Rusiyanın Suriyada hərbi iştirakçılığı hansı vəziyyəti yaradır?

Putin

Sülhəddin Əkbər: «Rusiya geosiyasi qarşıdurma sərhədini özündən mümkün qədər uzaqlaşdırmağa çalışır»

Rusiya Federasiya Şurası Rusiya qoşunlarından xaricdə istifadə olunmasına razılıq verib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Putin bundan əvvəl Federasiya Şurasına müraciət edərək Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəmişdi.

Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Federasiya Şurasının üzvləri məsələyə qapalı iclasda baxılmasına səs veriblər.

Toplantıda Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Ivanov, Federasiya Şurasının Müdafiə komitəsinin sədri Viktor Ozerov və Beynəlxalq komitənin sədrinin 1-ci müavini Vladimir Cabarov məruzə ilə çıxış ediblər.

S.Ivanov bildirib ki, bu icazə Suriyaya aiddir. Özü də söhbət yalnız Rusiya Hərbi Hava Qüvvələrindən gedir. Quru qoşunlarından istifadə istisnadır.

Məsələ Rusiyanın Suriyaya hərbi yardımları və bu ölkədə hərbi mövcudluğu barədə xəbərlərin intensivləşdiyi dövrə təsadüf edir. Rusiya və ABŞ prezidentləri bu məsələni BMT Baş Assambleyası çərçivəsində müzakirə ediblər.

Bəs Rusiyanın Suriyada hərbi iştirakı region üçün nə vəd edir? Buna region ölkəsi Türkiyənin reaksiyası necə olacaq?

sulheddin

 

 

 

 

 

 

 

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Rusiyanın belə bir qərar verəcəyi gözlənilən idi. Bu addım həm də Rusiyanın yürütdüyü siyasətdə nə dərəcədə ardıcıl olduğunu göstərir: “Suriyadakı hərbi baza Rusiyanın xaricdəki yeganə hərbi kontingentidir. Əgər Rusiya bu hərbi bazadan çıxarılarsa, Yaxın Şərq, Aralıq dənizindən çıxmış olacaqdır. Digər tərəfdən, bunun strateji əhəmiyyəti də var. Əgər Suriyada konflikt həllini taparsa, artıq ABŞ, Avropa Birliyi, NATO bütün gücünü postsovet məkanına, Rusiyaya yönəltmiş olacaq. Onu da nəzərə almaq lazımdır ki, ABŞ özünün milli təhlükəsizlik strategiyasını yeniləyib və Rusiyanı başlıca təhdid kimi göstərir. ”Soyuq müharibədən” sonra ilk dəfədir ki, Rusiya ilə müharibə ehtimalları üzərində düşünülür və bunun hərbi planlaşdırılması aparılır. Bu baxımdan Rusiya da Qərbin bu planlarından xəbərdardır. Ona görə Rusiya geosiyasi qarşıdurma sərhədini mümkün qədər öz sərhədlərindən uzaqlaşdırmağa çalışır. Ona görə Suriya konflikti daha da dərinləşə və mürəkkəbləşə bilər. Düzdür, Ukrayna burada potensialını nəzərə alaraq daha ehtiyatlı davranmağa çalışacaqdır. Eyni zamanda Rusiya öz prinsipial mövqeyini əldən verməyəcək”.

Rusiyanın Suriyaya hərbi müdaxiləsinə Türkiyənin reaksiyasına gəlincə, S.Əkbər bildirdi ki, rəsmi Ankara baş verənlərdən narahatlığını ifadə edib. Amma Rusiyanın bu həmlələrinin qarşısını almağa nə Türkiyənin, nə də onun müttəfiqlərinin gücü yetmədi: “Burada hüquqi məsələ ondan ibarətdir ki, Əsəd rejimi Suriyanın hələlik yeganə legitim hökumətidir. Beynəlxalq münasibətlərdə onun fəaliyyəti nə qədər daraldılsa da, Əsəd hələlik devrilməyib. Rusiyanın hərəkətləri Suriya ilə imzalanmış hüquqi sənədlər çərçivəsində atılır. Ona görə beynəlxalq hüquq baxımından Rusiya bir qədər möhkəmdir”.

Xəyal