nəfərə yaxındır»
Ötən ayın sonunda Iranda Xoy şəhərində, tanınmış milli fəal Ibrahim Cəfərzadənin və onun ailə üzvlərinin yas mərasimində həbs olunmuş 26 yaşlı Şirzad Hacılunun harda saxlandığı məlum deyil. Qardaşı Abbas Hacılu bildirir ki, o, dünənə qədər zindanda idi, dünəndən aparıblar ETTELAAT-a, heç özləri də bilmirlər: “Bu günə qədər ona qarşı işgəncə olmasını eşitməmişik, ancaq bundan sonra necə olacaq, bunu bilmirik. Heç ona qarşı hansı ittihamın irəli sürüldüyü də məlum deyil”.
Qardaşının sözlərinə görə, Şirzad Hacilu kompüter təhsili alırdı, həm də kiçik mağaza sahibi imiş. Əvvəllər də Iranın dövlət qəzetlərindən birində türklərin təhqir olunmasına etiraz edənlərə qoşulub və həbsə atılıb.
Iranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkəkpur deyir ki, həmin yas mərasimində tutulan 60 nəfərdən 4-ü hələ də həbsdədir. Iki gündür ki, onları ETTELAAT-ın Xoydakı şöbəsindən Urmiyə şöbəsinə köçürüblər. Onlara hansı ittihamların verildiyi bəlli deyil. Ailə üzvləri də vəziyyətlərindən xəbər tuta bilmir.
“Gələn həftə Səid Nəiminin məhkəməsidir. Vəkili hələ ittihamnamə ilə tanış olmadığına görə, Səidin nədə ittiham olunduğunu bilmirik. Təbrizdə zindanda saxlanılır”, – deyə 7 ay əvvəl ETTELAAT əməkdaşları tərəfindən öz evində həbs olunmuş Səid Nəiminin həyat yoldaşı Səidə Islami “Azadlıq” radiosuna deyib.
Səid Nəimi həbsdə olduğu müddətdə aclıq aksiyası da keçirmişdi və ADAPP əvvəllər onun vəziyyətinin ağır olması barədə məlumatlar yaymışdı.
Həbsdə olan azərbaycanlı fəallar Məhəmməd Əlimuradinin və Qadir Novruzinin ailələrindən isə bildirilib ki, hər ikisinə qarşı işgəncələr davam edir. Işgəncələr nəticəsində Məhəmməd Əlimuradinin qabırğaları sınıb, Qadir Novruzinin isə qasığı yırtılıb.
Hər iki fəal avqustun 24-də tanınmış fəal Mustafa Əvəzpurun evində verilən iftar süfrəsi zamanı ETTELAAT-ın Təbriz bölməsinin əməkdaşları tərəfindən həbs olunublar və hazırda da həmin bölmədə saxlanılırlar.
Iftar süfrəsi zamanı ümumilikdə 29 nəfər həbs olunmuşdu, onlardan 16-nın məhkəməsi olub və iki il dörd ay müddətinə azadlıqdan məhrum ediliblər. Verilən verilən cəzanın dörd ayı həbsxanada, iki ili isə azadlıqda şərti cəza kimi çəkilməlidir. 13 nəfəri isə hələ də öz mühakiməsini gözləyir.
Yaşar Həkkəkpur deyir ki, son aylarda Təbriz, Urmiyə, Ərdəbil, Qoşaçay, Sulduz, Xoyda baş verən etirazlarda həbs olunanların sayı 4 min nəfərə yaxındır. Bu aksiyalar zamanı ən azı 4 nəfər həlak olub. Aksiyalarda iştirak edənlər, əsasən Urmiyə gölünün qurumasına, Iran rəsmilərinin bu məsələdə hərəkətsizliyinə etiraz edirlər.