Neft pullarının talanması davam edir
2 km yola 63 milyon, Bakının işıqlandırılmasına 198 milyon manat «xərclənib»
Qubad İbadoğlu: «Bu cür xərcləmələr nəticəsində neft pulları sürətlə tükənə bilər»
Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsi hazırda Prezident Administrasiyasında baxılır və oktyabrın 15-dək parlamentə təqdim ediləcək. Prezident Administrasiyasının Iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimovun sözlərinə görə, büdcə gəlirlərində əsas yeri tutan Dövlət Neft Fondundan transfertlər gələn il üçün təxminən 10 mlrd. manat həcmində nəzərdə tutulur.
Biz ildən-ilə dövlət büdcəsində neft pullarının həcminin artmasını müşahidə edirik. Halbuki müstəqil ekspertlər dəfələrlə vurğulayıblar ki, neft pullarının büdcə vasitəsi ilə bu cür xərclənməsinin ciddi fəsadları ola bilər.
Dünya Bankının Azərbaycana il ərzində neft pullarından 4.9 milyard səviyyəsində xərcləmələrə getməsini məsləhət gördüyünü deyən iqtisadçı ekspert Qubad Ibadoğlu bildirdi ki, Azərbaycan neft pullarını yalnız büdcə vasitəsi ilə deyil, Neft Fondundan ayırmalar hesabına da xərcləyir. Neft pullarının belə sürətlə xərclənməsinin Azərbaycana yaxşı heç nə vəd etmədiyini deyən Q.Ibadoğlu vurğuladı ki, nəticədə gələcək nəsillərin payının mənimsənilməsinə indidən imkanlar artır: “Neft pullarının xərclənməsi prosesi şəffaf deyil. Burada kifayət qədər korrupsiya imkanları var. Məsələn, bu ilin ilk yarısında dövlət büdcəsinə yenidən baxıldı və investisiya büdcəsinə 2.48 milyard manat pul ayrıldı. Həmin vəsaitin bölgüsünə diqqət yetirəndə onun mənimsənilməyə xidmət etdiyi açıq görünür. Məsələn, Bayıl qəsəbəsindən Dövlət Bayrağı Meydanına iki kilometr yolun çəkilməsinə 63 milyon pul ayrılıb. Bayraq Meydanının özünün abadlaşdırılmasına 55 milyon manat pul ayrılıb. Bakı şəhərinin abadlaşdırılması və işıqlandırılması sisteminə isə yalnız bu ilin ikinci yarısında 198 milyon manat pul yazılıb”.
Q.Ibadoğlunun sözlərinə görə, bu cür xərcləmələr nəticəsində neft pulları sürətlə tükənə bilər. Hazırda bunun ilkin fəsadlarının artıq göründüyünü deyən Q.Ibadoğlu bildirdi ki, bu il Azərbaycanın idxaldakı artımı cəmi 1.1 faiz olub. Amma keçən illə müqayisədə cəmi 43 faiz olub. Bu isə o deməkdir ki, Azərbaycan hakimiyyəti yalnız neft pullarını xərcləməklə məşğuldur: “Neft pulları yalnız ona xidmət edir ki, korrupsiyanın miqyası daha da genişlənsin. Ayrı-ayrılıqda nazirliklərə verilən pullar vergilər vasitəsilə mənimsənilsin”.
Xəyal


