Azərbaycanın dəmir yolu tarixi
Azərbaycanda ilk dəmir yolu xəttinin çəkiliş tarixi neft amili ilə bağlı olmuşdur. Uzun illər ərzində neft primitiv üsullarla arabalara yerləşdirilmiş taxta çəlləklərlə və tuluqlarla daşınırdı. Belə üsul baha başa gəlməsi ilə yanaşı, neft sahəsinin inkişaf etdirilməsinə də maneçilik yaradırdı. Bunun üçün də neft istehsalçıları böyük gəlir qazanmaq məqsədilə dəmir yol xətlərinin çəkilişinə yüksək maraq göstərməyə başladılar. Beləliklə, demək olar, Bakı nefti və onun sənaye istehsalı əvvəl Bakıda, sonra isə bütün Azərbaycanda rels yolunun yaranmasına səbəb oldu. 1878-ci ildə Dövlət fərmanına əsasən Azərbaycanda ilk dəmir yolunun, uzunluğu 20 km olan Bakı-Suraxanı-Sabunçu xəttinin çəkilişinə başlanıldı. Tikinti 20 yanvar 1880-ci ildə başa çatdırıldı. Dünyada ilk dəfə olaraq nefti sisternlərdə daşımağa başladılar. Bu gün tarixə Azərbaycanda dəmir yolunun əsasının qoyulması kimi düşdü. Sonrakı 20 il dəmir yolu tikinitisinin yüksək inkişafı ilə qeyd olunmuşdur. 1883-cü ildə neftin Qara dəniz limanlarına çatdırılması üçün Bakı-Tiflis-Batumi, 1890-cı ildə isə Biləcəri-Dərbənd magistral xətləri çəkildi. 1900-cu ildə Dərbənd-Tixoretskaya xəttinin tikintisinin başa çatdırılmasından sonra Bakı şimal istiqamətində ümumrusiya dəmir yolları şəbəkəsi ilə birləşdirildi, bu da Bakı neftinin dəmir yolu ilə Rusiyanın mərkəzi və qərb rayonlarına çatdırılmasına imkan yaratdı..
Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu ilə birləşdirən 25,2 verst uzunluğunda dəmir yolu xəttinin inşasına icazə verildi. “Neft sahəsi” adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu idə “Simens qardaşları” tərəfindən Gədəbəy mis filiz mədəni və Qalakənd misəritmə zavodu arasında darxətli dəmir yolunun inşasına başlandı və 29 verst uzunluğunda olan bu xəttin çəkilməsi 1884-cü ilin yanvar ayında tamamlandı.
Cənubi Qafqaz dəmir yolunun “Neft sahəsi” adı ilə məlum olan Azərbaycanın ilk dəmir yolu Bakını Balaxanı, Sabunçu və Suraxanı mədənləri ilə birləşdirirdi. Əvvəllər bu yol ilə yalnız neft məhsullarının daşınması nəzərdə tutulmuşdu. Lakin neft mədənləri ilə Qara şəhərdəki neftayırma zavodları arasında neft kəmərlərinin geniş şəbəkəsi yaradıldıqdan sonra “Neft sahəsi” dəmir yolu xətləri ilə sərnişin daşınmasına da başlandı.
1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmir yol magistralının çəkilişinə icazə verildi. 515 verst uzunluğundakı bu yolun 1883-cü il 8 mayda rəsmi açılışı oldu və həmin gün Tiflisdən çıxan ilk sərnişin qatarı 9 mayda Bakıya çatdı. Həsən bəy Zərdabi Cənubi Qafqaz dəmir yolunun – Bakı-Tiflis dəmir yolunun çəkilməsinə böyük qiymət verərək yazırdı ki, Azərbaycanın iqtisadi həyatının yüksəlməsində bu yol Bakı neftindən sonra ikinci boyük amildir.
Bakı nefti buradan dünya bazarlarına çıxdı
XIX əsrin sonu XX əsrin başlanğıcında Azərbaycan ərazisində daha bir neçə dəmir yolu xətti çəkilib istifadəyə verildi. 1900-cü ildə Bakı-Dərbənd dəmir yolu işə salındı (uzunuluğu 217 verst). Bununla Cənubi Qafqaz dəmir yolu Vladiqafqaz dəmir yolu ilə birləşdi və onun vasitəsi ilə Ümumrusiya dəmir yolu şəbəkəsinə qoşuldu, Azərbaycan və bütövlükdə Cənubi Qafqazla Mərkəzi Rusiya arasında müntəzəm nəqliyyat vasitəsi yaradıldı. 1899-cu ildə Tiflis-Qars dəmir yolu (uzunluğu 282 verst) istismara verildi və elə həmin il bu yolun üzərindəki Aleksandropol (Gümrü) stansiyasından Irəvana (uzunuluğu 147 verst), oradan da Culfaya (uzunluğu 177 verst) doğru dəmir yolu xətlərinin tikintisinə başlandı. 1908-ci il 20 yanvar tarixində Tiflislə Culfa arasında dəmir yol magistralı rəsmən istifadəyə verildi.
Beləliklə, Azərbaycanın cənub-qərb bölgələrinin ölkənin əsas hissəsi ilə sabit və davamlı nəqliyyat əlaqəsi saxlaması təmin edildi.
Dəmir yolu Azərbaycan qəzalarında əmtəə istehsalının artmasına, kəndli təsərrüfatının əmtəə-pul münasibətlərinə cəlb olunmasına daha əlverişli şərait yaratdı və beləliklə, daxili bazarın genişlənməsinə imkan verdi. Dəmir yolu kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişafını, kənddə sinfi təbəqələşməni sürətləndirirdi.
Bakı neftinin dünya bazarına çıxarılmasında onun dəmir yolu vasitəsilə daşınmasının böyük əhəmiyyəti oldu. Neft məhsullarının dəmir yol vasitəsilə daşınmasında ilk dəfə 1879-cu ildə Bakı-Balaxanı dəmir yolu xəttində tətbiq olunan vaqon-çənlərdən istifadə edilmişdir.
Qeyd etmək lazımdır ki, XIX əsrin sonunda dəmir yolu neft məhsullarının daşınmasının ancaq 65-70%-ni yerinə yetirirdi. Həmin illərdə neft sənayesinin sürətli inkişafı istehsal olunan bütün neft və neft məhsullarının dəmir yolu nəqliyyatı vasitəsilə daşınamsını çətinləşdirmişdi. Bu da öz növbəsində Xəzər dənizində neft gəmilərindən ibarət böyük donanmanın yaranmasına və Bakı-Batumi neft kəmərinin inşasına gətirib çıxardı.
Çar hökumətinin Bakıdan xaricə neft məhsullarının ixracını əsaslı şəkildə artırmaq üçün gördüyü ən mühüm tədbir 1896-1906-cı illərdə Bakı-Batumi ağ neft kəmərini inşa etdirməsi oldu. Ümumi uzunluğu 839 verst olan bu kəmər il ərzində 60 milyon pud ağ neft nəql etməyə imkan verirdi.
Dəmir yolunun işə düşməsi ilə Azərbaycanın iqtisadiyyatında, sosial mədəni həyatında xeyli nəzərəçarpacaq yeniliklər baş verdi. Bu vaxta qədər daxili peşə sahələrindən biri hesab olunan araba, at, uzunqulaq, dəvə və qatırla yükdaşıma daha sərfəli idisə, dəmir yolunun çəkilişindən sonra bölgələrdə fəaliyyət göstərən yükdaşıyanların (çarvadarların) daşıma istiqamətləri dəyişikliyə məruz qaldı.
Ölkənin həyatında yeni inkişaf mərhələsi açdı
Azərbaycanda əsas yükdaşıma əməliyyatları dəmir yolu vasitəsilə həyata keçirilməyə başlandı. Ona gorə də əvvəllər yükdaşıma qəzalardan Bakı, Tiflis, Gəncə şəhərlərinə doğru olduğu halda, dəmir yolları çəkildikdən sonra qəzalardan yaxınlıqdakı dəmir yol stansiyalarına yönəldi, həm də daxili yükdaşımaların həcmi və çeşidi artdığı üçün çarvadarların sayı da çoxaldı. Artıq XIX əsrin 80-ci illərində Şuşa qəzası ilə Cəbrayıl qəzasının bir neçə kəndinin əhalisi kütləvi surətdə çarvadarlıqla məşğul olmağa – Yevlax stansiyasına araba və furqonlarla yuk daşımağa başlamışdılar. Dəmir yolunun işə duşməsi ilə Azərbaycan daxilindəki poçt stansiyaları və poçt yolları sıradan çıxdı və poçt rabitəsi qəza mərkəzlərini dəmir yolu stansiyası ilə birləşdirən və tədricən şosseləşdirən yollarla həyata keçirilməyə başlandı.
XIX əsrin sonu XX əsrin əvəllərində Gəncə, Şuşa, Nuxa, Quba, Lənkəran, Şamaxı və s. şəhərlərlə yanaşı Ağstafa, Şəmkir, Yevlax, Ləki, Ucar, Kürdəmir, Hacıqabul, Naxçıvan, Culfa və s. dəmir yolu stansiyaları daxili ticarətin mühüm mərkəzlərinə çevrilmişdi.
Bakı-Tiflis dəmir yolu və XIX əsrin sonu XX əsrin əvvəllərinə doğru çəkilən digər dəmir yolu xətlərinin Azərbaycan kəndlilərinin təsərrüfat həyatı üçün böyük əhəmiyyəti vardı. Dəmir yoluna yaxın kəndlərin təsərrüfatı getdikcə daha çox əmtəə xarakteri kəsb etməyə başladı. Təsərrüfat sahəsində yaranan bu dəyişiklik öz növbəsində ictimai münasibətlərə də dərin təsir göstərdi.
Beləliklə, Azərbaycanda ilk dəmir yolunun çəkiliş tarixi 1878-ci ilə, Azərbaycan Dövlət Dəmir Yolunun yaradılması isə 1880-ci ilin 20 yanvar tarixinə təsadüf edir.
20 iyul 2009-cu il tarixində Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir