Yaşasın ölüm!

Yazmaq – istər ədəbi, istər publisistikada – özü də savaşın bir formasıdı və təkcə forma deyil, həm də qalan savaş formalarını stimullaşdıran, impuls verən, hardasa yönəldən prosesdi.

Yazmaq savaş növü olmasaydı, zaman-zaman yazarları asmaz, dərisini soymaz, şaqqalamaz, tonqalda yandırmaz, alaqapılarında ağzına güllə sıxmaz, məhbəslərə atmazdılar. Anlaşılan bu ki, bu akt daha təhlükəliymiş. Yazılanlar hakim düşüncəyə alternativdi, onun tam əksini ortaya qoyur və kütlələri, müəyyən qrupları səfərbər eləyir. Buna görə də yazara fiziki sonluqlar düşünmədən öncə hakim düşüncə sahibləri cəmiyyətdə adamların maraq dairəsini yanlış və özlərinə zərərsiz istiqamətə yönəltməyə çalışır, oxuculuq aktivliyini sıfıra endirmək üçün dürlü-dürlü yollar fikirləşirlər. Efiri senzurayla, öz əlinə almaqla, qəzetləri satınalmalarla, məhkəmələrlə, yayımına əngəllər yaratmaqla, ədəbiyyatısa nəşriyyatları boğmaqla buna nail olunur. Yazılanlar, bir növ ünvana yetişmədən havada qalır.
Yazarın qısırlaşdırılmasının başqa bir yolu da onu problemlər məngənəsində sıxmaqdı. Son beş ayda yaşadığım problem mənə bu həqiqəti öz acı təcrübəmdə sübut elədi. Beyni, ürəyi problemlə işğal olunmuş yazarın yazması, yəni az öncə dediyim məntiqlə savaşması cəhənnəm əzabına çevrilir, az qala mümkünsüz hala gəlir. Yaza bilirsənsə, rəsmən qəhrəman sayıla bilərsən. Halbuki, tankın altına düşməyincə, təkbaşına düşmən səflərinə soxulub həlak olmayınca, bu toplumda qəhrəman statusu almaq mümkün deyil. Adam artıq bəlli hədəflərlə deyil, beyni, ürəyi, əli ilə savaşmalı olur ki, yaza bilsin.
Problemlər isə növbənöv, çeşid-çeşid. Ama fərqi yox – hamısının adı problemdi, hamısı da təcavüzkar, işğalçı, yolxucu, amansız – eynən bir diktator. Ayrı düşüncəyə yol qoymur. Sən yalnız onu düşünməli, onun çözümüylə giriftar olmalısan. Bu isə artıq o deməkdi ki, sən qələmi yerə qoyub üzü Allaha baxırsan. Bir əlin olur, bir başın. “Ay Allah!, Ay Allah!” deməklə Allahın canını boğazına yığırsan. Yaradıcılıqdakı durğunluq, səngimə, avazıma isə günü-gündən artmaqda davam eləyir.
Boşuna deməyiblər ki, sevərkən sevgidən gözəl əsər yazmaq mümkün deyil. Çünki sevgi ürəyi boğanaq kimi elə süpürləyib əsirinə çevirir ki, onun özü haqda ağılla düşünmək imkansız olur. Onu sözlərə çevirmək sadəcə istedadın hüdudlarından çox kənara çıxır, yaza, ərsəyə gətirə bildiyin də “ay qız, keçmə bizim məhlədən” tipli başagəldi olur. Çünki sevgi haqda istənilən şeir, roman – əsər nə qədər şiddətli, obrazlı olur-olsun, xam şəkildə olan, yonulmamış təbii sevginin özü qədər güclü ola bilməz. Bu üzdən sevgi tutmaları zamanı sevgidən gözəl əsər yaratmaq alınmaz bir işə çevrilir. Yalnız sevgi hər hansı bir səbəbdən yoxa çıxandan sonra onun dalınca daş atmaq imkanı yaranır.
Əslində, mənim bu yazıda məqsədim heç də bir yazarın düşdüyü çətin durumları incələmək deyil. Indilər hər birimizi dəliyə çevirən bir gerçəklik var. Nədən bu toplum savaşa qalxmır? Axı onun varlığının bütün künc-bucağı haqsızlıqla işğal olunub. Məgər bu toplumun xəmiri daşdanmı yoğrulub? Qüruru, mənliyi, ləyaqəti çatışmır bəlkə? Qorxaqmı? Yaltaqmı? Şərəfi yoxmu? Köləliyə bu qədər vurğunmu? Namusunu küçədən tapıbmı?
Xeyir! Bunların heç biri deyil. Bu, düşünülmüş bir taktikadı. Nəfəsi tam kəsməmək. Öldürməmək, ama yalnız ölümün cəngində vurnuxmağa məcbur eləmək. Insanlar hələ onlara problem yaratmış səbəbə qarşı deyil, bu problemin özünə qarşı vuruşmaqla çaba göstərirlər. Yəni çörəyi daşdan çıxarmağa məcbur eləyənlərlə yox, daşla savaşmaq. Ümid – bütün ümidlərin, hətta daşın da yoxa çıxdığı günə qalıb. Aqoniyanın illərlə sürməsi isə mümkün deyil. Rejim nə qədər bilici olur-olsun, ölüm bir gün yetişəcək. O zaman xəstənin rejimin boğazını dişlərinə keçirib çeynəyəcəyinə heç şübhəniz olmasın.
Aqoniyaya ölüm! Yaşasın ölüm!