Banklar birləşir, yoxsa monopoliyalaşır?

Nemət Əliyev: «Görünür, bu sektorda monopolist mövqeyində olan banklar kimlərinsə bunların «əl-ayağına dolaşdığını» düşünür»

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar Ismayılov ölkədə bankların konsolidasiyasının vacibliyindən danışıb. O, ölkənin bank sektorunda 20 bank təşkilatının fəaliyyət göstərməsinin bazar üçün kifayət olduğunu deyib. Qeyd edək ki, hazırda Azərbaycanda 44 bank təşkilatı fəaliyyət göstərir.
Azərbaycanda hər hansı sektorda bu kimi birləşmələr bir qayda olaraq monopolistlərin maraqlarına xidmət edir. Misal kimi tikinti sektorunu göstərmək olar. Bu sahədə şirkətlərin birləşməsi bir çox iş adamlarının müflis olmasına, xeyli adamın iş yerini itirməsinə səbəb oldu. Bəs bankların birləşməsi ölkəyə nə verəcək?
Iqtisadçı-ekspert Nemət Əliyev bunu bazar iqtisadiyyatına uyğun olmayan bir məsələ kimi qiymətləndirdi. Çünki bazar iqtisadiyyatı prinsiplərində hər şeyi fərdlər yox, tələb və təklif müəyyənləşdirir: “Yalnız Banklar Assosiasiyasının rəhbərinin düşüncəsinə görə ölkədə bank xidməti göstərmək üçün 20 bank yetərlidir. Azərbaycanın bəlası odur ki, iqtisadiyyatda nəyin hansı qədərdə və ölçüdə olmasını ancaq məmurlar müəyyənləşdirə bilərlər. Amma bu, bazar iqtisadiyyatı prinsiplərinə tamamilə yad olan məsələdir. Bazar iqtisadiyyatı prinsiplərində hər şeyi tələb və təklif müəyyənləşdirir”.
Ekspertin sözlərinə görə, Mərkəzi Bank müəyyən kriterilər ortaya qoya bilər. Həmin kriterilərə cavab verən banklar fəaliyyət göstərməlidir. Bankların sayını isə imkanlar və tələb-təklif müəyyən etməlidir: “Görünür, monopoliyanın, rüşvət və korrupsiyanın Azərbaycana gətirəcəyi fəsadlar daha da böyüyəcək. Hələ Azərbaycan xalqı belə dürlü-dürlü bəyanatları çox eşitməli olacaq. Bu cür bəyanatlar əsassızdır. Sadəcə olaraq bankların fəaliyyətinə imkanlar yaradılmalıdır. Görünür, bank sektorunda monopolist mövqeyində olan banklar hansısa bankların bunların ”əl-ayağına dolaşdığını” düşünür. Çox güman ki, bunların sıradan çıxarmaq istədikləri banklar nisbətən sərbəst, qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərən banklardır”.
Ekspertin fikrincə, bank sektoruna maneçilik törədən bütün hallar aradan qaldırılmalıdır. Banklar üçün müəyyən edilən kriterilərə cavab verən bütün bankların fəaliyyətinə yaşıl işıq yandırılmalıdır ki, onlar da əhaliyə səmərəli və yüksək keyfiyyətli bank fəaliyyəti göstərə bilsinlər.

Fizzə