BBC Heydərovu fakt qarşısında qoydu

Azərbaycanın 2012-ci il London Olimpiya Oyunlarında boks üzrə iki qızıl medal üçün AIBA ilə 10 milyon dollarlıq gizli sövdələşməyə getdiyi haqda BBC-nin başlatdığı qalmaqal davam edir. Son məlumatlara görə, BBC vəd etdiyi kimi, bununla bağlı əlində olan dəlilləri AIBA və Beynəlxalq Olimpiya Komitəsi rəsmilərinə təqdim edib.

Təqdim olunan dəlillər sırasında verilişin yazılı mətni, AIBA-nın WSB qurumunun baş əməliyyat rəisi Ivan Xodabəxşlə müsahibənin tam mətni, müəyyən mənbələrlə efirə çıxarılmayan müsahibələr, Ivan Xodabəxş, Ho Kim və Azərbaycan rəsmiləri arasında e-mail yazışmaları və müqavilə layihəsi də var.
Iki qızıl medal əvəzində Azərbaycandan 10 milyon dollarlıq müqavilə imzalandığı və onun 9 milyonunun fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs tərəfindən artıq ödənildiyinə dair iddiaları səsləndirən birbaşa mənbələr məsələnin araşdırılması üçün Beynəlxalq Olimpiya Komitəsilə əməkdaşlığa razılıq veriblər.
Xatırladaq ki, BBC bu barədə süjeti yayımladıqdan sonra Azərbaycan rəsmilərilə yanaşı, AIBA rəhbərliyi də məlumatı təkzib edərək, teleşirkətdən dəlilləri tələb etmişdi.
Beləliklə, BBC, yalan məlumat yaydığına dair qarşı tərəfin iddiaları qarşısında geri çəkilməyərək, dəlillərlə çıxış edir. Bu isə deməyə əsas verir ki, Azərbaycan hökumətilə bağlılığı olan bu korrupsiya qalmaqalı hələ uzun müddət dünyanın gündəmini məşğul edəcək.

Informasiya şöbəsi