100 faiz olan bir şey 500 faiz necə azala bilər?

Hakimiyyət mətbuatı özünə əl qatıb ki, bəs Azərbaycanda intihar hallarının sayı postsovet məkanında ən azdır. Sevincdən ürəkləri gedib. Bunu böyük uğur sayırlar. Yəqin bunu daxili və xarici siyasətimizin böyük uğuru kimi qələmə verməyə başlayacaqlar. Xatırladım ki, onlar bu xəbər üçün Dünya Səhiyyə Təşkilatının yaydığı reytinq cədvəlinə istinad edirlər. Həmin cədvələ görə, reytinq siyahısına  Litva (hər 100 min nəfərə 71,7 fakt), Rusiya (64,3 fakt), Belarus (57,5 fakt), Latviya (48,2 fakt) başçılıq edir. Həmin cədvələ görə, Ermənistanda hər 100 min nəfərə 3,9, Gürcüstanda isə 8,8 intihar faktı qeydə alınır. Azərbaycanda isə bu rəqəm ən az, yəni 1,3-dür.

Mətbuatda intihar hallarının yağış kimi yaydığı bir vaxtda bu göstəriciyə qətiyyən inanmaq olmur. Mən əminəm ki, Azərbaycan DST-yə yarımçıq rəqəmlər verib. Azərbaycanda statistika tez-tez saxtalaşdırılır və bir qayda olaraq hakimiyyətin maraqlarına uyğunlaşdırılır. Belə ənənə bütün avtoritar rejimlərə xasdır. Hətta sovetlərin özündə “pripiska” və burjua rəqəmlərinə qarşı yalançı statistika geniş praktikaya çevrilmişdi. O ki qaldı, cildləri dəyişməyən postsovet ölkələri ola…
Elə Ermənistanın göstəricisinin də məhz bu səbəbdən aşağı olduğuna əmin olmaq olar. Ermənistanda statistikanın konyunkturaya uğraması halları dəfələrlə üzə çıxıb. Mümkün deyil ki, intihar halları Gürcüstanda Ermənistandan qat-qat çox olsun. DST-nin burada heç bir günahı yoxdur, sadəcə onlara yalançı rəqəmlər göndərilir.
Azərbaycanda bir çox cinayətləri yalnız statistika xatirinə gizlədirlər. Məsələn, maşınından maqnitofonu oğurlanmış adama polis özü maqnitofon alır ki, ərizəsini götürsün və həmin hadisə açılmamış cinayətlər statistikasına düşməsin. Başqa bir misal: Çindən gələn malın həcmi orada bir cürdür, burada bizim statistikada isə başqa cür – qat-qat az. Rəsmi statistikaya görə, biz Ermənistandan qat-qat az banan yeyirik. Bunlara inanmaq olarmı?
Iş yerlərinin sayı ilə bağlı fantastik rəqəmlər də belə şişirdilmiş statistikaya aiddir. Hətta mövsümi işləri iş yeri kimi qeyd edirlər. Şirkətlər, firmalar yalançı rəqəmlər verir ki, bəs yeni iş yerləri açıblar. Bütün bunlar kağız üzərində yaradılan “uğurlara” və avtoritar rejimlərin xalqlara yaratdığı böyük xoşbəxtliyə xidmət edir. Əslində, bədbəxtlikləri gizlətməyə xidmət edir…

Bu günlərdə ölkə prezidenti Ilham Əliyev daha bir yüksək göstərici ilə çıxış etdi. Bakıda keçirilən Humanitar Forumda söylədi: “Yoxsulluq şəraitində yaşayanların sayı son 7 ildə Azərbaycanda 5 dəfə, yəni 500 faiz aşağı düşüb.” (bax: Azərbaycan qəzeti: http://www.azerbaican-news.az/index.php?mod=3&id=2402)

Azərbaycanda yoxsulluq səviyyəsi aşağı düşüb doğrudan da. Uğurlu iqtisadi nəticələrdən yox, ölkəyə neft pullarının axması ilə. Amma bu göstəricinin 5 dəfə olmasına kim inana bilər? Bu, həmin şişirtmə statistikanın nəticəsidir.
Hətta bu məsələ bir yana qalsın, görün şişirtmələrə başlar necə qarışıbsa, 5 dəfə azalma, 500 faiz azalma kimi qələmə verilir. Bu boyda hakimiyyətdə faiz hesablamaq da bilmirlər, yoxsa şişirtmə başları dumanlandırıb? Axı 5 dəfə azalma necə 500 faiz ola bilər? Tutaq ki, 100 idi. 5 dəfə azaldı və oldu 20. Deməli, 80 faiz azaldı. Bu, çox sadə bir hesablamadır, ali cəbr-zad deyil.
Ümumiyyətlə, adamların sayı 100 faizdən o yana azala bilməz axı. Hətta 500 dəfə azalsaydı belə, yenə 500 faiz azalma ola bilməz. Bu halda 99.8 faiz azalma olacaq.
Deyəsən, yaxşısını Islam Kərimov edirmiş, Özbəkistana aid statistikanı beynəlxalq qurumlara vermirmiş ki, bu, onların daxili işidir…