Fuad Qəhrəmanlı: «Azərbaycanın Qərblə münasibətlərinin dərinləşəcəyi halda, Rusiyanın hansı istiqamətlərdə kömək edə biləcəyi müzakirə predmeti ola bilər»
Dövlət başçısı Ilham Əliyev sabah Moskvaya səfər edəcək. I.Əliyev Moskvada Avropanın ən böyük məscidinin açılışında iştirak edəcək. Açılış mərasiminə müsəlman ölkələrin bir çox nümayəndələri də qatılacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayevin və Fələstin lideri Mahmud Abbasın da Rusiyaya gələcəyi deyilir. Moskva Ulu Məscidi Qurban bayramından bir gün əvvəl, yəni sentyabrın 23-də açılacaq. Açılış mərasiminə Rusiya dövlət başçısı Vladimir Putin də qatılacaq.
Cənubi Qafqazda kifayət qədər gərgin durumun yarandığı zamanda bu səfər maraq doğurur. I.Əliyevin səfər zamanı ikili görüşlərinin olacağı istisna deyil. Bəs səfər zamanı hansı məsələlər müzakirə oluna bilər? I.Əliyevin Putinlə görüşündə hansı məsələlər gündəmdə olacaq?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, hazırkı dönəmdə Azərbaycanın dövlət başçısı ilə Rusiya rəhbərliyi arasında müzakirə oluna biləcək məsələlərin spektri geniş ola bilər. Ənənəvi olaraq gündəmdə olan məsələlərdən birincisinin Qarabağ problemi ilə bağlı ola biləcəyini deyən F.Qəhrəmanlı son zamanlar cəbhə bölgəsində gərginliyin artmasının müşahidə olunduğunu deyir: “Bir müddət öncə Rusiya Ermənistanla genişmiqyaslı hərbi təlimlər keçirmişdi. Eyni zamanda Azərbaycan da keçirdiyi hərbi təlimləri bir neçə gün əvvəl başa çatdırdı. Bundan əvvəl isə Rusiya Ermənistana silah alması üçün 200 milyon dollar ayırmışdı. Bütün bunlar onu göstərir ki, Rusiya Qarabağda baş verən hərbi gərginlikdən kənarda deyil. Bu prosesdə müxtəlif formalarda iştirak edir. Ona görə Rusiya ilə bu məsələlər yalnız ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, dolayı yolla münaqişədə iştirak edən tərəf kimi müzakirəyə çıxarılacaq. Son vaxtlar Azərbaycanın Rusiyaya yaxınlaşmasının fonunda Qarabağla bağlı rəsmi Bakının atdığı addımlar çox böyük ehtimalla Kreml ilə razılaşdırılır. Ona görə istisna deyil ki, cəbhə bölgəsində baş verən gərginliklər birgə, razılaşdırılmış ssenarinin tərkib hissəsidir və regionda təhlükəsizliyin, sabitliyin pozula biləcəyi ilə bağlı şantaj xarakteri daşıyır. Bu şantajın da hədəfi Qərbdir, atılan addımlar Qərbə ünvanlanıb”.
F.Qəhrəmanlı onu da bildirdi ki, Rusiya tərəfi ilə aparılacaq danışıqlar münaqişənin həllinə deyil, daha çox cəbhə bölgəsində yaranmış vəziyyətin müzakirəsinə yönələcək. Azərbaycan üçün önəm daşıyan məsələlərdən birinin də Qərblə əlaqələrin son zamanlar açıq qarşıdurma müstəvisinə keçməsinin, kəskinləşməsinin olduğunu deyən AXCP yetkilisi bildirdi ki, belə olan halda Azərbaycan hakimiyyətinin Rusiyanın himayəsinə daha çox ehtiyacı var: “Azərbaycan Qərbdən gələn təzyiqlərə qarşı Rusiyanı özünə əsas dəstəkçi hesab edir. Hakimiyyət öz siyasi kursunu hələ ki, dəyişmək niyyətində deyil. Görünür, Ilham Əliyevin keçirəcəyi görüşlərdə bu kursun davam etməsi üçün Rusiyadan dəstək istəniləcəkdi. Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərinin daha da dərinləşəcəyi təqdirdə, Rusiyanın Azərbaycana hansı istiqamətlərdə kömək edə biləcəyi müzakirə predmeti olacaq”.
Regional təhlükəsizliklə, terrorizmlə bağlı məsələlərin də müzakirə ehtimalının olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, o sıradan enerji məsələləri ilə bağlı suallara da toxunula bilər. Çünki Qərb bazarında Rusiya qazına tələbatın azalması Rusiya üçün yeni bazarlar axtarmaq zərurəti yaradır: “Hətta bu yaxınlarda Azərbaycan tərəfi bildirmişdi ki, ölkəmiz Rusiya qazını alacaq. Görünür, Rusiya maraqlı olduğu bu məsələdə Azərbaycana təsir göstərməyə çalışacaq”.
Iranın Qərblə münasibətlərini normallaşdırmasının regionda fərqli ab-hava yaratdığını deyən F.Qəhrəmanlı hesab edir ki, bu regional açılım Qərblə kəskin münasibətlərdə olan Rusiya ilə Azərbaycan arasında müzakirə predmeti ola bilər: “Rusiya Azərbaycana Şanxay təşkilatına üzv kimi qoşulmaqla bağlı təklif vermişdi. Görünür, Azərbaycanın bu təşkilata qoşulması perspektivləri də ikitərəfli müzakirə predmeti ola bilər. Ümumiyyətlə, indiki halda Azərbaycanla Rusiya arasında məsələlərin müzakirəsi iki bərabərhüquqlu tərəfin müzakirəsi deyil. Bu münasibətlər daha çox Azərbaycanın Rusiyanın iradəsini qəbul etmək konkekstindən qurulan asılı münasibətlərdir”.
Xəyal





