Ayıya haqq qazandıran qanun

seadetSəadət Cahangir 

Sərinləyən payız havası ilə seçki oyununa doğru gedirik. Bir yazar, bir etirazçı, bir vətəndaş olaraq bu oyunda heç bir rol  almaq istəmədiyimi başından yazmışam. Böyük narazı çoxluğun və müxalif düşərgənin mövqeyindən çıxış edərək gəldiyim bu qənaəti zaman da təsdiqlədi. O ərəfədə bu mövqeyimizə görə bizə söz və ya “daş” atanlar da indi boykot haqqında danışırlar. Olsun! Biz o daşlardan qorunarıq, əsas odur, insanlar yanlış yolda olduqlarını anlayıb, ziyanın yarısından qayıtsınlar. Qayıtmayanın da babalı öz boynuna. Biz dediyimizi demişik, günah da bizdən gedib.

Allah Üzeyir bəyə rəhmət eləsin, bizim halımızın eynisini 100 il əvvəl o da yaşayıb demək ki: “Bu keçənlərdə Irəvandan bir kağız almışdım, məzmunu belə idi: ay Filankəs, ayıb deyilmi ki, bizim camaatı yoldan çıxarırsan! Mən də cavabında yazıb soruşdum ki, balam, nə qayırıram? Cavabında kağız gəldi ki, bəs, hə, ”Irşad”ın bilmirəm hansı nömrəsində yazmışdın ki, ey müsəlmanlar, olmaya-olmaya erməniyə, urusa qatışıb, dumaya filan adamı göndərərsiniz. Bizim adamlarımız, uşaqdan tutmuş böyüyə kimi, sənin bu sözlərini oxuyan təki seçki kağızlarını cırıb getdilər hamama. Balam, allah sənə insaf versin!…” ( “Duma-Quba meydanı” felyetonu)

Indiki durum da belədir. Əvvəl seçki bayrağı qaldırıb biz tərəfə atəş açanların çoxu deyəsən yavaş-yavaş kağız-kuğuzu atıb gedir. Yəni məsələ o qədər aydındır ki, bunun üzərində uzun-uzadı baş sındırmağa da dəyməz. Noyabrda ölkədə seçki deyil, seçki oyunu olacaq. Bu durumda həvəslə namizəd olub, özünü aldadanların zəhmətinə heyf. Oyunda bilərəkdən yer almaq istəyənlərlə də özləri bilsin, bir də allahları.  Çünki o seçkinin necə keçiriləcəyi də, nəticələri də bu başdan  bəllidir. Yeni məclisin fərqli olacağını xəyal edənlər də, şübhəsiz ki, xəyal qırıqlığı yaşayacaqlar. Burada yadıma maraqlı bir lətifə düşdü.

Bir kəndli tarlasına ziyan vuranın kim olduğunu öyrənmək üçün gizlənib güdməyə başlayır. Axşam düşəndə qarşıda xışıltı duyur, baxır ki, böyük bir ayıdır. Tarladakı əkindən qoparır, qoxulayır bəyənmədiklərini atır, bəyəndiklərini yeyir. Kəndli çaşıb qalır, hadisə 3-4 axşam belə təkrarlanır. Axırda kəndli dözə bilmir, tüfəng götürüb ayını öldürür. Hadisənin xəbəri rəsmi qurumlara gedir və iş məhkəməyə çıxır. Hakim məhkəmədə soruşur: “Bu heyvanı hansı haqla öldürərsən? Həmin ayı Qırmızı kitaba düşüb, qanunlara görə səni 5 il həbs cəzası gözləyir. Kəndli çaşqın halda hakimdən soruşur: ”Necə olur, möhtərəm hakim, bu heyvan mənim bütün tarlamı məhv edib. Hələ üstümə hücum da çəkmişdi ki, öldürdüm!? Hakim: “Bu qanunu mən yazmadım. Bunu məclisdəkilərə soruşacaqsan, mən yalnız icraçıyam”. Kəndli əlini dizinə vurub deyir: “Bu ayının da məclisdə adamları varsa, heç sözüm yox artıq!”.

Hamı bilir ki, illərdir bu sayaq formalaşan məclislərdən də bənzər qərarlar çıxır. O qərarların xalqa, sadə insanlara, kasıb-kusuba hesablanmış heç bir tərəfi yox. O qərarları düzüb-qoşanlar və təsdiqləyənlər ancaq ordan özlərinə dəyən mənfəətin güdükçüsüdür. Bu üzdən də, lətifədəki kimi əli dara düşən heç bir sadə insan üz tutduğu yerdə haqqını qoruya bilmir. Onun hüququ hər addımda, hər qapıda, hər instansiyada pozulur. Həmin qərarların ölkə insanına verdiyi güzəran, dolanışıq, qazanc, rifah haqqında isə danışmağa belə dəyməz…