İranda bank qalmaqalı böyüyür

Daha 14 nəfər həbs olundu, ölkənin baş bankiri isə Kanadaya sığındı

İranın bank tarixində ən böyük korrupsiya qalmaqalına görə daha 14 nəfər saxlanılıb. İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejeyi jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Kanadaya qaçmış İran Milli Bankının keçmiş rəhbəri Mahmudrza Xavərinin ikili vətəndaşlığa malik olmasından xəbəri olmayıb. Ejeyi saxlananlar arasında bank müdirləri və digər şəxslər olduğunu söyləyib. Oğurluqla bağlı Mahmudrza Xavəri haqda araşdırmaya başlayanda isə onun ikili vətəndaşlığa malik olması haqda məlumatları olmayıb. Hətta baş bankirin ailəsinin Kanadada yaşadığı da bilinməyib. Məhz buna görə də Xavərinin ölkəni tərk etməsinə qadağa qoyulmayıb.

Baş prokuror bildirib ki, Xavərini İran Milli Bankının icraçı direktoru vəzifəsinə təyin edənlər onun ikili vətəndaşlığına malik olduğunu bilə-bilə bunu ediblərsə, qanunsuz iş görüblər və hökumət bu məsələni araşdırmalıdır. Ejeyi onu da xatırladıb ki, Xavəri ölkəyə qayıdıb özünü müdafiə etməyincə bütün ittihamlar ona qarşı yönləcək.

Xatırladaq ki, İranın parlament komissiyası isə ölkə tarixində ən iri maliyyə qalmaqalının araşdırılması çərçivəsində prezident Mahmud Əhmədinejad administrasiyası ilə bağlı istintaq əməliyyatlarının keçirilməsini labüd hesab edib. Tədqiqat zamanı M. Əhmədinejada yaxın olan şəxslər, xüsusilə də prezident administrasiyasının rəhbəri İsfəndiyar Rahim Maşeyininin diqqətdən kənarda qalmaması təklif olunur.

Korrupsiya ilə bağlı İran tarixində ən iri qalmaqala gəlincə isə məsələ belədir. Belə ki, 2011-ci ilin sentyabr ayının sonlarında İran bank sistemindən 30 trilyon rial (2 milyard yarım dollardan artıq) pul oğurlanır. Güman edilir ki, dələduzluqla bağlı saxlanılanlarla İran prezident administrasiyasının rəhbəri İ. R. Maşeyinin yaxın əlaqəsi olub. Lakin dövlət başçısı M. Əhmədinejad dəfələrlə bu işdə nə özünün, nə hakimiyyət nümayəndələrinin əlinin olmadığını bəyan edib.