İmişlidə güllə alveri necə baş verib?

Rayon prokuroru cinayətdə təqsirli bilinən şəxslə Möhübbət Hüseynovun vasitəsilə sövdələşib

“Azadlıq”ın ötən sayında Imişli rayonunun Qulubəyli kənd bələdiyyəsinin sədri Qalib Nağıyevin oğlu Mirnahid Nağıyevin qətli ilə bağlı redaksiyamıza daxil olan ilginc məlumatların bir qismini təqdim etmişdik.
Həmin məlumatlarda deyilirdi ki, Mirnahid Nağıyev qətlə yetirilən gün ekspert Fazil Bayramov onu müayinə edərək hazırladığı rəydə qeyd edib ki, mərhumun kəllə sümüyünə pərçimlənmiş güllə aşkar olunub. Lakin şərait həmin gülləni çıxarmağa imkan verməyib. Rəy avqustun 10-da verilib. Lakin mərhumun yaxınlarının təkidilə meyit eksqumasiya olunduqdan sonra bəlli olub ki, güllə yoxa çıxıb. Məlumatda iddia olunur ki, güllə elə ilk gündən aşkar edilərək götürülüb və saxta rəy hazırlanıb. Bildirilir ki, bunun üçün Hənifə Əliyevin yaxınlarından “şirinlik” də alınıb. Bu, məhkəmə istintaqı zamanı Hənifə Əliyevin qətl hadisəsini üzərindən atmasına kömək məqsədilə edilib.
Bildirmişdik ki, bu cinayətdə Fariz Bayramovla yanaşı Imişli prokuroru Nizami Göyüşovun adı hallanır. Hər halda ekspert  bəzi yerlərdə  “mən həbs ediləcəyəmsə, Nizami Göyüşov da həbs ediləcək” kimi bəyanatlar verir.
Indisə Nizami Göyüşovun bu cinayətə imza atmasının səbəblərini oxuculara təqdim edəcəyik. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, Hənifə Əliyevin Heydər Nuruşov adlı yaxın qohumu var. Bu şəxs iş adamıdır və əslən Qazaxlıdır. Onun Yasamal polisinin sabiq rəisi, hazırda DIN-də məsul vəzifədə çalışan Möhübbət Hüseynovla ortaq biznesinin olduğu bildirilir. Möhübbət Hüseynov Yasamal polisinin rəisi olmamışdan əvvəl Qazax polisinin rəhbərliyində çalışıb. Onun Nizami Göyüşovla dostluq münasibətləri var. Məlumatlara görə, Heydər Nuruşov Möhübbət Hüseynovun vasitəsilə Nizami Göyüşovla görüşüb. Və qohumunun törətdiyi cinayətin ört-basdır edilməsi üçün ondan yardım istəyib. Beləliklə də əvvəldən başlayaraq Mirnahid Nağıyevin qətli ilə bağlı başlanmış cinayət işi saxtalaşdırılıb. 
Yazıda adı hallanan şəxslərin də mövqeyini dərc edə bilərik.

Informasiya şöbəsi