“Əli Kərimlini tənqid eləməyin zamanıdırmı?”

aynur-im2“Bu gün o, azadlıq və demokratiya üçün mübarizə aparır, cəbhəçilər həbs olunur, təzyiqlərə məruz qalır… Bəs siz hardasınız?”

Müstəqil araşdırmaçı-jurnalist  Aynur İmranova AXCP-nin VI(IX) qurultayında qonaq kimi iştirak edib və facebook səhifəsində qurultayla bağlı müxtəlif dairələrdə səslənən ittihamlara mövqeyini bildirib:

“Dünəndən bəzi dostların statusunda özümü görürəm. Adımı yazmağa və taq eləməyə cəsarətləri olmasa da, öncəki çoxsaylı söhbətlərimizdən bilirəm ki, nə demək istəyirlər. Bunların bir çoxunu “Xədicə Elçibəyi təhqir eləmişdi, sən niyə onu müdafiə edirsən?” ittihamlarından sonra bloka atmışdım, amma deməli yaxşı təmizlik aparmamışam.
Dünənki əsas ittiham – “Elçibəy yoluna sadiq olanlar AXCP qurultayında iştirak edib, öndə oturub niyə və nəyi alqışlayırdılar?”. Bəli, dünən AXCP-nin qurultayında iştirak etdim. Çünki AXCP-ni ölkədə hal-hazırda prosesin ölməməsi üçün mübarizəni ardıcıl aparan yeganə güclü siyasi təşkilat hesab edirəm (güclü, yəni bu ölkədə, bu repressiyalar qarşısında imkan daxilində dayana bilən təşkilatlar içində güclü). Bu gün Azərbaycanda repressiyaların son 20 ildəki ən pik nöqtəsi yaşanır. Bu ölkədə ən xırda bir dirəniş qalıbsa, bunun 40 faizi aktivistlərin, ictimai fəalların və yerdə qalanların boynuna düşürsə, 60 faizi mütləq şəkildə cəbhəçilərin hesabındadır. Bu mənim subyektiv fikrim ola bilər, amma məncə vicdanı olan hər kəs bunu görür. Bu gün AXCP-ni Əli Kərimli nifrətinə görə vuranlar məncə həmin cəbhəçilərə də nə qədər haqsızlıq elədiklərinin fərqində olmalıdırlar.
İkincisi, elə bu yaxın günlərdə kiməsə “Elçibəyi tənqid eləməyin zamanı deyil” deyənlərə bir sual vermək istəyirəm, indi Əli Kərimlini tənqid eləməyin zamanıdırmı bəs? Bizim hədəfimiz indi Əli Kərimlidirmi?
Üçüncüsü, ayyy “Elçibəy yoluna sadiq olanlar orda niyə gedib oturdu” deyənlər, Elçibəyin yolu bu ölkənin azadlığı və demokratiya uğrunda mübarizə yolu deyildimi? Əli Kərimli əvvəl nə edib, necə edib qoyaq bir kənara, bu gün o, həmin azadlıq və demokratiya üçün mübarizə aparır, təhqir olunur, cəbhəçilər həbs olunur, təzyiqlərə məruz qalır. Ən azından bu ölkədə heç bir siyasi təşkilatın edə bilmədiyini edir- meydanlara 1000-2000 nəfər çıxara bilir. Bəs siz hardasınız indi? Əli Kərimlinin apardığı mübarizəyə alternativ və ya ağız dolusu pafosla danışdığınız Elçibəy yolunda siz hansı mübarizəni ortaya qoyursunuz? Hərə bir tərəfdə öz biznesi ilə, öz ailəsinin rifahı ilə məşğul olanda sıravi cəbhəçilər həbsxanalarda yatırlar, məhkəmələrin önündə həbs olunanlara dəstək verirlər, ölkədəki siyasi proseslər haqqında statuslar yazırlar, insanları məlumatlandırırlar, işdən qovulurlar, 5-3 manat üçün, övladlarını dolandırmaq üçün bu yoldan çəkinmirlər. Bəs siz neynirsiz? Sizin əksəriyyətinizin bu hakimiyyətlə, bu gün bu xalqın çəkdikləri ilə bağlı bir dənə də olsun, tənqidi status yazırsınızmı? Bir fəaliyyət göstərirsinizmi? Söhbət həm də mütləq əksəriyyətdən gedir.
Dünən mən o qurultayda başının üstündən Məhəmməd Əminin, Elçibəyin şəkillərini və sözlərini asaraq, bu ölkədəki həqiqətləri deyən, xalqı məhvə sürükləyən hakimiyyəti ən kəskin şəkildə tənqid edən, təşkilatı, lideri, milləti və ölkəsi üçün sona qədər mübarizə aparmağa hazır olan min nəfər gördüm. Həm də ölkədə mübarizəni davam etdirəcək bir təşkilat… Siz də görün! Görə bilmirsinizsə və ya görmək istəmirsinizsə, siz bir təşkilat yaradın, mübarizəni də, Elçibəy davasını da Əli Kərimlinin əlindən alın. Biz də sizi görək.”