Partiyalılıq yazarın azadlığını əlindən alırmı?

Bu günlərdə dörd yaradıcı insan – üç yazar və bir bəstəkar Müsavat sıralarına keçdiyimizi bəyan etdik: Əli Əkbər, Seymur Baycan, mən və istedadlı bəstəkarımız Elmir Mirzoyev. Bu bəyanımız başda Arif Hacılı olmaqla, müxalif fəalların son həbslərinə etiraz idi. Sonrakı açıqlamalarımızda da hər kəsi ictimai mövqeyini, baş verənlərə münasibətini, yaşanan bunca rəzalət, əclaflıq qarşısında cəbhəsini müəyyənləşdirməyə çağırdıq, onlardan ölkənin iki real müxalif partiyasından – Müsavat və AXCP-dən birini seçməklə protestolarını nümayiş etdirməyə səslədik.

Hesab edirik ki, ölkədə qorxu imperatorluğunun daha da gücləndirilməsinə çalışıldığı olduqca ağır günlərdən keçirik və ləyaqətli, vicdanlı insanların buna səssiz qalması doğru deyil, bu gün xalqla bir yerdə olmayanlar bir də heç vaxt xalqla bir yerdə ola bilməzlər.
Müsavata keçidimiz xeyli polemikalar yaratdı, onlardan biri də, guya, yazarın siyasi mənsubiyyətinin onun azadlığını əlindən alması ilə bağlı mülahizələrdir. Mən bu mülahizələri “pişiyin əli ətə çatmayınca adını iylənmiş qoyması” kimi qəbul edirəm. Konkret mövqe ortaya qoymaq üçün yetərli cəsarəti olmayanlar belə mücərrəd tezisin arxasına sığınırlar. Başa düşmürəm, onlar özlərini, indi mənim seçdiyim partiyanı hələ 100 il əvvəldən seçmiş Cəfər Cabbarlıdan, Yusif Vəzir Çəmənzəminlidən, Hüseyn Caviddən, Əhməd Cavaddan, Əhməd bəy Ağaoğludan dahamı ağıllı və istedadlı hesab edirlər?
Ümumiyyətlə, niyə “azadlıq” sözü belələrinin yadına məhz indi düşür ki? Onlar mənim, ya da dostlarımın Müsavata keçməyi ilə azadlığımızı itirməyimizdən narahat olurlar da, bəs niyə bütün xalqın azadlığının əlindən alınmasına səslərini çıxarmırlar? Bütün xalqın azadlığını itirməsi onları niyə narahat etmir, əndişələndirmir?
Deməli, bu adamların qarnının ağrısı azadlıq deyil. Onlar belə düşünərkən səmimi deyil, səmimi ola da bilməzlər. Onlar sadəcə, “azadlıq” anlayışını indiki situasiyada istismar edirlər, çünki öz mövqesizliklərini gizlətmək lazımdır.
Uzağa getməyək, keçən əsrin ortalarından başlayaraq dünyada elə bir yaradıcı adam tapmaq çətindir ki, partiyalılığı olmasın: Pazolinidən Sartradək… Bu, onların yaradıcı və şəxsi azadlıqlarına manemi olurdu? Tam əksinə, bu gün onların adları məhz azadlıq sözünün sinonimi kimi qəbul olunur. Insan daxilən kölədirsə, hər yerdə kölədir. Daxilən azadlıq isə elə bir şeydir ki, onu adamın əlindən həbsxanalar, sürgünlər ala bilmir, qalmışdı ki, hər hansı siyasi partiya.
Məsələ çox bəsitdir: Azərbaycanda elə bir vəziyyət yetişib ki, susmaq mümkün deyil. Baş verənlərə səssiz qalmaq, təpkisiz qalmaq mümkün deyil. Bu gün biz tariximizin elə bir anını yaşayırıq ki, seçim etmək bəlkə də heç vaxt bu qədər zəruri olmayıb. Özünə müdrik pozası verib hadisələrin fövqündə dayanmaq satqınlığa bərabərdir. Mövqesizlik, baş verənlərə münasibət xəyanətlə eynidir. Belə bir vaxtda mən və dostlarımızın “etirazlı üzvlük aksiyası”, əslində, rəmzi xarakter daşıyır. Biz cəmiyyətin bütün təbəqələrinə mesaj veririk ki, vətəndaş məsuliyyətlərini anlasınlar, durduqları yeri müəyyən etsinlər. Əks halda gələcək nəslin tənə və nifrəti hər birimizin üzərində olacaq.
Sabah heç kimin “mən onsuz da rejimlə ürəyimdə barışmırdım”, “mənim filan şeirimdəki filan misra hakimiyyətə qarşı üsyana çağırış idi”, “mən filan hekayəmdə demək istəmişdim ki, bu hakimiyyət pisdir və getməlidir” kimi gic-gicə, ürəkbulandıran “arqumentlər”lə özünü sudan quru çıxarmaq lüksü yoxdur. Adama ortadakı beş-üç vicdanlı yazarı, həbsdəki fəalları göstərib deyərlər: onlar həqiqəti açıq-açıq söylərkən, yazarkən və bunun bədəlini ən ağır cəzalarla ödərkən dəysin təpənə sənin Ezopvari misraların, cümlələrin!
Bəli, bu gün mövqelər aydın olmalıdır. Kim harda olduğunu açıq müəyyənləşdirməklə topluma nümunə göstərməlidir. Bunun, guya, öz yaradıcı, şəxsi azadlığını itirməklə nəticələnəcəyini iddia edənlərə isə veriləcək tək cavab var: guya azadlığınızı itirəcəyiniz bəhanəsi ilə azadlıqlar uğrunda mübarizə aparan hər hansı partiyanın üzvü olmaqdan qorxursunuz, bəs heç bir azadlığın olmadığı ölkədə yaşayıb azadlığınızı itirməkdən heçmi qorxmursunuz?