AXCP-nin qurultayından məyus olanlar

QehremanliAXCP sədrinin müavini Fuad Qəhrəmanlı özünün Facebook səhifəsində AXCP Qurultayının yekunlarına dair fikirlərini bölüşüb. Həmin yazını təqdim edirik:

“Xalq Cəbhəsinin çox uğurlu qurultayına görə sevinən, bunu təkcə bir partiyanın deyil, bütövlükdə demokratik prosesin uğuru kimi təqdir edib xoş sözlər yazan hər kəsə təşəkkürümüzü bildiririk. Ancaq bu o demək deyil ki, biz tənqidləri qəbul etmirik, ancaq xoş söz eşitmək istəyirik. Qətiyyən. Ancaq tənqid adı altında qərəzli, reallığı təhrif edib uğurlu tədbiri məqsədli şəkildə gözdən salmaq cəhdlərini qəbul edə bilmərik.

Xalq Cəbhəsinin qurultayı ətrafında gedən müzakirələr bu tədbirin gündəmin əsas hadisəsi olmasını təsdiq edir. Hətta ömründə bir dəfə iqtidarı tənqid etməyə cəsarəti çatmayanlar, 100 ilin partiyası olduğunu iddia edib kiçik bir dərnəyə çevrilənlər, açıq-aşkar iqtidara bağlı olanlar öz aralarında sanki bu tədbiri gözdən salmaq üçün qeyri-rəsmi koalisiya qurublar. Biz heç bu “tənqidçilərdən” soruşmuruq da ki, elə ağıllısınızsa, o zaman nədən Xalq Cəbhəsinin əldə etdiyi nəticələrin, yaratdığı təşkilati gücün, ölkədə tanınan kadr potensialının, cəmiyyətdə qazandığı nüfuzun onda birini qura, yarada bilmirsiniz?

Bu suala cavab axtarmırıq, zatən cəmiyyət kimin haradan durub, hara daş atdığını çox aydın görür. Ona görə də mən sadəcə bir məsələyə münasibət bildirmək istəyirəm.

Ən çox “tənqid” olunan məsələ budur ki, niyə seçkilər gizli yox,açıq keçirilib?

Özü də bu fikri elə deyirlər ki, sanki Xalq Cəbhəsi qurultay nümayəndələrinin əvəzindən bu qərarı bir başqası verib və bunlar da canyananlıq göstərib cəbhəçilərin hüquqlarını müdafiə edirlər. Əslindəsə, bu cür danışmaq siyasi etikasızlıqdır. Qurultayın videosunu izləyən hər kəs gördü ki, Xalq Cəbhəsinin sədri Əli Kərimli qurultay nümayəndələrinə müraciət edərək, onları gizli səsverməyə çağırdı. O hətta bundan ötrü xüsusi səsvermə kabinləri hazırlandığını da bildirdi.

Ancaq Xalq Cəbhəsinin demokratikliyi ondadır ki, burada hətta sədr belə öz iradəsini çoxluğa diqtə edə bilmir. Səsvermə nəticəsində Əli bəyin də müdafiə etdiyi gizli səsvermə təklifinə cəmi iki nəfər səs verdi. Bu qərar Əli Kərimlinin təklifinin əleyihinə olaraq, qurultay iştirakçılarının istəyi və iradəsi ilə verildi. Budurmu avtoritarizm dediyiniz?

Çoxluğun sərbəst seçimi, iradəsi əsasında qəbul edilən bu qərarı necə anti demokratik adlandırmaq olar? Bunu ki, onların əvəzindən kimsə verməyib. Əgər bu səsvermədə iştirak edən insanlar hesab etsəydilər ki, açıq səsvermədə onların iradəsinə müdaxilə var, o zaman bu qərara səs verərdilərmi? Təbii ki, verməzdilər. Hətta tədbir iştirakçılarının yarısının yarısı belə gizli səsvermə istəsydi, o zaman yenə də demək olardı ki, ən azı kiçik bir azlıq açıq səsvermədə öz istəyini sərbəst ifadə etməkdə çətinlik çəkib. Məsələ burasındadır ki, axı bu da olmayıb. Ona görə də açıq səsverməni demokratiya pozuntusu kimi təqdim edənlər, kimin haqqını, kimə qarşı qoruyurlar.

Ortada gizli səsvermə istəyən kiçik bir azlıq belə yox ikən kim kimin haqqına girib, deyə bilərsinizmi? Belə iddada olmaq gülünc görünür deyilmi? Ancaq siyasi etika tələb edir ki, bir təşkilat üzvlərinin necə səs vermək istədiklərini müəyyənləşdirmək hüququna hörmətlə yanaşmaq lazımdır. Bu siyasi mədəniyyətin əlifbasıdır. Digər tərəfdən, demokratiyanı müdafiə etdiklərini deyənlər, mütləq çoxluğun qəbul etdiyi qərarı niyə belə qeyri- demokratik hesab edirlər?

Məgər demokratiyada qərarlar kollegial qaydada, çoxluğun iradəsi ilə qəbul edilmir? İndi zəhmət çəkib çoxluğun iradəsinə də hörmətlə yanaşın.

Son olaraq bir məsələni də əlavə edim.
Əslində, qurultayda çoxlarının diqqətindən qaçan bir məqam da göstərdi ki, səsvermənin hansı formada keçirilməsinin nəticə baxımından heç bir əhəmiyyəti yox idi. Səsvermə forması müəyyən olunandan dərhal sonra Sahib Kərimlinin namizədliyi səsə qoyuldu və ona iki səs verildi. Bundan sonra Sahib bəy söz alıb namizədliyini geri götürdü. Əslində, hamı gördü ki, onun namizədliyini geri götürməsi səsvermə forması ilə bağlı deyil, aldığı bu iki səsin nəticəsidir. Bu iki səsdən biri də Sahib bəyin özünə verdiyi səs idi. Namizədliyi geri götürmək diqqəti bu iki səs nokautundan yayındırmaq üçün edilən bir gediş idi. Çünki iki səs elə bir göstəricidir ki, təkcə indinin nəticəsinə təsir etmir, həm də siyasətçinin siyasi iddiasına, bu iddianın perspektivinə verilən bir qiymətdir.

 

Başa düşüləndir. Xalq Cəbhəsinin qurultayında alternativ namizəd var deyib, ciddi problemlər olacağını gözləyənlər pərt oldular. Özündən başqa bir səs alan alternativin heç bir problem yaratmaq potensialının olmaması onları məyus edib.

Ancaq reallıq başqadır cənablar! Sizin bu məyusluğunuzdan fərqli olaraq, Azərbaycan xalqının aydın kəsimi, demokratik prosesin uğuruna sevinən insanlar Xalq Cəbhəsinin sevincini, başarısını bölüşürlər.
Sizə gəlincə isə elə hisslər yaşamağa öyrənin ki, içinizdən sizi qurd kimi yeməsin, əksinə, onu insanlarla paylaşa biləsiniz”.