Aqrar sektor –  batan vektor

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

Çox acı olsa da, deməliyəm: ilin başlanğıcında aqrar sektorla bağlı verdiyim proqnoz doğruldu. Ilin başlanğıcında dövlət başçısı bu ili “Kənd təsərrüfarı ili” adlandırmışdı. Çoxillik rejim praktikasından şıxış edərək, mən də bu ilin kənd təsərüfatını batırma ili olduğunu bildirmişdim. Belə də oldu: “Kənd təsərüfatı ilində” Azərbaycan əkinçiliyi çıxdaş duruma salındı – əkinçi hökumətdən qabaqkı illərdə dilənçi payı yerində aldığını da bu il ala bilmədi. Bircə faktı çıxmaqla: bugünlərdə əkinçilərə subsidiya verilib. Böyük neft-qaz gəlirlərinə köklənərək soruşa bilərsiz: neçə min manat?

Ay hay! Ölmüşdü xankişi!..  Əkinçiyə neçə min manat yardım – olamaz. Olarsa, bu yanda torba dolamaz: xalqdan oğurluq-yığım torbası; milyonlar, milyardlar! Uzun illər Kənd təsərüfatı naziri  olmuş Ismət Abbasov 27 yaşlı oğluna Londonda 26 milyon manatlıq mülk almaq üçün kənd təsərüfatını qazancsız kölə təsərüfatına çevirməli idi. Çevirdi. Indi o, baş nazir A.Rəsizadənin bir addımlığında dayanıb Nazirlər Kabinetindəki baş kreslonun boşalmağını gözləyir. Onun yerinə nazir qoyulan H.Əsədovdan sevgili əkinçilərimiz qayğı-sayğı, hansısa yeniliklər gözləyirkən o belə bir çıxışda bulundu: “dövlətin strateji inkişaf siyasətində Azərbaycanın aqrar ölkəyə, aqrar sahənin inkişafından asılı olan ölkəyə çevrilməsi nəzərdə tutulmur”. Bilərəkdən bu alıntını tez-tez yada salıram. Istəyirəm hamı bilsin: belə başsız-ağılsız “inkişaf strategiyası” olan dövlət yoxluğa sürüklənən dövlət deməkdir!  Bunlardan soruşmaq gərəkir: aqrar sektoru belə gərəksiz, dövlətin boynunda yük sayırsızsa, minlərlə işçisi olan, dövlət büdcəsini yox yerdən yeyib-dağıdan Kənd təsərüfatı nazirliyini niyə saxlayırsız? Hələ ortada bu nazirliyə bağlı çoxlu sayda “yardımçı” yeyinti-mənimsəmə qurumları da var!

Ulu öndərimiz, Ulusal liderimiz M.K.Atatürk deyirdi: “Milli iqtisadiyatın özülü kənd təsərüfatıdır”. Ola bilsin, siz Atatürkün sözünə dəyər verməzsiz, onda böyük fransız düşünəri Jan-Jak Russodan öyrənin: Atatürkün 20-ci yüzildə dediyini 200 il qabaq bir az başqa biçimdə o demişdi.  Onun (Jan-Jak Russonun) sözü də sizin üçün önəmli deyilsə, onda çağdaş dünya dövlətlərindən, deyək, Avropanın aqrar sektordan milyardlarla gəlir götürən balacana ölkəsindən – Hollandiyadan öyrənin. Superqabaqcıl Hollandıya praktikası supertexnologiya baxımından sizə çooox əlçatmaz görünürsə, elədə keçmiş sosialist ölkəsi, bu gün özünün supergəlirli üstün ekonomikası ilə ən gəlişmiş ekonomikası ilə tanınan ölkələri üstələyən Çindən öyrənin. Istəsəniz bizə qardaş ölkədən – Qazaxıstandan da öyrənə bilərsiz. Lap sonda sizə bir ölkə göstərmək istəyirəm: Belarus. Bilirsizmi bu gün bizim yaxınlığımızda ekonomik gəlişmə baxımından bir vektor formalaşmaqdadır: Çin, Qazaxıstan, Belarus vektoru.

Uzmanların bildirdiyinə görə, dünya yeni – yeddinci sosial-ekonomik formasiyaya – inteqral formasiyaya girir. Bu nə deməkdir: kapitalizmlə sozializmin üstünlüklərindən yararlanmaqla dövlət quruculuğu yolu. Coğrafiya baxımından bizə yaxın üç ölkə: Çin, Qazaxıstan, Belarus bu yolda uğurla irəliləməkdədir. Belarusun bu yöndə qazandığı uğurlar üzündən o boyda Rusiya indi Belarusun aqrar sektorundan asılı duruma düşüb. Sizsə, Azərbaycana aşırı “sevginiz” üzündən onun “aqrar sahənin inkişafından asılı olan ölkəyə çevrilməsini” istəmirsiz. Belə bir asılılığa yol verməmək üçün Avropadan biri 42 min dollara EŞŞƏK alırsız! Bəlli olduğu kimi, ucuz-bahalığından asılı olmayaraq eşşək aqrar sektor subyektidir. Aqrar sektoru dövlətin  “strateji inkişaf siyasətindən” qıraqda qoyub, eşşəkçiliyi INKIŞAF etdirmək nə deməkdir? Siz allah, bunu bizim yazıq xalqımıza başa salın! Indiyədək getdiyim yerlərdə tanış fermerlər məndən dönə-dönə soruşublar: “Biri 42 min dollara Avropadan alınan eşşək  kimin nəyinə gərəkdir?” Bu sizi acıqlandıra bilər, ancaq… sizin dışlayıb ölkədən uzaqlaşdırdığınız demokratik prinsiplər baxımından xalqın BILMƏK hüququ var – ən azı, vergiverən olaraq!

P.S. Hər il aqrar sektorda çalışanlara subsidiya adına 50 manat pul verilirdi. “Kənd təsərüfatı ilində”, (bugünlərdə!) neft milyardlarının azalmasıyla ölkəmiz yaman günə qaldığından, indi 25 manat verdilər. Idman oyununa 10 milyard, Bakıya gətirdikləri Ledi Qaqaya bir mahnı üçün 2 milyon manat  (iki milyon!) verirlər, Azərbaycan üçün çalışan əkinçiyə… 25 manat! Yaşasın vəhşi kapitalizm!