yap-emblem

YAP xalqın qarşısına çıxmaqdan ehtiyat edir

yap-emblemYaxud hakim partiya pulsuz efir vaxtından niyə imtina edir?

Hakim Yeni Azərbaycan Partiyası (YAP) noyabrın 1-də keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat mərhələsində pulsuz efir vaxtından istifadə etməyəcək.

Report-un xəbərinə görə, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, YAP ödənişsiz efir vaxtından imtina edəcək. O xatırladıb ki, 2010-cu ilin parlament və 2014-cü ilin bələdiyyə seçkilərində YAP-ın 60-dan artıq seçki dairəsində namizədi qeydə alınıb, amma hakim partiya pulsuz efir vaxtından imtina edib: “Biz bütün seçkilərdə, o cümlədən 2010-cu ilin parlament və 2014-cü ilin bələdiyyə seçkilərində partiya olaraq iştirak etmişik. Belə olanda YAP-a pulsuz efir vaxtı ayrılır, dövri mətbuatda təşviqatın aparılmasına şərait yaradılır. Amma biz bundan imtina edirik, çünki başqa partiyalar 60 dairədən namizəd irəli sürməyə adam tapmırlar. Belə olanda da alternativlik olmur. Ona görə də dövlətin ayırdığı ödənişsiz efir vaxtından imtina edirik”.

Əvvəlcə onu bildirək ki, Siyavuş Novruzovun 2010-cu ildə YAP-ın pulsuz efir vaxtından imtina etməsi barədə iddiası əsassızdır. 2010-cu ildə YAP pulsuz efir vaxtından istifadə edib. Hər halda AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə YAP-ın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun və AXCP sədrinin müavini Gözəl Bayramlı ilə YAP-ın icra katibi Əli Əhmədovun debatı Siyavuş Novruzovun yadından çıxmayıb.

Indisə YAP-ın pulsuz efir vaxtından imtina etməsi barədə. Hakim partiyanın bu addımı səbəbsiz deyil. Artıq Azərbaycan xalqı YAP-a inanmır və artıq hakim partiyanın da deməyə sözü qalmayıb. 20 ildir bu xalqı aldadan partiya bu dəfə nə vəd verəcəyini, nə danışacağını bilmir. Xalqın qarşısına çıxmasına çətinlik çəkir. Digər tərəfdən, 2010-cu ildə YAP-ın bəzi namizədlərinin çıxışları sosial şəbəkələrdə lağa qoyulurdu. YAP həm də növbəti də gülüş hədəfi olmaması üçün pulsuz efir vaxtından imtina edir.