Hökumət təhlükəli borclanmaya girir

kredit borcu

Qadir İbrahimli: «Hökumət daxili borclanmanın limitini artırmaqla maliyyə problemlərini ertələməyə çalışır»

Azərbaycanın 2015-ci il dövlət büdcəsində daxili dövlət borclanmasının yuxarı həddi artırıla bilər. Azərbaycan Respublikasının 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddinin (limiti) 1,5 mlrd. manatdan 4,5 mlrd. manata qədər artırılması təklif olunur. Xarici dövlət borclanmasının yuxarı həddi (limiti) əvvəl nəzərdə tutulduğu kimi 1,5 mlrd. manat səviyyəsində qalacaq.

Bir sıra dövlət layihələrinin maliyyələşdirilməsi üçün lazım olan vəsaitin cəlb edilməsindən ötrü sözügedən Qanunla təsdiq edilmiş daxili dövlət borclanmasının yuxarı həddinin (limitin) 3 mlrd. manat artırılmasını və müvafiq olaraq 4,5 mlrd. manat təşkil etməsini zəruri edir.

Bu dəyişiklik 2015-ci il iyulun 15-dən tətbiq edilir. Qeyd edək ki, dəyişikliyi nəzərdə tutan qanun layihəsiÿ Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Qəzetimizin ötən sayında məsələ ilə bağlı iqtisadçı Rövşən Ağayevin fikirlərinə yer vermişdik. Hökumət bir sıra addımlarını reallaşdırmaq üçün bunu etməyə məcburdur. Iqtisadçı Beynəlxalq Bankın sağlamlaşdırılması məqsədi ilə hökumətin daxili borclanmaya getdiyini yazıb: “Hökumət Beynəlxalq Bankın sağlamlaşdırılması məqsədilə 3 milyard daxili borclanmaya gedir. Əlavə olaraq, Dövlət Neft Şirkətinin daxili və xarici layihələrinin dəstəklənməsi üçün 1.8 milyard manat daxili borclanma planlaşdırılır”.

Bəs atılan addım, daxili dövlət borclanmasının yuxarı həddinin 4,5 milyarda qədər artırılması haesı məqsəd daşıyır?

qadir-ibrahimli

Iqtisadçı Qadir Ibrahimli hesab edir ki, maliyyə problemləri ilə üzləşən hökumət düşdüyü vəziyyətdən çıxmaq üçün belə bir addım atır. Iqtisadçının fikrincə, bu addım qısa müddət üçün effekt versə də, bir müddət sonra vəziyyəti daha da ağırlaşdıra bilər: “Çünki daxili borclanmanın limitinin artırılması maliyyənin çatışmazlığından irəli gəlir. Ona görə hökumət belə bir qərar qəbul etməklə problemləri ertələməyə çalışır. Amma bu, vəziyyətdən çıxış yolu deyil, əksinə, problemlərin ertələnməsidir”.

Xəyal