Cek-pot niyə udulmur?

…Fikir verirsinizsə, bu ölkədə ən çox buz bağlamış, şişirdilmiş toyuq budunun, ucuz arağın, bir də lotoreya biletinin qiyməti dəyişmir. Bu təsadüfi deyil, ustalıqla düşünülmüş bir gedişdir. Ölkə əhalisinin böyük əksəriyyətinin qazancı yalnız birtəhər gündəlik ərzaq tələbatına sərf olunur. Səhərdən-axşamadək bir qarın çörəyə  işləyən sadə vətəndaşlarımızı “doyurmaq”, yuxusunu dimedrollu içki vasitəsi ilə “şirin” etmək iqtidarın xalqımıza “lütfü” sayıla bilər. Hətta sadə vətəndaşlarımızın arzularla yaşamasını “diqqətə alan” iqtidar bir manata da bunu “gerçəkləşdirə” biləcəklərinə inandırmağa çalışdı və tam əminliklə demək olar ki, buna nail oldu. Lap nağıllarda olduğu kimi…

Təxminən günə 10 manat qazanan sadə vətəndaş, bu pula yuxarıda sadaladığımız ərzağı aldıqdan sonra bir neçə manat pulu qalır. “Axı bu nə vaxta qədər belə davam edəcək” – sualını öz-özünə verməyə macal tapmamış, yüksəkdən səs eşidir: “bu gün cek-pot və maşın oynanılacaq, bir manata maşın udmaq şansınızı qaçırmayın, həyatınızı dəyişdirin, az sayda biletlər qalıb!!!”. Və zavallı vətəndaş, “bir-iki manatla kasıb olmayacam ki, ən azı bir neçə saat ümidlə xoşbəxt ola bilmə şansım olacaq” deyərək, olan-qalan puluna bir-iki bilet alır….
Lot(u)otron
Vətəndaşların əzab-əziyyətlə qazandığı evləri bir göz qırpımında əlindən alan, iqtidardan bir gecədə bir manata ev, yaxud maşın almaq arzusuna hələ də inanlar olduğundan lotoreya oyunlarını maraq xatirinə, canlı (?) yayımını hərdən izləməyi unutmuram, o üzdən şəxsi qənaətlərimi oxucularla bölüşmək qərarına gəldim…
…Ilk qənaətim bu oldu ki, oyun canlı deyil. Yadınızdadırsa, ilk illərdə məşhur şoumen Qorxmaz Əlilinin apardığı verilişlərdə çoxlu sayda ictimaiyyət nümayəndələri, tiraj komissiyası və əvvəlki tiraj qalibləri iştirak edirdi. Şarlar torbadan və ayrı-ayrı adamlar tərəfindən çıxarılırdı. Bu gün nə Qorxmaz bəy var (artıq hacıdır – X.Ə.), nə torba, nə də sadaladığım insanlar, sadəcə iki nəfər, aparıcı və seçki qutusuna (!) çox bənzəyən lototron…
Fikir verirsinizsə, rəqəmlər yazılmış şarlar lototronda görünmür, uduş tirajı başlayan kimi, uzaqdan tamaşaçılara göstərilir. Rəqəm yazılan şarların oradan düşməsi montaja çox bənzəyir. Belə ki, şar düşən anı uzaqdan göstərirlər, başqa bir kamera isə rəqəm olan şarı bizə nümayiş etdirir.  Yəni biz o lototrondakı şarın düşmə prosesini tam görə bilmirik, uzaqda şar düşür, görüntü itir və yenidən nömrəli şarın, diyirlənməsi müşahidə olunur. Nömrələnmiş şarın lototrondan düşməsindən dayanmasına qədərki proses iki hissədə göstərilir. Özü də şar lototrondan düşənə bənzəmir, belə ki, sürəti nisbətən ləng olur, fizika qanunlarının əksinə olaraq, düşdüyü yüksəkliyin ona verdiyi sürətdən “imtina etmiş” kimi görünür. Əgər satılmayan biletlərin monitorinqinin də qeyri-şəffaf aparıldığını nəzərə alsaq, iri uduşların nadir hallarda udulduğunun “səbəbi” aydın olar.
Daha bir diqqətəlayiq məqam isə aparıcıların geyimlərinin dəyişməməsidir, demək olar ki, hər gün efirə çıxan aparıcılar yay-qış eyni paltarlarda olurlar…
…Artıq xalqımız belə şeylərə adət edib, baxın, MSK deyilən qurumun etdiklərinin yanında lototron toya getməlidir. Rayonun, yəni dairənin ən varlı adamını, buzlu toyuq budunu heç itinə rəva görməyən birini qutudan (lototrondan – X.Ə.) çıxarıb deyir ki, bu adamı siz deputat seçmisiniz. Sonra isə iqtidara qısılaraq, bir neçə ay ATƏT-in, müxalifətin tənqidlərinə “cavab” verir, seçki (kabab – X.Ə.) iyinə gələnləri “yola” salır və növbəti seçkiyədək öz “cek-pot”larının keyfini çıxarmaqla məşğul olurlar.
Məmləkətimizdə xoş xəyalları yalnız xalqı çapıb talayan məmurlar reallaşdırır, əlində lotoreya bileti olan sadə vətəndaşlar isə bunu bir neçə saatlığa təsəvvür edirlər. O ki qaldı “cek-pot”a, görəcəksiniz, “lazım gələrsə”, bir gün udulacaq…