qenimetzahid-yeni

Əli Kərimlinin sehrli avtoritarizmi haqqında

qenimetzahid-yeniXalq Cəbhəsi üçün Nizamnamə yazılan başqa ünvanlar

Bir neçə gündən sonra Xalq Cəbhəsinin növbəti qurultayı keçiriləcək. Təşkilat üçün olduqca gərgin zamanlardır. Bir neçə ay öncə partiyadan kənarlaşdırılan sədr müavini Razi Nurullayev hakimiyyətin açıq maliyyə və logistik dəstəyi ilə AXCP-yə qarşı təxribatçı fəaliyyət başlatmışdı və bu fəaliyyət bu günə qədər səngiyib öləziyə-öləziyə də olsa, davam edir. AXCP-yə heç bir aidiyyəti olmayan adamların iştirakı ilə guya konfrans-iclaslar keçirir, öz aləmində rayon şöbələri yaradır və bu mənasız fəaliyyətin sadəcə olaraq, həm partiya üçün bütövlükdə, həm də partiya üzvləri üçün çaşqınlığa gətirib çıxara biləcəyini düşünürlər. Eləcə də, ictimai rəydə AXCP ətrafında yeni bir qalmaqalın mövcudluğu görüntüsünü yaratmaq məqsədilə. Cəbhəçilərin ironiya ilə “Razişou” adlandırdığı kampaniya hələ tam başa yetməyib və orda-burda onu üfürüb közərdirlər.

Amma hər halda aşkar görünür ki, bu kampaniyanın uğursuzluğu, onu sanksiyalaşdıranları məyus etsə də, yeni bir qovğa mərkəzi yaratmaq üçün dəridən-qabıqdan çıxırlar.

Bu dəfə təşkilatın daxilində “alternativ namizəd” hikkəsinə start verilib. Ehtimal etmək çətin deyil ki, bu da eyni mərkəzdən sanksiyalaşdırılır. Çünki bütün parametrlərinə görə bu “alternativ namizəd” olayı da təbii-siyasi əsaslardan məhrum görükür. Sadəcə olaraq, tələblər adekvat deyil.

Xalq Cəbhəsi nə üçün hakimiyyətə gəlmir?

Öncə ondan başlayım ki, namizədliyini hələ rəsmən irəli sürdüyünü elan etməyən indiki sədrə qarşı çox seyrək məntiqli iddialar səsləndirilir.

Bu iddiaları bəlkə də boş vermək olardı, amma AXCP üçün, indi hakimiyyətin əsas hədəfində olan bir təşkilat üçün bu ittihamlara-iddialara cavab verməyi lazımlı sayıram.

Birinci ittiham budur ki, Əli Kərimli 15 il ərzində partiya sədri olub, amma hakimiyyətə gələ bilməyib. Doğrudan da partiya 15 il ərzində hakimiyyətə gələ bilməyibsə, onun səbəblərini partiyanın daxilində axtarmağa dəyər, amma ölkədəki ictimai-siyasi durumu nəzərə almadan, ya da sadəcə olaraq, demoqogiya xatirinə…

Bəli, Xalq Cəbhəsi 15 ildə hakimiyyətə gələ bilməyib. Amma Azərbaycanda bu 15 ildə bütün vətəndaş cəmiyyətinin daşı-daş üstə qalmayıb. Azərbaycan bir diktatorluq dönəminə soxulub və bu düzəni dəyişmək hər hansı bir partiyanın imkanı xaricindədir. Hətta ABŞ Dövlət Departamenti də bir neçə il əvvəl yaydığı hesabatda xüsusi olaraq qeyd etmişdi ki, Azərbaycanda xalqın seçki yolu ilə hakimiyyəti formalaşdırmaq hüququ əlindən alınıb. Bu, başa düşürsünüzmü, nə deməkdir? Xalqın seçki yolu ilə hakimiyyəti formalaşdırmaq hüqüqu bərpa edilməlidir. Və Azəraycan Xalq Cəbhəsi bu hüququn bərpa edilməsinin əsas təminatlarından biridir. Nəyə görə? Ona görə ki, ölkədə vətəndaş cəmiyyəti məhv edilib, müstəqil media bir şəbəkə, sistem olaraq mövcud deyil, siyasi partiyaların mütləq əksəriyyəti “cib müxalifəti” titulunu qazanmaq üçün yarışa girib, cəmiyyət qorxunun və inzibati terrorun hədələri altında deqradasiyaya uğrayıb. Millətin nəinki təbii sərvətlərə olan haqqı, hətta 100 illər boyunca Azərbaycan xalqının yaratdığı maddi nemətlər qəsb edilib. Belə bir şəraitdə Azərbaycan Xalq Cəbhəsinin prinsipal mübarizəsini qoruyub saxlamaq, ardıcıl siyasəti davam etdirmək, partiyanın bütün strukturlarını, o cümlədən rəhbər korpusunu hakimiyyətin şirnikləndirici vədlərindən kənarda saxlamağı bacarmaq və partiya üzvlərini təşkilatın proqram məqsədləri uğrunda səfərbər etməyi bacarmaq nəhəng bir uğurdur. Siyasi idarəetmə rejimi Azərbaycandakı rejimlə eyni olan ölkələrin heç birində belə bir unikal müxalifətçi siyasi təşkilat yoxdur.

Xalq Cəbhəsi hakimiyyətə gələ bilməyib, amma bu yalnız Xalq Cəbhəsinin günahı deyil. Əksinə Xalq Cəbhəsinin uğurudur ki, öz mübarizə formasını, tərzini və ruhunu saxlaya bilib. Üstəlik, bütün maddi qaynaqların qırıldığı, normal fəaliyyət üçün ofis imkanlarının olmadığı bir şəraitdə. Yerli şöbələrlə işin təşkili addımbaşı rejimin inzibati resurslarının qaba və qanunsuz müdaxiləsi ilə üzbəüz olduğu halda. İnsanların hətta öz evlərində təşkil etdikləri iclasların polisin vasitəsilə dağıldığı halda.

Əli Kərimli tələbkar olmalı deyilmi?

İttihamlardan biri budur ki, Əli Kərimli avtoritar liderdir və onun yerini daha demokratik partiya rəhbəri tutmalıdır. Əli Kərimli tələbkar liderdir. Amma bu tələbkarlıq onun özünün iş qrafiki ilə həmahəngdir. O, çox işləyir, daimi və fasiləsiz olaraq partiya üçün işləyir. Ölkənin yalnız siyasi sferasında deyil, bütün fəaliyyət sahələrində onun qədər işləyən ikinci birisini tapmaq mümkün deyil. O, özünün iş əmsalının aşağı-yuxarı 50 faizini, bəlkə, daha azını partiya strukturlarından və rəhbərlikdən tələb edir. Bir halda ki, az əvvəl yuxarıda sadaladığım şərtlər altındakı cəmiyyətdə hədəfi azadlıq və demokratiya olan müxalifət partiyasının funksioneri olmağa razılıq verərək partiya kadrına çevrilirsən, o halda buyur, zəhmət çək, partiya üçün işlə. Bu tələbkarlıq səni qane etmirsə, işləmə, amma eyni zamanda partiya strukturlarında tutduğun yeri boşalt, istefa ver və sıravi cəbhəçi kimi ictimai missiyanı davam etdir. Amma sıravi cəbhəçi də partiya liderinin tələbkarlığı ilə qarşılaşacaq. O, bütün partiyanı olduqca çevik və fasiləsiz işləyən bir mexanizm halına gətirib. Bu, yaxşıdır, ya pisdir? Cavabı hər kəs öz vicdanına uyğun versin.

“O, siyasi birliklərin yaranmasına mane olur”

Əli Kərimli müxalifətin birliyinə mane olurmuş! Səslənən iradların tənqidə ən dözümsüz olanı da budur. Çünki, Əli Kərimli bütün mərhələlərdə böyük müxalifət birliklərinin və bloklarının yaradılmasında əsas simalardan biri kimi, çox hallarda əsas təşəbbüslərin müəllifi kimi çıxış edib, bu birliklərin yaranmasına nail olub. Ona görə də, bu iddianı xüsusi olaraq xırdalamadan başqa detallara varmağa dəyər.

“İdeoloji doluluq” nə deməkdir?

Xalq Cəbhəsinin ideoloji boşluğu varmış! Çox qüsurlu və yanlış iddiadır. Ölkə insanının azadlıq haqqını özünə qaytarmaq, cəmiyyəti demokratiya prinsipləri ilə idarə edən hakimiyyət mexanizmlərinin bərpası uğrunda mübarizə ideologiya deyilmi? Kimlərsə, bu hədəfləri cari məsələ sayıb, özü üçün daha “uca” missiya elan edə bilər – coğrafi tutumu və qavranma zərurəti Azərbaycan adamına mümkün qədər toxunmayan “uca” ideyalar!

Başlıcası budur ki, indi Azərbaycan humanitar fəlakət zonasıdır və Xalq Cəbhəsinin də başlıca ideyası, ideologiyası ölkəni bu durumdan çıxarmaq üçün milləti və ya millətin fəal kəsimini daha effektiv şəkildə səfərbər etməkdən ibarətdir. Xalq Cəbhəsi mövcudluğunu, prinsiplərini, mübarizə əzmini qorumaqla, üstəlik, gerçəkdən siyasi fəaliyyətə qoşulmaq niyyətində olanlar üçün ilk sırada dayanan təşkilat olmaqla bu işi görür. Bütün mücərrəd ideologiyaların daşıyıcıları özünü bir sonrakı dönəmin, postəliyev dönəminin müxalifəti elan edir. Xalq Cəbhəsi isə postəliyev dövrünün deyil, Əliyev dövrünün müxalifətidir. O, bütün zərbələri öz üzərinə götürür, yorulmur, usanmır, geri çəkilmir və geri çəkilməyəcək. “Alternativ oyunu” düzəldənlərin arzularının xilafına olaraq geri çəkilməyəcək.
Bunun üçün isə Əli Kərimlinin hətta bir az daha artıq tələbkar olması lazımdır.

Əli Kərimli avtoritar lider imiş!

Mən bunu, hətta, əbləh bir ittiham adlandırardım və bu ittihamın ilk dəfə səslənmədiyini nəzərə alaraq ona qısa, amma tutarlı bir münasibət göstərmək istəyirəm. Xalq Cəbhəsi Partiyası müxalifətdə olan, həm də az əvvəl təsvir etdiyim kimi qaba bir rejimin müxalifəti olan təşkilatdır. Bu təşkilatın on minlərlə üzvü var və təşkilat onlara, açıq desək, mübarizə stimulundan başqa heç nə vermir. Bu təşkilatın bütün üzvləri (arabir deyəsən, bütün üzvləri demək yerinə düşmür, çünki seyrək ideyalı olanlar da üzə çıxır) avtoritarizmə qarşı mübarizədə ən qaba təzyiqlərə məruz qalırlar, amma geri çəkilmirlər. Avtoritarizmə qarşı mübarizədə! Onlar avtoritarizmi qəbul etmirlər! Birmənalı olaraq, qəbul etmirlər! “Əli Kərimli avtoritar liderdir” deyənlər anlaya bilirlərmi ki, avtoritarizmə qarşı mübarizəyə bütün həyatını, sağlamlığını, rahatlığını qurban verən cəbhəçilər niyə Əli Kərimlinin avtoritar tərzini qəbul etməlidirlər? Əgər Kərimli avtoritar liderdirsə, o zaman avtoritarizmi mənəvi- psixoloji baxımdan rədd edən minlərlə cəbhəçi onun liderliyini niyə qəbul etməlidir ki? Bu sarsaq ittiham kimin nə zaman beyninə dolub, mən bilmirəm, amma deyəsən, ağıllı ideyanı hansısa beyinlərə yeritmək mümkün olmur və eyni uğurla da sarsaq ittihamları kimlərinsə dilindən qoparmaq daha çətin olur.

Əli Kərimli xarizmatik liderdir, avtoritar deyil. Onun xarizması da məhz, ardıcıl siyasi fəaliyyəti və prinsiplərinə sədaqətilə cilalanıb. Onun bütün davranışları Xalq Cəbhəsi kimi böyük missiyalı bir təşkilatın liderinə uyğun davranışlardır. Onun tələbkarlığını qəbul etməyənlər, daha doğrusu, cəmiyyət üçün azadlıq və demokratiya savaşı verməyi anlaya bilməyənlər fərdi rahatlıqlarının dalınca gediblər. Bu, həmişə olub, bütün partiyalarda olub, o cümlədən də Xalq Cəbhəsində. Hətta burada da Əli Kərimlinin bir üstünlüyü var: bütün gedənləri onun ən yaxın dostları sayırlar. Axı, Əli Kərimli məhz o atmosferi yaradır ki, onun yanında olanları hamı onun dostları kimi görür və qəbul edir. Sadəcə olaraq, partiyadaş kimi yox, həm də dost kimi tanıyırlar və elə də qəbul edirlər. Bu zamana qədər partiyaya, onun mübarizəsinə dönük çıxıb gedənlərin heç biri başqa müstəvidə mübarizə aparmaq üçün getməyiblər axı. Onların demək olar ki (demək olar ki!), hamısı Xalq Cəbhəsinin ağır və çətin missiyasından başlarını götürüb qaçıblar və Əli Kərimliyə qarşı açıq hücumları da yeni düşərgədə daha çox komfort və daha çox pay qoparmaq naminə ediblər. Əli Kərimliyə qarşı çıxmaq rejim tərəfindən həmişə mükafatlandırılıb. Bunu incik YAP-çılar da elan edirlər artıq.

Xalq Cəbhəsinin sədrliyinə iddia etmək olar. Özünü alternativ namizəd elan etmək olar. Özünü Əli Kərimliyə alternativ elan etmək olar. Bu, AXCP üzvlərinin hamısının Nizamnamə haqqıdır. Amma Əli Kərimliyə qarşı çıxmaq maneraları ortaya gələndə, bu, artıq Nizamnamə hüququ deyil, başqa “Nizamnamə”lərin ortalığa qoyduğu şərt kimi görünür…

Bu yazını Əli Kərimlini müdaifə etmək üçün yazmadım, situasiyanı aydınlaşdırmaq üçün yazdım.