Barak Obamanın səsləndirdiyi fikirlər Azərbyacan reallığına uyğundu
Azərbaycan hakimiyətinin avtoritar mahiyyəti bütün dünyaya bəllidir və tez-tez beynəlxalq tribunalardan bu ifadə olunur. Bəzən açıq şəkildə, birbaşa olaraq hakimiyyətin qanunsuz əməlləri ifşa olunur, bəzən də dolayı yolla Azərbaycan kimi ölkələrə mesaj verilir. Əgər Avropa Parlamentinin qətnaməsi, ATƏT-in seşki müşahidəçiliyindən imtinası, nüfuzlu beynəlxalq mətbuatın araşdırma yazıları, hüquq müdafiə təşkilatlarının hesabatları birbaşa hakimiyyəti hədəf alırsa, ABŞ prezidenti Barak Obamanın BMT Baş Assambleyasındakı çıxışı ad çəkmədən Azərbaycan hakimiyyətinə mesaj verir
“Tarix gücün həqiqət olduğuna və bunun həmişə belə qalacağına inanan saxta peyğəmbərlərin və çökmüş imperiyaların iflası ilə doludur. Sən öz opponentlərini məhbus edə bilərsən, amma ideyaları məhbus etmək olmaz. Sən informasiyaya girişi nəzarətə ala bilərsən, amma yalanı həqiqətə çevirə bilməzsən. O liderlər ki, hakimiyyətdə qalmaq üçün konstitusiyaları dəyişirlər, əslində etiraf edirlər ki, öz xalqları üçün uğurlu bir ölkə qurmaqda iflasa uğrayıblar. Müxalifətin seçki vasitəsilə, dinc yolla hakimiyyətə gəlmək imkanı olanda, ölkə yeni ideyalar qazanır. Media azad informasiya verə biləndə, korrupsiya və qanunsuzluqlar faş edilir və onların kökünü kəsmək mümkün olur” – deyə Barak Obama çıxışında bildirir.
Göründüyü kimi ABŞ prezidentinin çıxışındakı bütün məqamlar Azərbaycan hakimiyyətinin “əyininə biçilib”. Belə ki, QHT-lərin sıradan çıxarılması, hakimiyyətdə qalmaq üçün Konstitusiyanın dəyişdirilməsi, müxalifətin fəaliyyətinin məhdudlaşdırılması, seçkilərin saxtalaşdırılması, azad mətbuatın boğulması Azərbaycan reallığının göstəricisidir.
Bu çıxış həm də onu göstərir ki, artıq manevr imkanları olmayacaq, sona qədər avtoritarlar təqib ediləcək və bu prinsiplər dəyişməz qalacaq. Birmənalı şəkildə demokratik dünya Azərbaycan kimi ölkələrə yerini göstərir.
Amma bu qədər açıq mesajlar, xəbərdarlıqlar, tənqidlər YAP hakimiyyətinin anti-xalq siyasətini “stop”lamır. ABŞ prezidentinin səsləndirdiyi fikirlər həm də onun altını cızır ki, Azərbaycan hakimiyyətinə qarşı münasibət hansısa dairələrin, erməni lobbisinin, qərəzli təşkilatların yox, birbaşa dünya nəhənglərinin mövqeyidir.
Yəni, YAP hakimiyyətinin “bu Avropanın, ABŞ-ın deyil, müəyyən pozucu təşkilatların mövqeyidir” kimi əsaslandırmaları da sabun köpüyünə çevrilib.
Bir sözlə, Barak Obama bir daha yada saldı ki, tarix avtoritarların acı məğlubiyyətinə dəfələrlə şahidlik edib və bu şahidlik davam edəcək.
Akif



