abs-azerbaycan2

Hakimiyyətin ABŞ-la bağlı ikili standartı

abs-azerbaycan2Üzdə Qərbi söyən iqtidar nümayəndələri görüşlərdə Vaşinqtonun ölkəmizlə bağlı müsbət addımlarından danışırlar

Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov sentyabrın 17-da ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və ABŞ-ın Beynəlxalq Inkişaf Agentliyinin (USAID) Bakıdakı nümayəndəliyinin yeni rəhbəri xanım Mikaela Meredis ilə görüşüb.

Rəsmi mətbuat bu görüşə böyük diqqət ayırıb. Görüşdən verilən materiallarda bildirilir ki, Əli Həsənov Qarabağ problemindən danışarkən deyib ki, ilk növbədə, ATƏT-in Minsk qrupunun üzvləri öz qətiyyətlərini ortaya qoymalıdırlar, öz aralarında bu məsələni həll etməlidirlər, yəni, ABŞ və Fransa bu problemin həlli üçün Rusiya ilə danışmalıdır.

Daha sonra Əli Həsənov diqqətə çatdırıb ki, USAID ilə Azərbaycan hökuməti arasında hər zaman sıx münasibətlər olub. Biz onların layihələrinin icrasına bütün köməyi etmişik və edəcəyik. Son 20 ildə ölkədə həyata keçirilən humanitar proqramların həcmi təxminən 1 milyard dollardan çoxdur. Onun 460 milyon dolları ABŞ-ın müxtəlif dövlət qurumları və bu ölkənin QHT-ləri tərəfindən həyata keçirilən proqramların payına düşür. Bir sözlə, son 20 ildə ölkəyə yönəldilmiş humanitar vəsaitin 50 faizi ABŞ-ın payına düşür. Bu vəsaitlərin hamısı Azərbaycan hökumətinin prioritetinə uyğun sərf edilib. Biz bu köməyi hər zaman yüksək qiymətləndiririk. Əgər vaxtilə bunlar olmasaydı bizim üçün çox çətin olardı.

Bundan bir neçə gün əvvəl isə rəsmi mətbuat anti-ABŞ kampaniyası çərçivəsində Vaşinqtonun əleyhinə sərt ittihamlarla dolu məqalələr yayımlayıb. Belə yazılar indi də dövlət qəzetlərində və hakimiyyətin nəzarətində olan media orqanlarında dərc olunur. Maraqlıdır ki, qəzetlərdə, telekanallarda ABŞ-ı ikili standartda, Yaxın Şərqi qana boyamaqda, hətta bəzən terrorda ittiham edən Azərbaycan hakimiyyəti bağlı qapılar arxasında bu ölkənin Azərbaycanın xeyrinə atdığı addımlardan danışır, ondan Qarabağ məsələsində yardım istəyir və s. Əli Həsənovun Robert Sekuta və Mikaela Meridislə görüşü dediklərimizə nümunə ola bilər.

Ekspertlər hakimiyyətin bu ziddiyyətli addımını şərh edərkən bildirib ki, iqtidarın anti-Qərb kampaniyası daxili auditoriyaya hesablanıb. “Iqtidar bununla cəmiyyətə nümayiş etdirmək istəyir müstəqil siyasət yürüdür və böyük güclərdən çəkinəcəyi yoxdur. Bu cəmiyyətdə Azərbaycan hakimiyyətinin güclü olması rəyin möhkəmlənməsinə xidmət edir. Əslində isə bu deyil. Hakimiyyətin Qərblə təmaslara, Qərbin demək olar əksər sahələrdə yardımına ehtiyacı var. Xüsusilə Qarabağ prolleminin həlli üçün Qərbin dəstəyini qazanmaq zəruridir. Çünki Rusiyanın istənilən halda Ermənistanı dəstəklədiyi bəllidir”, – deyə ekspertlər bildirib.