Ərdoğan İsrail prezidentini şoka salıb

Şimon Peres israilli əsgəri “Həmas”ın əsirliyindən Ərdoğanın qurtardığını deyib və bunu sürpriz adlandırıb

İsrail prezidenti Şiman Peres “Həmas”ın əsir saxladığı Gilad Şalid adlı israilli əsgərin sərbəst buraxılması barədə razılığın əldə olunmasına görə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Şimon Peres Rəcəb Tayyib Ərdoğanın Gilad Şalidin sərbəst buraxılması məsələsində siyasəti bir tərəfə qoyaraq, insani münasibət ortaya qoyduğunu bildirib.

İsrail prezidenti Türkiyə hökumətinin bu məsələdəki mövqeyi qarşısında sürprizlə üzləşdiyini vurğulayıb: “İsrail əsgərinin azad olunması məsələsində Rəcəb Tayyib Ərdoğan əsas rol oynayıb”.

Xatırladaq ki, bir müddət əvvəl Gilad Şalidin atası Noam Şalid oğlunun sərbəst buraxılması üçün yəhudi əsilli türkiyəli iş adamı Eliko Dönmez vasitəsi ilə Rəcəb Tayyib Ərdoğana məktub yazıb. O, oğlunun sərbəst buraxılması müqabilində 1000 fələstinlinin İsrail həbsxanalarından azadlığa buraxılması barədə almaniyalı vasitəçinin tövsiyəsinin qəbul edilməsi üçün Rəcəb Tayyib Ərdoğanın “Həmas”ı razı salmasını istəmişdi.