Luvr muzeyi və Müqəddəs Petkaya görə “təşəkkür”

Parisin dünyaca ünlü Luvr muzeyi, bir neçə Paris məktəbi bu il H.Əliyev fondunun vəsaiti ilə təmir edildi. Lap elə bu yaxınlarda Ilham Əliyev Serbiyada müqəddəs Petka kilsəsinin, Novı Pazar şəhərinin mədəniyyət evinin, “Bayraqlı cami” məscidinin bizim dövlətin büdcəsi hesabına təmir edilməsinə dair sərəncam verdi.

…Bir neçə ay əvvəl isə Azərbaycan prezidenti Sloveniyaya səfər etdi və “ATA holdinq” başda olmaqla böyük şirkətlərimiz bu ölkəyə milyonlarla sərmayə yatırdılar. Iqtidar mətbuatı, televiziya, on ildir bir proqnozunun düz çıxacağını (?) “səbirsizliklə” gözlədiyim M.Əhmədoğlu başda olmaqla saray politoloqları, bunu Azərbaycanın xarici siyasətinin “növbəti” uğuru kimi bizə sırımağa başladılar və ənənəvi olaraq mədhiyyələrinin sonunda, müxalifəti nəhayət, bu “uğurları” görməyə çağırdılar. Bir qrup gəncimizin də Britaniyada gördükləri “fövqəladə işlər” də aidiyyəti olan (!) deputatlar tərəfindən yerdən-göyə sığdırılmadı…
Bir neçə gün əvvəl Strasburqda Azərbaycan əleyhinə biabırçı bəyanat yayıldı. 32 deputat Avropa dövlətlərini separatçı rejim olan qondarma Dağlıq Qarabağ terrorçuları ilə əməkdaşlığa çağırdı.
Maraqlı məqam o idi ki, əksəriyyəti Fransa və Ermənistandan olmaqla bərabər Serbiya, Sloveniya və Britaniyadan olan deputatlar da Azərbaycan iqtidarının öz ölkələrindəki quruculuq işlərinə bu cür “təşəkkür” etdilər… 
Fransa demokratik ölkə olmaqla bərabər, dünyada yeganə ölkələrdəndir ki, burada ermənilərin qondarma “soyqırımı” haqda həqiqətləri söyləyənlər həbsə salınır. Sarkozi “Ermənistanı bizdən yaxşı başa düşən yoxdur” – deyir və ən yaxın müttəfiqimiz Türkiyəni hədələyir. Iqtidarın “balanslaşdırılmış” xarici siyasəti, artıq Azərbaycanı fəlakətə aparır. Nə olursa-olsun, “biz hakimiyyətdə qalmalıyıq” prinsipi 18 ildir bütün beynəlxalq dayaqlarımızı zəiflədir, əvəzində biz Avropaya yersiz xidmətlər göstərməyə məcbur edilirik. Muzey və məktəblər, kilsə və parklarını təmir etdiririk, yersiz səfərlərini maliyyələşdiririk. Hakimiyyət ömrünü uzatmaq üçün ildən-ilə daha böyük güzəştlərə getməyə məcbur olur. Son illər isə   manevr imkanı, demək olar, tükənib. Iqtidar çətin dilemma qarşısında qalıb. Sərbəst toplaşma azadlığının təmin edilməməsi, siyasi əqidəyə görə həbslər, demokratik seçki tələbi, korrupsiya və rüşvətə son qoyulması – Qərbin əsas tələbləri və eyni zamanda Azərbaycana təyziq vasitəsidir. Belə bir vəziyyətdə bütün diplomatik resurslar iqtidara yumşaq münasibətin formalaşdırılmasına sərf olunur. Istər WikiLeaks sənədlərində, istərsə də digər diplomatik görüşmələrdə Azərbaycanın mənafeyi, iqtidarın yaşam savaşı fonunda arxa plana keçir. Təsadüfi deyil ki, ölkəmizə gələn diplomatların kulis arxasında ən çox verdikləri “Qarabağ ermənilərini qane edəcək, demokratik, Qərb dəyərlərini ehtiva edən siyasi sisteminiz varmı, onlar, sadə azərbaycanlılar yaşadığı kimi yaşamaq istəyəcəklərmi?” sualıdır. Ermənilərin Azərbaycanda yaşaya bilməsi üçün əvvəlcə ölkədə demokratiyaya start verilməlidir. Bu, Qərbin həm yanaşması, həm də bəhanəsi olmaqla bərabər (çünki eyni rejim düşmən ölkədə də mövcuddur – X.Ə), eyni zamanda iqtidarın nəyin bahasına olursa-olsun, eşitmək istəmədiyi bir tezisdir. Iqtidar son addımları ilə tutduğu yoldan çəkilməyəcəyini bildirdi. Demokratiyaya keçid əvəzinə, ölkə büdcəsi hesabına Avropada tarixi muzey və binaların təmiri ilə məşğul olmaq, illüziyadan başqa bir şey deyildir, bu, zəiflik və iqtidarın ömrünü uzatmağa hesablanmış uğursuz cəhddir. Hətta fikrimcə, bu, imicə hesablanan (!) rüşvətə daha çox bənzəyir…
Və nəhayət, yenə yada Pakistan düşür… Azərbaycan ərazilərini işğal etdiyinə görə heç vaxt Ermənistanı tanımayacağını bəyan edən bu dövlətdə nə Luvr müzeyi var, nə Petka kilsəsi.., amma sel və daşqınların dağıtdığı məktəblər var…