Elxan Şahinoğlu: “Azərbaycanın «Türkiyə ayrı, biz ayrı» siyasəti davam edir”
“Sarkozi ermənilərin səsini qazanmaq üçün Türkiyə ilə körpüləri yandırıb”
Fransa prezidenti Sarkozinin Cənubi Qafqaza səfəri ətrafında müzakirələr davam edir. Səfər zamanı ən az vaxtı Azərbaycana ayıran Sarkozi əslində bununla ölkəmizə Fransa dövlətinin sərgilədiyi münasibəti göstərmiş oldu. Gürcüstanın ərazi bütövlüyünün toxunulmaz olduğunu deyən Fransa prezidenti Azərbaycanda bu məsələnin üstündən sükutla keçdi. Əvəzində Ermənistanı Dağlıq Qarabağla bağlı yaxşı başa düşdüyünü dilə gətirdi, həm də Türkiyənin ünvanına sərt ifadələr işlətdi. Bu səfərlə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun düşüncələrini aldıq.
– Elxan bəy, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan oktyabrın 11-də partiyasının qrup toplantısında Sarkozinin Irəvandan səsləndirdiyi açıqlamaları sərt tənqid edib. Necə düşünürsünüz, Fransa prezidentinin Irəvandan Türkiyənin əleyhinə səsləndirdiyi bu açıqlamaların arxasında nə dayanır?
– Sarkozi prezident seçkisinə hazırlaşır və Fransada keçirilən rəy sorğuları göstərir ki, onun reytinqi elə də yüksək deyil. Buna görə də Sarkozinin son açıqlamaları, səfərləri daha çox daxili auditoriyaya yönəlib. Yəni Sarkozi Fransadakı ermənilərin səsini qazanmaq üçün Irəvanda Türkiyə əleyhinə ağzına gələni danışmağa üstünlük verib. Sarkozi ermənilərin səsini qazanmaq naminə Türkiyə ilə olan-qalan körpüləri də yandırıb. Və Türkiyənin siyasi dairələri, o cümlədən Ərdoğan ona adekvat cavab verib. Türkiyəni 100 il öncə soyqırım törətməkdə ittiham edən şəxs öz ölkəsinin 50-60 il öncə Afrika ölkələrində hansı qətliamlar törətdiyini unudub. Fransa Əlcəzairi qana bulamışdı, müstəqillik istəyən əlcəzairliləri küçələrdə, meydanlarda, evlərində kütləvi surətdə qətlə yetirirdilər. Uzağa getməyək. 1994-cü ildə təxminən 800 min insanın qətl edildiyi, əsl soyqırıma məruz qalan Ruandanı götürək. Fransa bu ölkədə bir-birinə qarşı dayanan tutsi və xutu tayfalarına o qədər silah satmışdı ki, bu ölkədə qardaş savaşından qaçmaq mümkün olmadı. Ona görə də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Sarkoziyə “əvvəlcə güzgüyə bax” ifadəsi tam yerində idi.
– Maraqlı bir tendensiya yaranıb. Türkiyə əleyhinə olanlar bir az sonra Azərbaycanda peyda olurlar. Bu durum Türkiyə-Azərbaycan münasibətlərinə necə təsir edir?
– Həqiqətən Irəvanda ağzına gələni danışan Sarkozi Ermənistanın ardından Bakıya gəldi. Əlbəttə, bu əvvəlcədən bəlli səfər idi. Ancaq Sarkozinin Türkiyə əleyhinə açıqlamalar söylədikdən sonra Bakıya gəlişi hər halda qardaş dövlətlə strateji münasibətlər baxımından müsbət abu-hava yaratmaz. Əvvəllər də belə hallar qeydə alınıb. Məsələn, Israilin prezidenti Şimon Peres Ərdoğanla Davosda dilləşdikdən bir az sonra Azərbaycana səfər etdi. Və ya Türkiyə əleyhinə olduğunu gizlətməyən, müavini Türkiyənin Israildəki səfirini aşağılayan xarici işlər naziri Aviqdor Liberman Bakıya 3 günlük səfərə gəldi və utanmadan hətta Azərbaycandan da Türkiyəyə mesaj yolladı. Rəsmi Bakı nə o zaman, nə də indi Türkiyə əleyhinə olanları yerində otuzdurmadı. Məsələn, Sarkoziyə Bakıda yumşaq şəkildə deyə bilərdilər ki, onun Türkiyə əleyhinə səsləndirdiyi açıqlamalar Azərbaycanda da mənfi qarşılanır. Bu, Azərbaycan-Türkiyə strateji əməkdaşlığına yaraşan hərəkət olardı. Ancaq Azərbaycan rəsmiləri həmişəki kimi bu tip açıqlamaya ehtiyac duymadılar. Yəni rəsmilərimizin “Türkiyə ayrı, biz ayrı” siyasəti davam edir. Ancaq unutmasınlar ki, bu siyasət Azərbaycana yaxşı heç nə vəd etmir. Türkiyəni özünə düşmən görən dövlətin və siyasi liderin Azərbaycanla isti münasibətlərə ümid etməsinin gələcəyi yoxdur.
– Sarkozinin Bakıya səfərinin qısa çəkməsi ətrafındakı mübahisələr də səngimir…
– Mübahisənin səngiməməsi təbiidir. Çünki, Sarkozinin Bakıya bəlli səfərini Azərbaycan dövlətinin və xalqının aşağılanması kimi dəyərləndirmək lazımdır. Fransa prezidenti səfərinin çox hissəsini Irəvan və Tiflisdə, az hissəsini – cəmi bir neçə saatını Bakıda keçirdi. Irəvanda Ermənistana sevgisindən danışan, mətbuat konfransı keçirən, Türkiyəni “Soyqırımı tanıyacağam” sözləri ilə hədələyən, daha sonra Tiflisdə meydanda çıxış edən, Gürcüstanın ərazi bütövlüyünün vacibliyini dilə gətirən Sarkozi Bakıda diqqətçəkici heç bir fikir söyləmədi, müqəddəs ziyarətgahımız olan Şəhidlər xiyabanına baş çəkmədi. Bakıya səfərinin belə bərbad olmasında rəsmi Bakının da günahı var. Düzdür, səfər proqramı əvvəlcədən tərtib olunub, amma Fransanın protokola göz gəzdirməsi istənilə bilərdi. Məgər azərbaycanlı jurnalistlər erməni həmkarlarından əskikdirlər ki, Irəvanda mətbuat konfransı düzənlənir, Bakıda yox? Bir sözlə, Sarkozi Gürcüstan və Ermənistanın ona Azərbaycandan daha əziz və yaxın olduğunu gizlədə bilmədi. Belə olan halda Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşsa belə Parisin vasitəçiliyinin Kremlin vasitəçiliyindən fərqlənəcəyini gözləmirəm. Hər ikisi Ermənistanın maraqlarını nəzərə alır.
– Sarkozi qapalı görüşdə Azərbaycanda insan haqları və demokratik islahatlar mövzularını qabarda bilərdimi?
– Əgər Sarkozinin belə bir niyyəti vardısa, bu haqda dolayı da olsa Azərbaycan ictimaiyyətinə bir mesaj yollaya bilərdi. Azərbaycan Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının üzvüdür və qurumla assosiativ anlaşma imzalamalıdır. Bu anlaşmanın imzalanması isə gecikdirilir. Çünki rəsmi Bakı siyasi və iqtisadi islahatların dərinləşdirilməsi ilə bağlı üzərinə öhdəlik götürməkdən çəkinir. Bu proses bir az daha uzansa, rəsmi Bakıya Avropadan xəbərdarlıq mesajları gələcək. Ancaq düşünmürəm ki, mesajları yollayan məhz Fransa olacaq. Paris əvvəldən Şərq Tərəfdaşlığı Proqramına barmaqarası yanaşıb, Sarkozi hətta Polşadakı sammitə qatılmadı. Gürcüstan və Ukrayna Avropa Birliyinə üzvlüklə bağlı dəqiq tarix göstərilməsini istədikdə qarşılarında dayanan ölkə yenə Fransa oldu. Bu mənada Sarkozinin Bakıdakı bir neçə saatlıq görüşdə insan haqları və demokratiyanın vacibliyi haqqında danışmasına inanmıram. Fransanın “Total” şirkətinin “Abşeron” yatağından çıxaracağı qaza daha çox vaxt ayrılardı…
– Prezident Aparatının rəsmisi Novruz Məmmədov Sarkozinin yenidən Bakıya səfər etmək istədiyini deyib…
– Sarkozinin gəlişigözəl bu sözünə əhəmiyyət vermirəm. Görünür, Sarkozi özü də anlayıb ki, Irəvan və Tiflisə səfərinin fonunda Bakıya səfəri sönükdür və nə iləsə Azərbaycanın könlünü almaq lazımdır. O da belə bir ifadə işlədib ki, Bakıya yenidən qayıda bilər. Birincisi, Sarkozi seçkilərə gedir və kürsüsünü qoruyub-qorumayacağı hələ bəlli deyil. Ikincisi isə Sarkozi yalnız Bakıya səfəri üçün Cənubi Qafqaza gəlməz. Gəlsə, yenə Ermənistan və Gürcüstanı da ziyarət etməli olacaq. Bu kimi səfərin isə necə olduğunu biz əyani gördük. Ona görə belə səfər heç Azərbaycana da sərfəli deyil.
Fizzə Heydərli


