Hakim partiyanın rəhbərliyi qurbanlıq namizədləri aldadır
Hakim Yeni Azərbaycan Partiyası (YAP) namizədlər siyahısını açıqlasa da, partiyanın daxilində gərginlik səngiməyib. Əksinə qarşıdurma daha şiddətlənib. Biz hələ ötən saylarımızda məlumat vermişdik ki, YAP-ın ilkin siyahısı mövcud siyahıdan xeyli fərqli olub.
Lakin sonradan əhəmiyyətli dərəcədə dəyişiklik aparılıb. Xeyli iddialı kənarda saxlanılıb. Kənarda saxlanılanlar uzun müddət YAP-da külüng çalanlardır. Məlumatlara görə, həmin şəxslər partiya rəhbərliyindən niyə kənarda saxlanılmalarının izahını soruşurlar. Bəzi iddialara görə, onlardan bir çox YAP-ın qərarı ilə razılaşmayıb namizədliyini müstəqil şəkildə irəli sürmək niyyətindədirlər. Elə bu səbəbdəndir ki, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov vaxtaşırı müstəqil şəkildə namizədliyini irəli sürmək istəyən partiyadaşlarına xəbərdarlıq edir.
Əldə etdiyimiz məlumata görə, YAP-ın üzləşdiyi başqa bir problem qurbanlıq namizədlərlə bağlıdır. Məlum olduğu kimi hakim partiyanın siyahısında bəzi şəxslərin namizədliyi formal xarakter daşıyır. Onların dairələrindən hakimiyyət yaxın başqa şəxslərin dəstəklənəcəyi bildirilir. Məlumatlara görə, qurbanlıq YAP-çılar da bunun fərqində olublar. Bu baxımdan əvvəlcə namizəd olmaq istəməyiblər. Lakin hakim partiyanın rəhbərliyi bu şəxsləri əmin edib ki, seçkidə məhz onlara dəstək veriləcək. Onlara bildirilib ki, bitərəflərdən və kənar partiyalardan deputat görmək istədikləri şəxslərin dairələrindən namizəd irəli sürülməyib. Söhbət YAP-ın namizəd irəli sürmədiyi 7 dairədən gedir. Guya YAP yalnız bu dairələrdən olanlara dəstək verəcək, Ülvi Quliyev, Fuad Muradov, Adil Əliyev və bu kimi digər bitərəflərə dəstək verilməyəcək. Lakin indidən bəllidir ki, bu quru vəddən başqa deyil. YAP 2010-cu ilin parlament seçkilərində olduğu kimi bu dəfə də üzvlərinə xəyanət edəcək. Bu da seçki dövründə YAP üçün əlavə problemə çevrilə bilər.