Yaxud Rusiyameylli türkçülərin addımlarının pərdəarxası
Qarabağ münaqişəsinin həllinə dair yeni açıqlama diqqəti çəkib. ATƏT Parlament Assambleyasının sabiq sədri və qurumun Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Qoran Lenmarker bildirib ki, Ermənistan prezidenti 2008-ci ildə Türkiyə-Ermənistan sərhədləri ilə bağlı müzakirələr aparılan zaman problemi həll etməyə hazır idi. Avropalı diplomatın bu açıqlamanı niyə indi verməsinə dair suala cavab axtaracağıq. Amma onun eyni bəyanatında bu həll prosesinə mane olan qüvvə də açıqlanıb: “Amma erməni diasporu buna mane oldu və bu alınmadı. O zaman Türkiyə-Ermənistan sərhədləri açılsaydı, bu, Dağlıq Qarabağ probleminin həllinə pozitiv təsir edərdi”.
Açıqlamanın ikinci hissəsi də maraqlı məqamlara yenidən göz gəzdirməyə imkan yaradır. Azərbaycan hakimiyyətinin bu proseslərdəki rolu və mövqeyi də təbii ki, hər bir vətəndaş üçün maraqlı olmaya bilməz. Xatırladaq ki, “Azadlıq” olaraq bu mövzuda xüsusi həssaslığımızın olduğunu zaman-zaman ifadə etmişik. Belə düşünürük ki, Azərbaycan hakimiyyəti öz maraqlarını “milli hay-küyçülüy”ün arxasında gizlədərək ictimaiyyətin prosesləri soyuq analiz etməsinə və düzgün nəticələr çıxarmasına mane olub. Və bu siyasətində hələ də maraqlıdır. Bu barədə də qeyd edəcəyik.
Sərhədlər açılsaydı… Ağızlar necə açıldı?
Bu sətirlərin müəllifi də dəfələrlə qeyd edib ki, Azərbaycan hökuməti Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasında qəsdən və sırf hakimiyyət maraqlarını nəzərə alaraq neqativ mövqe tutub. Çünki böyük iqtisadi potensialı olmayan Rusiya qan dövranı zəifləmiş nəhəng canlını xatırladır və o, özündən zəiflərə kömək etmək üçün sadəcə fizioloji baxımdan yetərli gücə sahib deyil. Ermənistan isə Rusiyanın verdikləri ilə tam yaşaya bilmədiyi üçün ona da dünyaya çıxmaq üçün daha sağlam və faydalı qapı lazım idi. Türkiyə bu rolu üstünə götürməklə Ermənistanın əlini Avropaya çatdıracaq və Kremlin Irəvana olan təsirlərini xeyli azaldacaqdı. Bununla da Ermənistan Azərbaycana və Türkiyəyə qarşı mexaniki olaraq konstruktiv mövqe tutmağa məcbur olacaqdı.
Amma sərhədlərin açılması məsələsinə təkcə erməni lobbisi deyil, eyni zamanda Azərbaycan hakimiyyəti də qarşı çıxırdı. Bu cür ortaq marağı təşkil edən nə ola bilərdi? Təbii ki, Azərbaycan hökumətinin Rusiyadan asılılığı. Eyni zamanda Türkiyəyə olan neqativ münasibəti. Ilham Əliyevin Türkiyənin regionda güclənməsini istəmədiyini ifadə etdiyi sənədləri hamımız oxuduq. Ermənistan hakimiyyətinin praqmatik davranaraq Türkiyə ilə razılaşacağından qorxan Rusiyanın Əliyevin hakimiyyət sevgisindən yararlanması barədə biz o zamanlar da yazmışdıq. Iştirakçıların açıqlamaları göstərir ki, analizlərimiz tam yerində olub.
Səbəbmi, nəticəmi?
Ramiz Mehdiyevin arxadan topa tutdurduğu Fransa prezidentinin açıqlamaları hər halda Rusiyanın Ermənistana real silah və sursat verməsindən, onunla 50 illik hərbi müqaviləyə girməsindən daha az təhlükəlidir, məncə. Biri tarix barədə fikirdir. Biri bugünkü işdir. Amma Ilham Əliyevin Rusiyanın cızdığı qaydalara uyğun olaraq davrandığı indi bir daha özünü göstərdi. Necə olur ki, sərhədlərin açılması məsələsində, Israil və Türkiyə arasında seçim etmək gələndə Türkiyə Ilham Əliyev hakimiyyəti üçün sıradan dövlət olur, amma Sarkozinin bəyanatına cavab veriləndə Ramiz Mehdiyevin adamları Türkiyəçi, türkçü olur? Bu addımlarla Türkiyəni aldatmaq fikrinə düşənlər yəqin ki, necə gülünc göründüklərini də bilərlər. Görünür, Ilham Əliyev üçün artıq vəziyyət xeyli çətinləşib. O, Rusiyanın cızdığı dairəni keçə bilmir, amma dairə də günü-gündən daralır. Strateji seçimlərini səhv etdiyi üçün Azərbaycan dövlətçiliyini də sarsıdan Əliyev indi daha gərgin görünür və onun xanımının Fransa liderindən medal aldıqdan sonra Ramiz Mehdiyevin komandasının Sarkozinin arxasınca qara kampaniya aparması göstərir ki, Azərbaycanda doğrudan da mərkəzi hakimiyyət yoxdur. Eyni zamanda Türkiyəyə münasibəti də Moskva özünə yaxın qrup vasitəsi ilə təyin edir.
Niyə məhz indi?
Qoran Lenmarkerin bu açıqlamasının niyə indi səslənməsi sizdə sual doğurmadımı? Görünür, AB ölkələrinin Varşava deklorasiyası Cənubi Qafqazın sürətlə Avropa Birliyinə inteqrasiyasını şərtləndirir. Ona görə də konfliktlərin həllinə yenidən cəhd ediləcəyi istisna deyil. Çox güman ki, bu açıqlama ilə Qərb dairələri destruktivlik göstərən və münaqişənin dondurulmuş qalmasında maraqlı görünən qüvvələri indidən ifşa etməklə zərərsizləşdirir. Bu baxımdan Sürix protokolunun yenidən TBMM-ə göndərilməsi diqqəti çəkir.
Seymur Həzi