Son hökmlər Ictimai Palatada müzakirə olundu

Koordinasiya Şurası hakimiyyəti Avropa Birliyilə imzaladığı sazişə əməl etməyə çağırır

Dünən Ictimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib. Iclasda bir neçə məsələ ətrafında fikir mübadiləsi aparılıb.
Əvvəlcə Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin rəhbərlərinin iştirakıyla sentyabrın sonunda Varşavada keçirilən sammitin nəticələri müzakirə olunub. Sammitin yekununda qəbul olunan və Azərbaycanın da imzaladığı Bəyannamə müsbət qiymətləndirilib. Bununla belə, Azərbaycan hökumətinin proqramdan irəli gələn məsələlərə münasibəti, eləcə də assosiativ saziş üzərində işlə bağlı ləngimə tənqid olunub. Vurğulanıb ki, hakimiyyətin bu münasibəti Azərbaycan xalqının Avropaya inteqrasiya arzusuyla üst-üstə düşmür. Hakimiyyətə bütün addımların vaxtında atılması üçün çağırış edilib. Qərara alınıb ki, bu mövzuda Ictimai Palata ayrıca dəyirmi masa keçirsin.
Toplantıda müstəqilliyimizin 20 illiyilə əlaqədar Ictimai Palatanın tədbirlər planı da müzakirə edilib. Qərara alınıb ki, oktyabrın 16-da Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarı və Şəhidlər Xiyabanı ziyarət olunsun. Oktyabrın 18-də isə Bakı şəhər Icra Hakimiyyəti təklif olunmuş marşrutlardan hansına razılıq versə, orada saat 3-dən 5-ə qədər bayram yürüşü keçiriləcək. BŞIH razılıq verməsə, tədbirin bayram ovqatına xələl gəlməsin deyə, aksiya təxirə salınacaq.
Bunlardan başqa, Koordinasiya Şurası “2 aprelçilərə” və Islam partiyası üzvlərinə çıxarılan məhkəmə hökmlərini və siyasi məhbusların sayının artması problemini də müzakirə edib. Ictimai Palata Islam partiyasının məhkum olunan üzvləri də daxil olmaqla, bütün siyasi məhbuslar barəsində çıxarılan hökmləri ədalətsiz və sifarişli sayıb, hakimiyyətin repressiyası kimi qiymətləndirib və həbs edilənlərin mümkün qədər tez azadlığa çıxması üçün atıla biləcək addımları götür-qoy edib.
Koordinasiya Şurasının dünənki toplantısında həmçinin müdafiə və təhlükəsizlik, regional təşkilatlanma və korrupsiya məsələləri komissiyaları adından təqdim olunan hesabatlar dinlənilib. Hesabatları müvafiq olaraq, komissiya sədrləri Pənah Hüseyn, Vidadi Mirkamal və Mirvari Qəhrəmanlı təqdim edib. Qərara alınıb ki, komissiyaların işilə bağlı dinləmələr bundan sonra da ayda bir dəfə təşkil olunsun.

Informasiya şöbəsi