Altay Əfəndiyevin geri çağırılması barədə 4 ay əvvəl fərman imzalansa da, o, indiyədək Madriddəki kabinetindədir
Azərbaycanın Ispaniyadakı səfiri Altay Əfəndiyev bu il mayın 20-də prezident İlham Əliyevin imzaladığı fərmanla geri çağırılıb. Lakin o, hələ də hələ də Madriddəki səfirlikdə iş kabinetini boşaltmayıb və faktiki olaraq səfir kimi fəaliyyətini davam etdirir. Bu barədə “istiqlal.az” Xarici Işlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, Altay Əfəndiyev Ispaniyada səfir vəzifəsinə 2010-cu ildə təyin olunub. Maraqlıdır ki, səfirliyin rəsmi internet səhifəsində də Altay Əfəndiyevin hələ Ispaniyadakı fövqəladə və səlahiyyətli səfir olduğu göstərilir.
“Virtualaz.org” bu məlumatı dəqiqləşdirmək üçün Azərbaycanın Ispaniyadakı səfirliyilə telefon əlaqəsi saxlayıb. Səfirliyin əməkdaşı Günay Ramazanova bildirib ki, hazırda səfir vəzifəsi boşdur. Çünki səfir bu ilin may ayında geri çağırılıb.
Günay Ramazanovaÿ” bəs Altay Əfəndiyev hazırda səfirlikdə işi davam etdirirmi?”ÿsualına isə “mən bu suala cavab verə bilmərəm, Xarici Işlər Nazirliyinə zəng edin” cavabını verib.
Diplomatik xidmət haqqında əsasnaməyə görə, əgər fövqəladə və səlahiyyətli səfir geri çağırılırsa, səfirlikdə ondan sonra ikinci ən yüksək vəzifəni tutan şəxs yeni səfirin fəaliyyətə başlamasına qədər müvəqqəti işlər vəkili statusunu alır və diplomatik təmsilçiliyi həyata keçirir. Prezidentin fərmanına əsasən Ispaniyadakı səfir geri çağırılsa da yeni səfirin təyinatına dair fərman imzalanmayıb.
Səfirlik əməkdaşı Azərbaycanın Ispaniyadakı müvvəqqəti işlər vəkili statusunu kimin daşıdığına dair suala da cavab verməyib. Bir daha bildirib ki, bu kimi suallara görə Xarici Işlər Nazirliyinə müraciət etmək lazımdır.
Xarici Işlər Nazirliyindən isə Azərbaycanın Ispaniyadakı səfiri ətrafında yaranmış müəmmalı vəziyyətə dair rəsmi şərh almaq mümkün olmayıb.
Lakin nazirlikdən qeyri-rəsmi olaraq deyiblər ki, praktikaya görə, səfirin geri çağırılmasına dair fərman imzalanırsa, həmin vaxtdan onun səlahiyyətlərinə xitam verilmiş olur.
Xəbərə görə, keçmiş səfir Altay Əfəndiyev nəinki səfirliyi tərk etmək istəmir, eyni zamanda onun başçılığı altında səfirlikdə bir-biri ilə yaxın qohum olan şəxslər işləyirlər. Məsələn, səfirliyin maliyyə müşaviri Əsəd Muradov, mədəniyyət müşaviri isə onun xanımı Günay Muradovadır.
Digər əməkdaşlar da bir-biri ilə, habelə Altay Əfəndiyevin özü ilə qohumluq əlaqələrinə malikdir.
Bu müəmmalı situasiya Azərbaycanın xaricdəki səfirliklərinin əməkdaşları ətrafında son vaxtlar bir-birinin ardınca baş verən səs-küylü qalmaqallar fonunda meydana çıxır.
Xatırladaq ki, Azərbaycan diplomatlarından bir neçəsi yerləşdikləri ölkələrdə siyasi sığınacaq istəyiblər, bir neçəsi isə işdən çıxarılıb. Habelə üsyankar diplomatlar səfirliklərin korrupsiyalaşdığına dair iddialar irəli sürüblər.
Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik xidmət əməkdaşları arasında “etik qaydaları pozanların” və yarıtmaz fəaliyyət göstərənlərin olduğunu, belələrinin cəzalandırılacağını bildirib.