Əsəddən Türkiyəyə sərt ittihamlar

Suriya diktatoru Ankaranı ABŞ-ın sözçüsü adlandırıb

Suriya diktaru Bəşər Əsəd Türkiyənin ünvanına sərt ittihamlar səsləndirib. Dəməşqdə səfərdə olan Türkiyənin ana müxlaifət partiyası CHP-nin sədr müavini Loğoğlunun başçılıq etdiyi heyətli qəbul edən Əsəd bildirib ki, Türkiyə-Suriya dostluğunu ABŞ-ın maraqlarına uyğun gəlmədiyi üçün rəsmi Vaşinqton bu münasibətlərin pisləşməsinə çalışır.

Ankaranın Obamanın sözşüsü kimi davrandığını söyləyən Əsəd Suriya polisinin və əsgərlərinin ictimai hadisələrlə bağlı təhsili olmadığı üçün hakimiyyət əleyhinə keçirilən aksiyalarda çox qan axıdıldığını bildirib. Bəşər Əsəd türkiyəli qonaqlarla görüşü zamanı Suriya müxlalifətinin əlində Türkiyə istehsalı olan silahlar aşkarlandığını və Ankaranın silahlı etirazçılara hərbi dəstək verdiyini söyləyib.

Bu arada Suriyaya qarşı sanksiyaların qəbuluna və Əsəd rejiminə yönəlik sərt addımların atılmasının əleyhinə olan Rusiya da bu mövqeyindən geri çəkilib. Kreml rəhbəri Dmitri Medvedyev Suriya diktatoru Bəşər Əsədə sələnərək söz verdiyi islahatları yerinə yetirməyə, əks təqdirdə isə hakimiyyətdən getməyə çağırıb.

Kürd müxalifətinin lideri, yeni formalaşdırılmış Suriya Milli Şurasının üzvü Maşal Tammonun öldürülməsindən sonra ABŞ Bəşər Əsədi “elə indicə istefa verməyə” çağırıb. “Əsəd öz ölkəsini bu təhlükəli yolda daha uzağa aparmadan istefa verməlidir”, – deyə Ağ Evin mətbuat katibi Cey Karni bildirib.

Suriyanın SANA xəbər agentliyi isə Maşal Tammonun terror qruplaşması tərəfindən öldürüldüyü barədə xəbər yayıb. Yerli insan haqları müdafiəçiləri isə onun hökumətin hərbi qüvvələri tərəfindən qətlə yetirildiyini iddia edirlər.

Xatırladaq ki, Bəşər Əsəd rejimi ölkədə altı aydır davam edən nümayişləri zorakı üsullarla yatırmağa çalışır. BMT etirazlar nəticəsində təxminən 2900 insanın öldütünü bildirib. Suriyalı fəallar cümə günü ölkənin müxtəlif yerlərində keçirilən ənənəvi etiraz aksiyaları zamanı ən azı 7 nümayişçinin hökumət qüvvələri tərəfindən öldürüldüyünü açıqlayıb.