Ən aşağı ixrac göstəricisi avqust ayında qeydə alınıb
Məhəmməd Talıblı: «Bu o deməkdir ki, ölkədə həyata keçirilən iqtisadi siyasət uğursuzluğa düçar olub»
Hökumətin daha bir yalanının üstü açıldı. Daha doğrusu ixrac yönümlü iqtisadiyyatın yaradılacağı ilə bağlı verilən vəd puç oldu. Fevralın 21-də Mərkəzi Bankın manatı 34 faiz dəyərsizləşdirməsi onunla əsaslandırılırdı ki, bu addım ölkə iqtisadiyyatını ixraca yönümlü etmək məqsədilə atılıb. Amma fevraldan ötən müddət ərzində hər ay ölkənin ixracında ciddi eniş yaşanır.
Avqust ayı üçün olan statistik rəqəmlər göstərir ki, Azərbaycanda ən aşağı ixrac göstəricisi bu ayda qeydə alınıb – 741 milyon dollar.
Hələlik (28 sentyabr saat 12:00-a olan məlumata görə) Dövlət Gömrük Komitəsi 2015-ci ilin 8 ayı üçün gömrük statistikasını açıqlamayıb. Halbuki, normativ akta görə, bu statistika hesabat dövrü başa çatdıqdan sonra ayın birinci yarısından gec olmayaraq açıqlanmalıdır. Bu il ən yüksək ixrac göstricisi yanvarda qeydə alınıb – $1 mlrd. 278 mln.
Yanvar-avqust aylarında Azərbaycandan əmtəə ixracının həcmi $8 mlrd. 184 mln. təşkil edib. 2014-cü ilin həmin dövründə ixracdan valyuta daxilolmaları iki dəfə çox – $15 mlrd. 351 mln. təşkil edib.
Iqtisadçı Məhəmməd Talıblı da bildirdi ki, hökumətin 21 fevral qərarı onunla əsaslandırılırdı ki, manatın xarici valyuta qarşısında dəyərsizləşdirilməsi ixracın genişlənməsinə xidmət edir. Amma yarım illik göstəricilər tam başqa mənzərəni ortaya qoyub. M.Talıblı bildirdi ki, hazırkı ixracı analoji dövrlə müqayisə etdikdə ciddi enişin yaşandığı görünür: “Azərbaycanın 2008 və 2009-cu illərdə xarici ticarət dövriyyəsi əslində 54.4 milyard dollara qədər artmışdı. Indiki rəqəmlər isə onu göstərir ki, xarici ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə azalıb. Bu ondan xəbər verir ki, Azərbaycanın ixracatını əsasən neft və neft məhsulları təşkil edir. Ölkənin hər 100 dollarının 95 dolları neft və neft məhsullarının satışından əldə olunur. Qeyri-neft ixracatının isə elə bir əhəmiyyətli rolu olmur. Bu onu göstərir ki, əslində Azərbaycanın idxalının dövriyyəsi də, idxaldan əldə olunan vəsait də azalıb”.
M.Talıblı bildirdi ki, idxalın dövriyyəsinin azalması iki halda baş verir. Ya idxal olunan məhsulu əvəz edən yerli istehsal formalaşsın, ya da vətəndaşın həmin məhsulu almaq imkanı aşağı düşsün. Azərbaycanda yerli istehsal səviyyəsinin artmadığını deyən M.Talıblı vurğuladı ki, idxal səviyyəsinin azalması belə olan halda o deməkdir ki, ölkədə əhalinin gəlirləri azalıb.
Ekspertin sözlərinə görə, manatın devalvasiyası ixracın gücləndirilməsinə gətirmədiyi kimi, ölkədə fərqli iqtisadi situasiya da yaradıb: “Ölkədə biznes fəaliyyəti zəiflədi, işgüzar aktivlik aşağı düşdü, vətəndaşların gəlirlik səviyyəsinə neqativ təsir göstərildi, vətəndaşların banklardan asılılığı gücləndi. Bu isə o deməkdir ki, ölkədə həyata keçirilən iqtisadi siyasət uğursuzluğa düçar olub”.
Xəyal